Kibrit fabriklərində işçiləri ölümə aparan peşə xəstəliyi
XIX əsrin sonu və XX əsrin əvvəllərində kibrit istehsalında ağ fosfordan istifadə minlərlə işçinin ağır xəstəliyə tutulmasına səbəb olub. “Fossi çənə” kimi tanınan bu peşə xəstəliyi xüsusilə kibrit fabriklərində çalışan qadınlar arasında geniş yayılıb.
Ucuz və asan əldə olunduğu üçün həmin dövrdə kibrit istehsalında ağ fosfordan geniş istifadə edilirdi. İşçilər uzun saatlar ərzində fosforla təmasda olur, onun buxarına məruz qalırdılar. Bu isə zamanla ciddi sağlamlıq problemlərinə səbəb olurdu.
“Fossi çənə” adətən diş və diş əti ağrıları ilə başlayırdı. Xəstəlik irəlilədikcə çənə sümüyündə ağır nekroz və infeksiya yaranır, toxumalar məhv olurdu. Müalicə olunmayan ağır hallarda xəstəlik həyati təhlükə yarada bilirdi.
Tarixi mənbələrdə xəstəliyin ən xarakterik əlamətlərindən biri kimi çənə sümüyünün qaranlıqda zəif, yaşılımtıl parıltı verməsi də qeyd olunur. Ağır hallarda xəstələnmiş sümük toxumasının cərrahi yolla çıxarılması tələb oluna bilirdi.
Kibritçi qızların mübarizəsi
1888-ci ildə Londonda 1400-dən çox kibrit fabrikinin işçisi əmək şəraitinə və aşağı əməkhaqqına etiraz edərək tətilə çıxdı. “Kibritçi qızlar tətili” kimi tarixə düşən bu hadisə Britaniyada fəhlə hərəkatının inkişafında mühüm mərhələlərdən biri hesab olunur.
İşçilərin mübarizəsi və ictimai təzyiq nəticəsində kibrit istehsalında ağ fosforun istifadəsinin məhdudlaşdırılması və sonradan qadağan edilməsi istiqamətində addımlar atıldı. 1906-cı ildə imzalanan Bern Konvensiyası isə ağ fosforlu kibritlərin istehsalı və idxalına qarşı beynəlxalq səviyyədə mühüm tədbirlərdən biri oldu.
Beləliklə, “fossi çənə” yalnız bir peşə xəstəliyi deyil, həm də təhlükəli əmək şəraitinin və işçi hüquqları uğrunda mübarizənin tarixdəki simvollarından birinə çevrildi.
Xpress.az