Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Silikon Vadisindən Şuşaya:
Silikon Vadisindən Şuşaya:
Ana səhifə

Silikon Vadisindən Şuşaya: Uğurun görünməyən coğrafiyası

Xpress.az Redaksiyası 20.08.2026 09:49

Tarixə diqqətlə baxanda qəribə bir qanunauyğunluq görünür: böyük insanlar sanki təsadüfi şəkildə dünyaya səpələnmirlər. Bəzən bir şəhər, bir ölkə, hətta bir neçə onillik elə məhsuldar olur ki, insan düşünür: nə baş verdi ki, məhz burada və məhz bu dövrdə bu qədər istedad bir araya gəldi?

Doğrudanmı, Afinanın havasında fəlsəfə olub?

Nə üçün Sokrat, Platon və Aristotel kimi dünya düşüncəsinin istiqamətini dəyişən filosoflar bir-birinə bu qədər yaxın zaman və coğrafiyada meydana çıxıblar?

Nəyə görə intibah dövrünün Florensiyası Leonardo da Vinçi, Mikelancelo, Rafael, Bottiçelli kimi sənətkarları eyni mədəni atmosferdə yetişdirə bilib?

Nə üçün Kant, Hegel, Şopenhauer və Nitsşe kimi filosofların meydana gəldiyi alman düşüncə mühiti başqa bir əsrdə deyil, məhz həmin tarixi mərhələdə bu qədər məhsuldar olub?

Nə üçün Tolstoy, Dostoyevski, Turgenev, Çexov kimi yazıçılar rus ədəbiyyatının eyni böyük dalğasının içindən çıxıblar?

XX əsrin sonlarına yaxın başqa bir coğrafiyaya baxırıq. Kaliforniyada kiçik bir ərazidə kompüter mühəndisləri, proqramçılar, investorlar və xəyalpərəst gənclər toplaşmağa başlayır. Bir müddət sonra Steve Jobs, Steve Wozniak, Bill Gates, Paul Allen, Larry Page, Sergey Brin, Mark Zuckerberg və yüzlərlə başqa texnologiya sahibkarının adı eyni inkişaf hekayəsinin müxtəlif səhifələrində görünür.

Bu qədər uyğunluğun hamısını yalnız “istedad” sözü ilə izah etmək çətindir.

Bəlkə məsələ yalnız insanlarda deyil? Bəlkə dahilərin də bir iqlimi var?

İnsan yalnız öz qabiliyyətinin məhsulu deyil

Biz uğur haqqında danışarkən çox vaxt fərdin şəxsi keyfiyyətlərini ön plana çəkirik: zəka, zəhmət, iradə, intizam, məqsədyönlülük...

Əlbəttə ki, bunların hər biri vacibdir.

Amma bir insanın taleyini yalnız onun daxilində axtarmaq mənə həmişə natamam yanaşma kimi görünür.

Çünki eyni dərəcədə istedadlı iki insanı tamam fərqli mühitlərə yerləşdirsəniz, iyirmi ildən sonra qarşınızda tamam fərqli iki həyat görə bilərsiniz.

Birinin qarşısına müəllim çıxacaq, digərinin qarşısına maneə. Birinə kitab veriləcək, digərinə “sən bunu bacarmazsan” deyiləcək.

Birinin səhvinə inkişaf mərhələsi kimi baxılacaq, digərinin ilk məğlubiyyəti son hökmə çevriləcək.

Deməli, insanın potensialı yalnız onun daxilindəki imkanlarla ölçülmür. Həmin imkanları oyadan və ya yatızdıran mühit də nəticənin bir hissəsidir.

Psixologiya və sosiologiya bunu müxtəlif anlayışlarla çoxdan izah edir.

Albert Bandura insan davranışının yalnız şəxsi xüsusiyyətlərin nəticəsi olmadığını, insanın, davranışın və mühitin qarşılıqlı şəkildə bir-birinə təsir etdiyini göstərirdi. Lev Vıqotski insanın inkişafında sosial münasibətlərə və daha bilikli insanlarla qarşılıqlı fəaliyyətə xüsusi əhəmiyyət verirdi. Urie Bronfenbrenner isə insanın ailədən məktəbə, sosial mühitdən ümumi mədəniyyətə qədər bir-birinin içində yerləşən sistemlərin təsiri altında formalaşdığını izah edirdi.

