“Bir gecədə hər şeyimi itirdim...” – Könül Vəlibəylinin qızı İLK DƏFƏ DANIŞDI – MÜSAHİBƏ
Yasamalda baş verən dəhşətli yanğın bir gecədə Ləman Qulamovanın bütün həyatını dəyişdi. Həmin gecə o, təkcə sağlamlığını deyil, arzularını, xəyallarını, ən böyük dayağı və güvən yeri olan anası – anası Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylini də itirdi. Bir vaxtlar gələcəklə bağlı xəyallar quran gənc qız üçün həyat indi xəstəxana palataları, ağır əməliyyatlar, ağrılı müalicələr və bitmək bilməyən gözləntilərdən ibarətdir.
Artıq 11 aydır Ləman yaşamaq uğrunda mübarizə aparır. Bir damcı suya, rahat nəfəsə, sərbəst hərəkətə həsrət qalan gənc qızın ən böyük arzusu yenidən sağlamlığına qovuşmaq və yarımçıq qalan həyatına davam etməkdir.
Bu müddət ərzində çox şey dəyişib, amma dəyişməyən bir həqiqət var: anasının yoxluğu və ona duyduğu sonsuz həsrət...
Faciədən 11 ay sonra Ləman Qulamova ilk dəfə Xpress.az-a danışdı. Yaşadığı ağrıları, anası ilə bağlı xatirələrini, bitməyən mübarizəsini və həyata dair ümidlərini bizimlə bölüşdü. 
-Həyatını kökündən dəyişən həmin dəhşətli gecəni necə xatırlayırsan? O gecə sənin üçün nələri aldı, nələri yarımçıq qoydu?
-O gecəni xatırlamaq mənim üçün çox ağırdır. Heç vaxt düşünməzdim ki, həyatım bir gecənin içində bu qədər dəyişə bilər. Həmin gecə anamı itirdim, özüm isə ağır xəsarətlər aldım. Bir anda həm ən əziz insanımı, həm də əvvəlki həyatımı itirdim. Bəzən insan yaşadığı hadisənin ağırlığını sözlərlə ifadə edə bilmir. Mənim üçün də o gecə sadəcə bir faciə deyil, həyatımın heç vaxt unuda bilməyəcəyim ən ağrılı xatirəsidir. Hər şeydən çox anamın yoxluğu məni incidir. Kaş hər şey başqa cür olardı, kaş anam bu gün yanımda olardı və sağlamlığımız yerində olardı.
-Yanğından əvvəlki həyatınla indiki həyatın arasında nə kimi fərqlər var? Bu faciə səndən nələri aldı, sənə nələri öyrətdi?
-Yanğından əvvəl mənim də hər bir gənc kimi arzularım, planlarım, gələcəklə bağlı xəyallarım var idi. Həyatı yaşayır, qarşıma yeni məqsədlər qoyurdum. Amma yanğından sonra hər şey dəyişdi. Həyatım xəstəxana otaqları, əməliyyatlar, müayinələr və uzun müalicə prosesləri ilə davam etməyə başladı. Ağır tüstü zəhərlənməsi və tənəffüs yollarımın zədələnməsi nəticəsində çox çətin bir müalicə dövrü keçirirəm. Nəfəs almaq, yemək yemək, su içmək kimi ən adi ehtiyaclar belə mənim üçün böyük bir mübarizəyə çevrildi. Əvvəllər heç düşünmədiyim şeylərin nə qədər böyük nemət olduğunu bu hadisədən sonra anladım. İndi ən böyük arzum əvvəlki sağlamlığıma qovuşmaq və həyatımı yenidən qurmaqdır.

-Artıq 11 aydır ki, həyat uğrunda mübarizə aparırsan. Bu müddətdə hansı ağır sınaqlardan keçdin? Ən çətin anlarında nələr yaşadın?
-Bu 11 ayı sözlərlə ifadə etmək çox çətindir. Çoxsaylı əməliyyatlar, ağır müalicələr, uzun xəstəxana günləri və saysız-hesabsız çətinliklər yaşadım. Bəzən elə günlər olub ki, həm fiziki, həm də mənəvi olaraq çox yorulmuşam. İnsan bəzən ağrıdan deyil, gözləməkdən, qeyri-müəyyənlikdən və əvvəlki həyatına qayıda bilməməkdən yorulur. Mən də çox şeydən keçdim. Uzun müddət normal qidalana bilmədim, nəfəs borum və qida borumla bağlı ciddi problemlər yaşadım. Bir çox əməliyyatlar keçirdim və müalicəm hələ də davam edir. Amma bütün bunlara baxmayaraq, içimdə bir ümid var. Mən yaşamaq, sağalmaq və yenidən həyata qayıtmaq istəyirəm. Bu günə qədər apardığım mübarizənin bir səbəbi var: mənim hələ yaşayacağım günlər, gerçəkləşdirəcəyim arzularım var.
-Ananın sənə miras qoyduğu ən böyük dəyər nədir? Onun hansı xüsusiyyətlərini özündə yaşatmaq istəyirsən?
-Anamın mənə qoyduğu ən böyük miras onun sevgisi, önəm verdiyi milli dəyərlər və insanlara olan münasibətidir. İnsanın həyatda qoyub getdiyi ən böyük iz onun haqqında insanların qəlbində qalan gözəl xatirələrdir. Anam mənim üçün hər zaman güc, sevgi və mərhəmət nümunəsi olub. Onun qızı olmaq mənim üçün böyük qürurdur. İstəyirəm ki, həyatda atdığım hər addımda onun mənə öyrətdiyi dəyərləri yaşadım.

