Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda...
Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda istehsalın pərdəarxası – REPORTAJ -
Cəmiyyət

Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda istehsalın pərdəarxası – REPORTAJ - VİDEO

Xpress.az Redaksiyası 30.10.2026 17:00

1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü ərəfəsində Aqrar Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkil etdiyi mediatur çərçivəsində yolumuz ölkənin strateji qida sənayesi mərkəzlərindən birinə — İmişli Şəkər Zavoduna düşdü. Məqsədimiz sadəcə istehsal xəttlərini izləmək deyil, hər gün süfrələrimizdə yer alan bəyaz kristalların tarladan başlayaraq hansı mürəkkəb, zəhmət və texnologiya tələb edən mərhələlərdən keçərək ərsəyə gəldiyini yerində görmək idi.

Müəssisənin geniş və səliqəli ərazisinə daxil olarkən bizi qarşılayan ilk mənzərə tarlalardan toplanmış tonlarla şəkər çuğunduru daşıyan yük maşınlarının uzun növbəsi oldu. Burada hər şey dəqiq işləyən nəhəng bir mexanizmin ayrılmaz hissəsidir: laboratoriya nəzarətindən başlayaraq avtomatlaşdırılmış silolara, güclü yuma çənlərindən fırlanan sentrifuqalara qədər uzanan zəncirvari bir proses.

Şəkərin istehsal prosesi haradan başlayır? Sualımızın cavabını elə qəbul məntəqəsində tapdıq. Proses və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Məhəmməd Abışov jurnalistlərə açıqlamasında bildirdi ki, 2006-cı ildən fəaliyyət göstərən zavodda məhsulun keyfiyyətinə nəzarət zavoda daxil olduğu ilk saniyədən başlayır. Əvvəlcə tarlalardan gətirilən çuğundur tərəzilərdə çəkilir, ümumi və xalis çəkisi müəyyənləşdirilir. Daha sonra laboratoriyada məhsulun keyfiyyət göstəriciləri, xüsusilə də şəkərlilik dərəcəsi dəqiqliklə yoxlanılır. Əldə olunan nəticələr avtomatik olaraq sistemə ötürülür və yük maşınları boşaltma sahəsinə yönləndirilir. Xüsusi avtomatik mexanizmlərin köməyi ilə boşaldılan çuğundur xüsusi silolarda saxlanılır. Boşaltma başa çatdıqdan sonra maşınlar yenidən tərəzidə çəkilir və daşınan məhsulun dəqiq miqdarı hesablanır.

Növbəti mərhələdə xammal emal xəttinə daxil olur. İlk olaraq intensiv yuma prosesindən keçən çuğundur torpaqdan, daşdan və digər kənar qarışıqlardan tamamilə təmizlənir. Zavod nümayəndələrinin müşayiəti ilə istehsalın ən maraqlı hissələrindən biri ilə tanış oluruq. Sentrifuqaların iş prinsipi əsl mühəndislik möcüzəsidir. Bu nəhəng qurğular tərkibində şəkər kristalları olan qarışığın ayrılması prosesində mühüm rol oynayır. Sentrifuqa vasitəsilə ağ şəkər kristalları digər komponentlərdən ayrılır, ardınca isə məhsul qurudularaq növbəti mərhələyə hazırlanır.

İstehsal zamanı əldə edilən aralıq məhsullardan biri də “lapa” adlanır. Jurnalistlərin diqqətini çəkən məqamlardan biri də məhz bu termin oldu. Mütəxəssislər izah etdilər ki, bu məhsulu bəzən yanılgı olaraq qəhvəyi şəkərlə qarışdırırlar, lakin onların heç bir əlaqəsi yoxdur. Qəhvəyi şəkər tamamilə ayrı bir istehsal prosedurundan keçir və özünəməxsus hazırlanma texnologiyasına malikdir. Mediatur zamanı aparılan müzakirələrdə qəhvəyi şəkərin ağ şəkərlə müqayisədə daha faydalı olub-olmaması sualına da aydınlıq gətirildi: məlum oldu ki, bu məhsulların tərkibi və hazırlanma üsulları fərqlidir, dad xüsusiyyətlərinə isə onların tərkibindəki digər maddələr təsir göstərir.


Beləliklə, gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz şəkərin süfrəmizə gəlməsi üçün kifayət qədər mürəkkəb istehsal və nəzarət zəncirindən keçməsi tələb olunur.

Tarlada yetişdirilən məhsulun emalı ilə yanaşı, mediaturun digər mühüm hissəsi 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təşkil olunan maarifləndirici təlim oldu. Təlimin əsas məqsədi aqrar sahə üzrə bilik və məlumatlılığı artırmaq, eləcə də ölkədə kənd təsərrüfatının inkişaf istiqamətlərini ictimaiyyətə dolğun çatdırmaq idi.

Tədbirdə çıxış edən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov holdinqin fəaliyyət istiqamətləri, qida sənayesindəki rolu və aqrar sektorun əhəmiyyətindən danışdı. O vurğuladı ki, aqrar sahənin inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmır: "Fermerlərin yeni biliklərə yiyələnməsi, müasir texnologiyalardan istifadə etməsi və rəqəmsal layihələrə qoşulması bu prosesin ayrılmaz hissəsidir. Biz fermerlərin təlimləndirilməsi, rəqəmsal layihələrin həyata keçirilməsi və kənd təsərrüfatı istehsalçılarının hərtərəfli dəstəklənməsi istiqamətində fəaliyyətimizi davam etdiririk."

İmişli Şəkər Zavoduna edilən bu səfər bir daha sübut etdi ki, arxasında gərgin zəhmət, mühəndis dəqiqliyi və müasir texnologiya duran aqrar məhsullar süfrəmizə gəlib çıxana qədər böyük bir yold keçir. Bu yolda həm tarladakı fermerin əməyi, həm də zavoddakı mütəxəssis biliyi eyni dərəcədə dəyərlidir.

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək.
  • www.sualcavab.com
    WhatsApp: +994 10 526 82 79
  • Instagram: onlayn_sualcavab

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək