Xpress.az 32 ölkədən jurnalistin iştirak etdiyi Qlobal Media Görüşündə təmsil olunur
Türkiyənin Alanya şəhərində keçirilən VI Qlobal Media Görüşü beynəlxalq media nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan mediası da təmsil olunur.
Xpress.az xəbər verir ki, Küresel Gazeteciler Konseyinin (KGK) təşkilatçılığı ilə baş tutan VI Qlobal Media Görüşündə 32 ölkədən 350-yə yaxın jurnalist və media nümayəndəsi iştirak edir.
Noyabrın 6-da start götürən beynəlxalq toplantı çərçivəsində noyabrın 8-də də müxtəlif ölkələrin media təmsilçiləri arasında geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə müasir jurnalistikanın qarşılaşdığı çağırışlar, media qurumları arasında əməkdaşlığın inkişafı və beynəlxalq informasiya əlaqələrinin möhkəmləndirilməsi diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycanı təmsil edən jurnalistlər sırasında Xpress.az-ın təsisçisi və baş redaktoru Xəyalə Rəis də yer alır.
Qlobal Media Görüşü çərçivəsində beynəlxalq media platformaları ilə əlaqələrin qurulması, müxtəlif ölkələrin xəbər portalları arasında əməkdaşlıq imkanlarının artırılması və qarşılıqlı informasiya mübadiləsinin təşkili istiqamətində müzakirələr aparılır.
Bu baxımdan, Xpress.az-ın beynəlxalq media mühitində təmsilçiliyi, xarici media qurumları ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanla bağlı xəbərlərin beynəlxalq auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Görüşlərdə, həmçinin xarici media resurslarında yayımlanan materialların qarşılıqlı əməkdaşlıq çərçivəsində Xpress.az-da dərc edilməsi, birgə informasiya layihələrinin hazırlanması və gələcək tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları nəzərdən keçirilir.
Beynəlxalq media platformasında iştirak Azərbaycan mediasının xarici informasiya məkanında daha geniş tanıdılması, ölkəmizdə baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılması və jurnalistlər arasında peşəkar əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, noyabrın 6-dan 10-dək davam edən VI Qlobal Media Görüşü çərçivəsində müxtəlif toplantılar, jurnalistikanın aktual məsələlərinə dair panel müzakirələri, beynəlxalq əməkdaşlıq görüşləri və mükafatlandırma mərasimi keçirilir.