Sosioloq Pierre Bourdieu başqa bir mühüm məsələyə diqqət çəkirdi: insan yalnız maddi kapitala malik olmur. Onun mədəni kapitalı, sosial əlaqələri, dünyanı anlama üsulu, danışdığı dil, tanıdığı insanlar və daxil olduğu çevrələr də gələcək imkanlarını müəyyənləşdirir.

Başqa sözlə, uğur təkcə “məndə nə var?” sualının cavabı deyil. Bəzən daha mühüm sual budur: Mən nəyin içindəyəm?

Afina niyə üç böyük filosof yetişdirdi?

Sokratın meydana çıxmasını yalnız Sokratın şəxsi zəkası ilə izah etsək, əsas mənzərənin yarısını itirərik. O dövrün Afinasında meydanlar, siyasi mübahisələr, ritorika məktəbləri, teatr, hüquq, demokratiyanın ilkin təcrübələri, müharibələr və cəmiyyətin gələcəyi barədə böyük suallar vardı.

İnsanlar danışırdılar, mübahisə edirdilər, suallar verirdilər, bir-birlərinə etiraz edirdilər.

Belə bir şəhərdə düşünmək sadəcə fərdi məşğuliyyət deyildi. Düşüncə ictimai həyatın bir hissəsinə çevrilmişdi. Sokrat suallar verdi. Platon həmin sualları böyük fəlsəfi sistemə çevirdi. Aristotel isə Platonun məktəbindən çıxaraq öz müəlliminin fikirlərini belə tənqid etməkdən çəkinmədi.

Böyük fikir çox vaxt başqa böyük fikrin yaxınlığında böyüyür. Çünki güclü düşüncə rəqib düşüncə istəyir.

Məncə, intellektual tənhalıq müəyyən həddə qədər məhsuldardır. Lakin böyük məktəblər, böyük elmi sıçrayışlar və böyük mədəni hərəkatlar çox vaxt insanların bir-birini oyatdığı zaman yaranır.

Florensiyanın sirri yalnız Leonardo deyildi

Leonardo da Vinçi dahi idi, Mikelancelo da, Rafael də. Amma bəlkə də daha maraqlı sual budur: niyə bu qədər dahi eyni mədəni coğrafiyada görünürdü?

Çünki onların arxasında görünməyən böyük bir sistem vardı. Rəssam vardı, Alancaq rəssama boya hazırlayan sənətkar da vardı. Heykəltəraş vardı, ancaq ona mərmər gətirən ticarət sistemi də vardı. Memar vardı, ancaq layihəni maliyyələşdirən varlı ailələr və sifarişçilər də vardı. Sənətkar vardı, amma onun əsərinə qiymət verə biləcək mədəni auditoriya da vardı.

Məsələyə bu prizmadan yanaşsaq, görərik ki, bir Leonardo yaratmaq üçün yalnız Leonardo kifayət etmir. Leonardonun qarşısına qoyulacaq problemlər, onu maliyyələşdirəcək insanlar, onunla rəqabət aparacaq sənətkarlar, ona material hazırlayacaq ustalar və onun əsərinin böyüklüyünü anlayacaq cəmiyyət də lazımdır.

Bəzən tarixin səhnəsində bir nəfərin adını görürük, amma pərdə arxasında minlərlə insan dayanır.

Silikon Vadisinin əsas məhsulu kompüter deyil

Silikon Vadisi haqqında danışanda adətən şirkətlərin adlarını sadalayırıq: Apple. Google, Facebook, Intel, Hewlett-Packard.

Amma həmin coğrafiyanın ən böyük məhsulu heç də yalnız texnologiya olmayıb.

Onun ən böyük məhsullarından biri mühitdir.

Orada universitet var. Kapital var, risk etməyə hazır investor var, texniki bilik var, uğursuz olmuş sahibkara ikinci dəfə şans verən mədəniyyət var, bir şirkətdən ayrılıb başqa şirkət quran mühəndislər var, kafedə oturub gələcəyin texnologiyasını müzakirə edən insanlar var. Ən əsası isə istedadlı insanın yaxınlığında başqa istedadlı insanlar var.

Bu zaman qəribə proses başlayır. Güclü insan güclü insanı özünə çəkir. Yaxşı mühəndis başqa yaxşı mühəndislə işləmək istəyir. Yaxşı tələbə yaxşı müəllim axtarır. Yaradıcı insan yaradıcı mühitə yaxınlaşır. Beləcə əvvəlcə insanlar mühit yaradır, bir müddətdən sonra isə həmin mühit yeni insanlar yetişdirir.

Səbəb nəticə yaradır, nəticə yenidən səbəbə çevrilir. Uğurun özünü çoxaltmasının sirri bəlkə də buradadır.

Bəs Azərbaycan?

Bu sualı öz tariximizə verdikdə də maraqlı mənzərə ilə qarşılaşırıq.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda qəribə dərəcədə sıx bir intellektual canlanma yaranmışdı.

Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir.l, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Məhəmməd Hadi, Firidun bəy Köçərli...

Bu insanların hər biri ayrı-ayrılıqda böyük şəxsiyyətdir. Lakin onları yalnız fərdi bioqrafiyalar şəklində oxuyanda daha böyük bir həqiqəti nəzərdən qaçıra bilərik.

Onlar bir-birini görən, oxuyan, tənqid edən və tamamlayan bir dövrün insanları idilər.

Mətbuat inkişaf edirdi, yeni məktəblər açılırdı.

Tiflis, Bakı, Gəncə, Şuşa, Naxçıvan və digər mərkəzlər arasında intellektual əlaqələr yaranırdı.

“Əkinçi”dən başlayan maarifçilik xətti sonradan “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanlarında müxtəlif istiqamətlərdə inkişaf edirdi.

Bir tərəfdə satira vardı, bir tərəfdə romantizm. Bir tərəfdə türkçülük və modernləşmə ideyaları, bir tərəfdə Avropa maarifçiliyinin təsiri, bir tərəfdə milli kimliyin axtarışı. Fikirlər toqquşurdu. Və məhz həmin toqquşmadan yeni Azərbaycan düşüncəsi doğurdu.

Gəlin, etiraf edək ki, Cəlil Məmmədquluzadəni Sabirsiz düşünmək çətindir. Sabiri dövrün ictimai problemlərindən ayırmaq mümkün deyil. Yaxud da Üzeyir Hacıbəylinin yaradıcılığını yalnız musiqi istedadı ilə izah etmək azdır, onun arxasında bütöv bir maarifçilik və modernləşmə dalğası dayanırdı. Açığı desək, Hüseyn Cavid də boşluqda yaranmamışdı. Dövr özü sual verirdi. Onlar həmin suallara müxtəlif dillərdə cavab verirdilər. Biri publisistika ilə, biri musiqi ilə, biri şeirlə, biri teatrla.l, biri siyasi fəaliyyətlə...

Azərbaycan Xalq Cümhuriyyəti də bir insanın əsəri deyildi

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına da yalnız bir və ya iki tarixi şəxsiyyətin uğuru kimi baxmaq düzgün olmazdı.

Məhəmməd Əmin Rəsulzadə vardı, amma Əlimərdan bəy Topçubaşov da vardı. Və ya Fətəli xan Xoyski vardı, Nəsib bəy Yusifbəyli vardı, Həsən bəy Ağayev vardı, Xəlil bəy Xasməmmədov vardı.

Parlamentdə müxtəlif siyasi baxışları təmsil edən onlarla savadlı insan vardı.

Bu insanların hamısı eyni fikirdə deyildi. Əksinə, tarixə baxsaq, aydın görmək olar ki, onlar çox məsələdə mübahisə edirdilər. Lakin böyük tarixi dəyişiklik üçün bəzən məhz bu lazımdır.

Bir ölkə üçün ən təhlükəli vəziyyət insanların mübahisə etməsi deyil. Ən təhlükəli vəziyyət mübahisə etməyə dəyər fikir qalmamasıdır.

Azərbaycan Xalq Cümhuriyyətini yaradan nəslin böyük üstünlüklərindən biri onların dünyaya açıq olması idi. İstanbul, Moskva, Peterburq, Paris və Avropanın müxtəlif şəhərləri ilə intellektual əlaqələri vardı. Hüquq, siyasət, mətbuat, diplomatiya və maarifçilik sahəsində təcrübə toplamışdılar. Başqa sözlə desək, 1918-ci ildə birdən-birə bir dövlət yaranmadı.

Onillərlə yetişən intellektual mühit bir gün siyasi nəticəyə çevrildi.

Bu, çox mühüm fərqdir. Tarixdə bəzən gördüyümüz hadisə nəticədir, amma biz onu səbəb hesab edirik.

Şuşanın fenomeni

Azərbaycan tarixində Şuşa da bu baxımdan ayrıca düşünməyə dəyər. Necə olur ki, nisbətən kiçik bir şəhər belə böyük mədəni enerji yarada bilir? Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev...

Bəlkə şəhərlərin də görünməyən intellektual yaddaşı olur?

Bir uşaq hər gün musiqi eşidirsə, şeir məclisi görürsə, savadlı insanların söhbətinə şahid olursa, qarşısında nümunə kimi sənətkarlar dayanırsa, onun üçün “böyük olmaq” əlçatmaz möcüzə kimi görünmür. Bu məqam son dərəcə əhəmiyyətlidir. İnsan yalnız gördüyünü

təkrarlamır. Gördüyünün mümkün olduğuna inanmağa başlayır.

Bəzən mühitin insana verdiyi ən böyük üstünlük pul və ya bilik deyil, mümkünlük hissidir.

Uğurun psixoloji yoluxuculuğu

Psixoloq Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi göstərirdi ki, insanlar yalnız şəxsi təcrübələrindən deyil, başqalarını müşahidə etməklə də öyrənirlər. Düşünün: Bir uşağın ətrafında universitet oxuyan heç kim yoxdursa, universitet onun üçün uzaq anlayış ola bilər.

Amma ailədə, küçədə və məktəbdə universitet tələbələri görürsə, beynində başqa bir norma yaranır: “Deməli, bunu etmək mümkündür.”

Eyni proses peşə seçimində də işləyir. Bir məktəbdən bir nəfər beynəlxalq olimpiadada qalib gələndə hadisə həmin bir şagirdlə bitmir. Ondan sonra gələn uşaqların düşüncəsində görünməz bir sərhəd dağılır. “Bizdən də olar.”

Bu dörd söz bəzən böyük sosial dəyişikliklərin başlanğıcıdır.

Sosioloq Robert Merton elm dünyasında “Matthew effect” adlandırdığı hadisədən danışırdı: müəyyən üstünlük qazanan insanlar və qurumlar sonradan daha çox imkan əldə edir, bu imkanlar isə yeni uğurlar doğurur.

Əslində bu prinsip şəhərlərə və ölkələrə də tətbiq edilə bilər.

Yaxşı universitet yaxşı professoru cəlb edir. Yaxşı professor yaxşı tələbəni, yaxşı tələbə yaxşı layihəni, yaxşı layihə maliyyəni. Maliyyə yeni laboratoriyanı, laboratoriya yeni alimi.

Bir müddətdən sonra sistem özü-özünü qidalandırmağa başlayır.

Uğur yığılır. Eynilə uğursuzluq da yığıla bilər.

Kimlərlə oturub-durduğumuz təsadüfi məsələ deyil

İnsan davranışının ən maraqlı xüsusiyyətlərindən biri sosial uyğunlaşmadır.

Ətrafımızdakı insanların normalarını çox vaxt fərqinə varmadan qəbul edirik.

Bir mühitdə kitab oxumaq adi haldırsa, oxumayan adam özünü narahat hiss edir.