-Könül Vəlibəylinin adını, yaradıcılığını və gördüyü işləri bu gün hansı hisslərlə xatırlayırsan? Onun yoxluğu gündəlik həyatında özünü daha çox necə hiss etdirir?
-Anamın adını çəkəndə içimdə həm böyük qürur, həm də dərin bir həsrət yaranır. Onunla bağlı hər xatirə mənim üçün çox qiymətlidir. Bəzən adi bir hadisə belə mənə anamı xatırladır. Kaş onunla yenidən söhbət edə biləydim, məsləhətlərini eşidə biləydim, sevincimi və kədərimi onunla bölüşə biləydim. Onun yoxluğu heç vaxt dolmayacaq bir boşluqdur. Amma istəyirəm ki, anam yalnız mənim xatirələrimdə deyil, onu tanıyan hər kəsin qəlbində yaşasın. Onun adı, sənəti və gördüyü işlər unudulmasın.
-Bütün bu ağrıların və çətinliklərin içində səni həyata bağlayan, ayaqda saxlayan nədir?
-Mənim ən böyük gücüm yaşamaq istəyimdir. Mən hələ gəncəm. Qarşıda yaşamaq istədiyim çox gözəl günlər, arzularım, xəyallarım və həyata keçirmək istədiyim planlarım var. İstəyirəm ki, gəncliyimi doyunca yaşayım, dostlarımla vaxt keçirə bilim, səyahət edim, sevdiyim işlərlə məşğul olum, adi hesab etdiyimiz həyatın gözəlliklərini yenidən hiss edim. Yenidən sağlam nəfəs almaq, özüm qidalana bilmək, sərbəst gəzmək və heç bir müalicə düşünmədən bir gün keçirmək istəyirəm. Bəzən çox yorulsam da, özümə xatırladıram ki, həyatım bu faciədən ibarət deyil. Mənim hələ yaşayacağım bir ömür var. Anamın xatirəsi, yaxınlarımın sevgisi və gələcəyə olan ümidim məni ayaqda saxlayır.

-Ananın sənə tez-tez verdiyi hansı məsləhət bu gün də qulağında sırğa olaraq qalır? Çətin anlarında onun hansı sözlərini xatırlayırsan?
-Anamın mənə öyrətdiyi ən vacib şey çətinliklər qarşısında güclü olmaq və heç vaxt ümidini itirməməkdir. Həyat hər zaman insanın istədiyi kimi getmir, amma nə olursa-olsun, mübarizə aparmaq lazımdır. Bu gün çətin anlar yaşayanda onun sözlərini, mənə verdiyi məsləhətləri xatırlayıram. Bəzən düşünürəm ki, anam yanımda olsaydı, mənə nə deyərdi. İnanıram ki, o da məndən mübarizəmi davam etdirməyimi və həyata sarılmağımı istəyərdi.
-Sağaldıqdan sonra ananın yarımçıq qalan işlərini və layihələrini davam etdirmək, onun adını yaşatmaq kimi planların varmı?
-Hazırda mənim üçün ən vacib məsələ sağlamlığıma qovuşmaqdır. Çünki həyata keçirmək istədiyim çox arzum var. Anamın başladığı işlərin yarımçıq qalmasını istəmirəm. Sağaldıqdan sonra onun adını yaşatmaq, başladığı layihələrə sahib çıxmaq və imkanım daxilində onun yolunu davam etdirmək istəyirəm. İstəyirəm ki, anamın gördüyü işlər, insanlara verdiyi töhfələr gələcəkdə də xatırlansın. Mənim üçün bu, ona olan sevgimin və ehtiramımın ən gözəl ifadələrindən biri olacaq.
-Bu 11 aylıq mübarizədə cəmiyyətin, dostlarının və səni tanımayan insanların dəstəyi sənə necə təsir edib? İnsanların münasibətində səni ən çox nə duyğulandırıb?
-Bu çətin dövrdə insanların dəstəyinin nə qədər böyük əhəmiyyət daşıdığını anladım. Bəzən tanımadığın bir insanın səmimi duası, xoş sözü və diqqəti belə insana böyük güc verir. Mənə dəstək olan, vəziyyətimlə maraqlanan, sağalmağım üçün dua edən çox insan oldu. Onların hər birinə ürəkdən minnətdaram. Bu müddətdə anladım ki, insanlıq və mərhəmət hələ də var. Mənə ən çox güc verən isə insanların sağalacağıma inanması və mənim həyata qayıdacağım günləri ümidlə gözləməsidir. Sağalmağım uğrunda apardığım mübarizədə mənə dəstək olan, dualarını əsirgəməyən, hər zaman yanımda olan hər kəsi görür və dəstəklərini ürəkdən hiss edirəm.

-Bu gün anana müraciət etmək imkanın olsaydı, ona nə deyərdin? Onun ruhuna hansı sözü vermək istərdin?
-Ana, kaş bu gün yanımda olaydın. Sənin üçün çox darıxıram. Bəzən elə anlar olur ki, sadəcə səsini eşitmək, məni qucaqlamağını və hər şeyin yaxşı olacağını deməyini istəyirəm. Onsuz keçən hər gün çox çətindir. Amma sənə söz verirəm ki, mübarizəmi davam etdirəcəyəm. Sağalmaq, yenidən həyata qayıtmaq və gəncliyimi yaşamaq üçün əlimdən gələni edəcəyəm. Sənin adını, xatirəni və mənə öyrətdiyin bütün gözəl dəyərləri yaşadacağam. İstəyirəm ki, bir gün geriyə baxanda bütün bu çətinlikləri geridə qoyduğumu görüm. Kaş o günü səninlə birlikdə yaşaya biləydim. Sən mənim qəlbimdə həmişə yaşayacaqsan.

Xəyalə Rəis