114B saylı avtobusda BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR
Paytaxt ictimai nəqliyyatında sərnişinlərin üzləşdiyi problemlər səngimək bilmir və xüsusilə şəhərətrafı marşrut xətlərində yaşanan xoşagəlməz hallar vətəndaşların haqlı narazılığına səbəb olur.
Mövcud problemlərdən əziyyət çəkən sərnişinlərdən biri NOCOMMENT.az-a müraciət edərək 114B saylı avtobus xəttindəki dözülməz vəziyyətdən şikayətlənib və bildirib ki, yaranmış neqativ hallarla bağlı aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) 60-70 dəfədən çox müraciət ünvanlasa da, heç bir real nəticə əldə olunmayıb.
Sərnişinlərin gündəlik həyatını kabusa çevirən əsas məqamlardan biri avtobusların xətt üzrə hərəkət intervalının həddindən artıq uzun olması vətəndaşların saatlarla dayanacaqlarda gözləməsinə yol açmasıdır, eləcə də avtobuslardakı oturacaqların qırıq və yararsız vəziyyətdə olması sərnişinlərə qarşı açıq hörmətsizlik kimi qiymətləndirilir.
Normativə görə gecə saat 00:00-a qədər işləməli olan avtobuslar hətta axşam saat 23:00-da belə xətt üzrə tapılmır, nəticədə gec saatlarda evə qayıdan sakinlər böyük çətinliklərlə üzləşirlər.
Vətəndaş haqlı olaraq qeyd edir ki, yolların bəzi hissələrinin pis vəziyyətdə olmasını başa düşmək mümkündür və bəlkə də ora dərhal yeni avtobusların buraxılması məqsədəuyğun deyil, çünki onlar tez sıradan çıxa bilər, lakin mövcud nəqliyyat vasitələrindəki qırıq oturacaqları təmir etmək, təmizliyə riayət etmək və intervalları tənzimləmək üçün heç bir əlavə bəhanə ola bilməz və təəssüf ki, məsul qurumlar bu sadə tədbirləri də həyata keçirməkdə maraqlı görünmürlər.
Problemin ən ağrılı nöqtələrindən biri də hər il ictimai nəqliyyatda gedişhaqlarının artırılması ilə bağlıdır və vətəndaşlar haqlı olaraq sual edirlər ki, hər il qiymətlər bahalaşır, cibimizdən çıxan vəsait artır, bəs bu artımlar hara gedir, niyə xidmətin keyfiyyətində heç bir irəliləyiş müşahidə olunmur, əksinə vəziyyət daha da dözülməz olur.
Sərnişinlər ümid edirlər ki, aidiyyəti qurumlar, xüsusilə AYNA 114B saylı marşrut xəttindəki özbaşınalığa və nöqsanlara operativ şəkildə müdaxilə edəcək, vətəndaşların haqlı narazılığını aradan qaldırmaq üçün təcili tədbirlər görəcək.