Başqa mühitdə kitab oxumaq qəribə sayılırsa, bu dəfə oxuyan adam özünü izah etməli olur.

Bir kollektivdə gecikmək ayıbdır, başqa kollektivdə vaxtında gəlmək qəribədir.

Bir dost çevrəsində insanlar yeni ideyalardan danışırlar, başqa çevrədə bütün söhbət başqalarının həyatının müzakirəsindən ibarətdir.

İnsan uzun müddət hansı söhbətin içində qalırsa, bir müddətdən sonra həmin söhbət onun düşüncəsinin sərhədlərini müəyyənləşdirməyə başlayır. Ona görə həyatımızda çox vacib bir sual var: Ən çox vaxt keçirdiyim insanlar məni hansı istiqamətə aparırlar?

Bu sual bəzən “məqsədin nədir?” sualından da vacibdir. Çünki məqsədinizi siz müəyyən edə bilərsiniz, amma gündəlik mühitiniz sizi yavaş-yavaş başqa istiqamətə sürükləyə bilər.

İstedad toxumdursa, hər torpaq onu ağaca çevirə bilmir

İnsan inkişafını bir ağacın böyüməsinə bənzətmək mümkündür. Burada ən azı dörd amil var: potensial, mühit, qayğı və zamanın ruhu.

Potensial insanın daxilində gətirdiyi imkanlardır.

Zəka, temperament, musiqi duyumu, dil qabiliyyəti, fiziki xüsusiyyətlər, təbii maraq.

Ancaq ən yaxşı toxumu belə daşın üstünə qoysanız, ağac olmayacaq.

Mühit həmin toxumun düşdüyü torpaqdır.

Ailə, məktəb, müəllim, dostlar, şəhər, iş yeri, kitablar, internetdə izlədiyimiz insanlar.

Qayğı isə potensialın işlənməsidir.

Təhsil, intizam, düzgün istiqamətləndirmə, məşq, tənqid, təşviq. Bəzən də insanın özünün özünə göstərdiyi qayğı.

Dördüncü amil isə dövrün ümumi iqlimidir.

Cəmiyyət nəyi mükafatlandırır?

Elmimi? Şöhrətimi? Əməyimi? Asan qazancımı? Yaradıcı fikrimi? İtaətimi? Sual verməyimi?

Cəmiyyətin verdiyi cavab uşaqların gələcək arzularını belə dəyişir.

Eyni toxum, fərqli torpaq

Təsəvvür edin ki, fövqəladə riyazi qabiliyyəti olan iki uşaq dünyaya gəlir. Birinin məktəbində güclü riyaziyyat müəllimi var. Müəllim onun istedadını görür, olimpiadaya hazırlayır, kitab verir, universitet müəllimi ilə tanış edir.

Uşaq özündən güclü şagirdlərlə yarışır, məğlub olur, yenidən çalışır. Bir neçə ildən sonra beynəlxalq səviyyəyə yüksəlir.

Digər uşaqda da eyni potensial var. Ancaq heç kim bunu görmür, dərslər ona darıxdırıcı gəlir, müəllim suallarından bezir. Ailəsi onun başqa sahəyə yönəlməsini istəyir. Ətrafında onun marağını bölüşən heç kim yoxdur.

On beş ildən sonra biz birinci insan haqqında “dahi” deyəcəyik. İkinci insan haqqında isə heç vaxt xəbərimiz olmayacaq.

Ən düşündürücü məsələ də budur: Bəlkə tarix heç vaxt tanımadığı dahilərlə doludur.

Onların problemi istedadsız olmaları deyildi. Sadəcə doğru şəraitlə qarşılaşmadılar.

Niyə bəzi məktəblər davamlı olaraq uğurlu şagird yetişdirir?

Bir məktəbdən hər il yüksək nəticəli şagirdlərin çıxması yalnız “təsadüfən yaxşı uşaqlar düşüb” izahı ilə açıqlana bilməz. Orada müəyyən mədəniyyət formalaşır. Əvvəlki şagirdlərin uğuru sonrakı şagirdlər üçün norma yaradır.

Müəllimlərin gözləntiləri yüksəlir. Şagirdlərin bir-birindən gözləntiləri yüksəlir. Məktəbin özünə inamı artır. Bir il əvvəl rekord sayılan nəticə növbəti il adi nəticəyə çevrilir. İnsanların imkanları dəyişməmiş ola bilər. Amma normaları dəyişib.

Məncə, təhsil sistemində ən çox diqqətdən qaçan məsələlərdən biri də budur. Uşağa yalnız məlumat öyrətmirik. Ona “normal olan nədir?” sualının cavabını da öyrədirik. Bir sinifdə 60 bal normaldırsa, 80 bal böyük nəticə kimi görünür. Başqa sinifdə 90 bal normaldırsa, 80 alan şagird daha çox çalışmağa başlayır. Deməli, insanı bəzən qabiliyyətindən çox, içində yaşadığı standart böyüdür.

Dahi insanı axtarmaq əvəzinə dahi mühit yaratmaq

Bir ölkə “bizdən niyə Nobel mükafatçıları az çıxır?” deyə soruşa bilər.

Bu sualın arxasınca başqa suallar gəlməlidir: Laboratoriyalarımız necədir? Universitetlərimiz hansı səviyyədədir? Gənc alim səhv etməkdən qorxurmu? Yaxşı tədqiqatçıya azadlıq verilirmi? Elm adamları bir-biri ilə əməkdaşlıq edə bilirlərmi? İstedadlı gənc ölkədə qalmaq üçün səbəb görürmü? Tədqiqatçı bütün enerjisini gündəlik məişət problemlərinə sərf edir, yoxsa düşünməyə vaxtı qalır?

Çünki Nobel mükafatçısını sifarişlə yaratmaq mümkün deyil. Amma Nobel mükafatçısının yetişə biləcəyi mühiti yaratmaq mümkündür.

Eyni fikir ədəbiyyata da aiddir, idmana da, biznesə də, dövlət idarəçiliyinə də, təhsilə də.

Üç səviyyəli uğur mühiti

Bu baxımdan uğurun formalaşdığı mühiti üç səviyyədə düşünmək olar.

Birinci səviyyə cəmiyyət səviyyəsidir.

Ölkənin hüquq sistemi, iqtisadiyyatı, universitetləri, mədəniyyəti, azad düşüncəyə münasibəti, elmə və təhsilə verdiyi dəyər burada həlledici rol oynayır.

İkinci səviyyə qurum səviyyəsidir.

Bir universitet, bir məktəb, bir şirkət, bir redaksiya, bir elmi institut.

Bəzən bütöv ölkənin imkanları orta səviyyədə olsa belə, ayrı-ayrı qurumlar öz daxilində fövqəladə yaradıcı mühit yarada bilir.

Üçüncü səviyyə isə mənim fikrimcə ən praktik olanıdır: şəxsi mikro-mühit.

İnsan həmişə ölkəsini dəyişdirə bilmir. Bəzən işlədiyi qurumu da dərhal dəyişdirə bilmir. Amma kimlərlə ünsiyyət quracağını, nə oxuyacağını, kimi dinləyəcəyini, hansı söhbətlərin içində olacağını müəyyən həddə qədər özü seçə bilir.

Beş yaradıcı insanın müntəzəm görüşməsi belə kiçik intellektual məktəb yarada bilər.

İki gənc alimin hər həftə bir məqaləni birlikdə müzakirə etməsi illər sonra böyük nəticələr verə bilər. Üç müəllimin bir araya gəlib yeni tədris metodlarını sınaqdan keçirməsi kiçik bir məktəbdən böyük pedaqoji ənənə yarada bilər.

Böyük sistemləri dəyişmək çətindir, kiçik sistem qurmaq isə mümkündür. Unutmaq olmaz ki, böyük dəyişikliklərin çoxu elə kiçik sistemlərdən başlayır.

Tarixin bizə verdiyi ən vacib dərslərdən biri

Dahilərə heyran qalmaq asandır, dahini yetişdirən şərtləri görmək isə daha çətindir. Biz Leonardo haqqında danışırıq, Florensiyanı unuduruq. Sokrat haqqında danışırıq, Afinanı unuduruq. Steve Jobs haqqında danışırıq, Silikon Vadisini unuduruq. Üzeyir Hacıbəyli haqqında danışırıq, onu yetişdirən maarifçilik mühitini unuduruq. Rəsulzadə haqqında danışırıq, həmin nəslin bütöv intellektual şəbəkəsini unuduruq. Əziz Səncərin böyük elmi uğuruna baxırıq, amma həmin uğurun arxasında illərlə təhsil, laboratoriya, müəllim, elmi rəqabət və beynəlxalq akademik sistem olduğunu çox vaxt görmürük.

Halbuki böyük uğurların arxasında görünməyən insanların, institutların və münasibətlərin izi olur.

Buna görə də məncə, uğurun ən düzgün formulu yalnız “çox çalış” deyil. Daha dəqiq formula belədir: özünü inkişaf etdir, amma eyni zamanda səni inkişaf etdirəcək mühiti də qur. Çünki güclü insan pis mühitdə uzun müddət mübarizə apararaq müəyyən nəticəyə çata bilər. Amma güclü insan güclü mühitə düşəndə başqa miqyas yaranır. Birinci halda qəhrəmanlıq hekayəsi yaranır, ikinci halda isə məktəb yaranır.

Ən böyük fərq də budur. Bizə tək-tək qəhrəmanlardan daha çox yeni qəhrəmanlar yetişdirə bilən sistemlər lazımdır.

Bir Əziz Səncərin hekayəsi insanı qürurlandırır.

Amma əsas sual başqa olmalıdır: Elə bir mühit qura bilərikmi ki, bir istisnanın yerinə onlarla Əziz Səncər yetişsin?

Bir böyük yazıçının çıxması gözəldir, amma bir-birini yetişdirən yazıçılar nəslinin meydana gəlməsi daha böyük hadisədir. Bir uğurlu şagird sevindiricidir, amma uğurun adiləşdiyi məktəb yaratmaq daha qiymətlidir. Bir yaxşı alim vacibdir, amma yaxşı alimlərin bir-birini tapdığı elmi mühit daha qiymətlidir.

Bəlkə də inkişaf etmiş cəmiyyətlə inkişaf etməkdə olan cəmiyyət arasındakı əsas fərqlərdən biri məhz burada gizlənir: birincilər yalnız istedad axtarmırlar, istedadın çoxala biləcəyi şərait yaradırlar.

Sonda isə məsələ yenə insanın özünə qayıdır.

Hamımız ölkənin taleyini dəyişdirə bilmərik. Hamımız universitet qura bilmərik. Hamımız böyük şirkət yarada bilmərik. Amma hər birimiz öz ətrafımızda kiçik bir “uğur adası” yarada bilərik: Ailəmizdə, sinifimizdə, kafedramızda, iş yerimizdə, dost çevrəmizdə, övladlarımızın həyatında.

Bəzən böyük ağac yetişdirmək istəyirik, amma bütün diqqətimizi toxuma veririk. Halbuki toxumun nə qədər yaxşı olmasından asılı olmayaraq, onun taleyini torpaq, su, işıq və iqlim də müəyyən edir.

İnsan da belədir. İstedad başlanğıcdır, mühit istiqamətdir, təhsil və zəhmət inkişafdır, mədəniyyət isə bütün bunların nəfəs aldığı havadır. Ona görə bəlkə də övladımıza, tələbəmizə və ya özümüzə verəcəyimiz ən ağıllı sual: “Sən nə qədər istedadlısan?” deyil. Əsl sual budur: “Sənin içində olan yaxşı nə varsa, onu böyüdə biləcək bir mühitin varmı?”

Yoxdursa, onu axtarmaq lazımdır. Tapılmırsa, qurmaq lazımdır. Çünki tarix göstərir ki, böyük insanlar bəzən təsadüfən doğulur. Amma böyük nəsillər təsadüfən yaranmır.

Yunis Xəlilov

hüquqşünas-jurnalist

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək