Şərab, opium və sonsuz gözəllik axtarışında kül olan istedad - Amadeo Modilyani
“Zəfərlər və Şahəsərlər”- silsiləsi
Qələm, güc, savaş və fırça...
Paris... Bu şəhər yalnız daşlar və binalarla deyil, həm də sevgilərlə, sənət və sirlərlə nəfəs alırdı. XX əsrin əvvəllərində bu şəhərin küçələrində bir rəssam dolaşırdı. Yağan çiskin yağış küçələri isladarkən o, uzun qara paltosunda, hündür qaməti ilə düşüncələrinə dalaraq yeriyərdi. Gecələr şəhərin mərkəzi işıqlarla parıldayır, Seine çayının səthi üzərində minlərlə ləkə kimi əks olunurdu. Amma ara küçələr qaranlıq, həyəcan dolu idi: hürüşən itlər, kölgələrdə gizlənmiş səssiz sirlər, kimsəsiz divarların altında yaşayan səfil insanlar.. Bütün bunlar gənc rəssam Modilyaninin gözlərində Parisin həm romantik, həm də drammatik portretini yaradırdı. Bu şəhər sevgilər və dahi sənətkarların məkanı idi. Hər yağan yağış damlası onun addımlarını izləyir, portretlərinə həyat verirdi. Modilyani yaraşıqlı olması ilə yalnız qadınların diqqətini cəlb etmirdi. O həm də sənəti ilə başqa rəssamların diqqətini də çəkirdi. Onu ölmədən dahi sayırdılar. Həmin şəxslərdən biri də Pablo Pikasso idi. Pikasso ilə Amadeo sözün əsl mənasında təzad yaradırdılar. Pablo bir əsəri ilə bir ev alarkən, Modilyani bir əsərini bir şüşə içkiyə, hətta bir boşqab yeməyə belə dəyişirdi. O sənətini pul qazanmaq üçün deyil, duyğularını ifadə etmək üçün yaradırdı.
Pikasso isə bu baxımdan fərqli idi. O, əsərlərini yüksək qiymətə satır, hər fırça toxunuşunu maliyyəyə çevirirdi. Bu iki rəssam arasında dinamika Parisin sənət mühitinin həm də gərgin tərəfini əks etdirirdi. Modilyani rəsm çəkirdi, Pikasso isə heyranlıqla qarışıq qısqanclıq dolu baxışlarla onu izləyirdi; dost amma rəqib. Pikasso insanların Modilyaniyə olan sevgisinə nifrət etsə də bir gün onun haqqında demişdir: “O bir Tanrıdır.” Hər ikisi də sənət yaradırdılar, hər ikisi də dövrünün dahisi idi. Lakin qadınlar məhz Modilyaninin yanında idilər. Ömrü boyu gözəllik düsturu axtaran bu gənc rəssam həm də heykəltəraş idi.
Hər fırça toxunuşunda taleyinə bir az daha yaxınlaşan sənətkar
Modilyani yəhudi əsilli italyan idi. Uşaqlıq illərindən sənətə olan həvəsi onun həyatını işıqlandırmış, İtaliyanın Livorno şəhərinin sakit küçələrindən Parisin həyəcanlı və rəngarəng həyatına gətirmişdi. O, 1884-cü ilin iyul ayında doğulmuşdu. Çox qısa və kədərli həyatı keçən rəssam müflisləşən bir ailənin 4-cü və sonuncu övladı idi. Deyilənə görə Modilyaninin anası alim Spinozanın nəslindəndir, lakin bu məlumat hələ də öz təsdiqini tapmamışdır. Atası isə zəngin bir mədən mühəndisi idi, lakin Modilyani doğulduğu illərdə iflas etmişdi. Amadeo Modilyani məktəb zamanı Nitşenin fəlsəfəsini öyrənmiş və çoxsaylı şairlərin həyatını oxumuş, şeirlər əzbərləmişdir. Kiçik yaşlarında ağır xəstəlik keçirən Modilyani sağalandan sonra rəssamlıq dərsləri almağa başlayır. Onun anası Evqeniya Qarsin yüksək savadlı, müəllim ruhlu qadın idi. Oğlunun istedadına ən çox inanan insan məhz anası idi. Və nəticədə o, istedadlı bir gənc kimi yetişir.
Modilyani gənc yaşlarından rəsm və heykəltəraşlıqla məşğul olur, hər xətt və hər fırça toxunuşu ilə daxili dünyasını kətan parçaların üzərinə köçürürdü. 1902-ci ildə İtaliyanın Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil olur. Universitet illərində yalnız texnikanı deyil, sənətin ruhunu da öyrənirdi. O, Florensiyanın dar küçələrindən Parisin sərxoş işıqlarına uzanan taleyini çox erkən sezmişdi. Hələ tələbəlik illərində daş divarların soyuğu ilə köhnə otelyelərin boya qoxusu arasında qalan Modilyani özündən əvvəl gələn bütün qaydaları pozmağa hazır olan bir uşağa bənzəyirdi. Müəllimləri ona anatomiya öyrədirdi, o isə insanın yalnız sümük quruluşunu deyil, içində gizlənən kədəri, qüruru çəkirdi. Rəsmlərinə baxanda sanki boyanı deyil, gəncliyin narahatlığını sürtürdü kətana. Və o illərdə heç kim təsəvvür etmirdi ki dərslərə gecikən, hərdənbir öskürək tutmalarından oturub qalan, bohem arzuları gözlərində yanan bu tələbə bir gün bütün dünyanın unuda bilmədiyi bir rəssam olacaq. Modilyani dərslərdə oturarkən qızların baxışlarını üzərində hiss edir, yaraşıqlı siması və cazibədar şəxsiyyəti ilə həm müəllimlərini, həm də yaşıdlarını valeh edirdi. Parisdə həyat belə bir cazibəyə daim açıq idi: küçələrdə çiçəklər... restoranlarda rəqslər... küçə musiqiçilirə və rəssamlar...
Qısa zamanda narkotik maddələrin əsirinə çevrilən Amadeo həyatını qaydasına salıb sağalmaq üçün Paris şəhərinə köçür. Lakin Parisdə narkotik aludəçiliyinə spirtli içkilər də əlavə olunur. Və gənc rəssam səfil həyatını yaşamağa başlayır.
Amadeo Modilyani Parisdə Monmartr səmtinin Le-Batev-Lavoir məhəlləsində Pablo Pikasso ilə qonşuluqda yaşayırdı. Modilyaninin Pikasso ilə başlayan mükəmməl dostluqları sənət rəqabəti səbəbindən düşmənçiliyə çevrilmişdi. O, pula, şöhrətə, zəngin və ikiüzlü insanlara heç zaman boyun əyməmişdir. İtalyan heykəltəraş və rəssam Amadeo 1941-ci ildə II Dünya Müharibəsi illərində orduya yazılmağa çalışsa da, xəstəliyi səbəbindən müharibəyə aparılmamışdır.
Montparnassenin sərbəst ruhlu rəssamı
Rənglərin içində sözlər, sözlərin içində rənglər. Fırça onun duyğularını, sözlər isə onun sirrini daşıyırdı. Daha əvvəllər rus şairəsi və yazıçısı Anna Axmatova və ingilis yazıçı Beatris Xastinq ilə sevgili olan Modilyani bu qadınlara da əsərlərində yer ayırmışdı.
Sovet dövründə Amedeo Modilyani kimi “burjua” sayılan Qərb modernistlərinin əsərləri rəsmi şəkildə təbliğ olunmurdu. Onun orijinal rəsmləri SSRİ-də demək olar ki, yox idi. Buna görə də bəzi zəngin və ya nüfuzlu evlərdə yalnız reproduksiyalar və ya ustalıqla hazırlanmış kopyalar divarları bəzəyirdi. Modilyaninin uzunsov üzlü, badam gözlü qadınları orijinaldan çox, qapalı salonların səssiz surətləri kimi yaşayırdı. Bu rəsmlər Modilyani dünyasının sadəcə kölgəsi idi. Əsl tablolar uzaqlarda idi, amma onun ruhu çoxdan bu evlərə köçmüşdü. Orijinallar muzeylərdə və ya zəngin kolleksiyalarda qalsa da, onun kədərli qadın üzləri və uzunsov fiqurları artıq sadə evlərin səssiz dekoruna çevrilmişdi. Sovet dövründə “Montparnasse 19” filmi nümayiş olunanda, tamaşaçılar ilk dəfə Amedeo Modilyani adını bu qədər emosional və dramatik çərçivədə tanıdılar. Film onu təkcə rəssam kimi yox, faciəvi taleli, yoxsulluq və ehtiras içində yaşayan bir sənətkar kimi təqdim edirdi. O illərdə orijinal əsərləri SSRİ-də əlçatan olmadığından, bir çox insan üçün Modilyani əvvəlcə rəsm albomlarından deyil, məhz bu filmin kədərli kadrlarından tanınmışdı.

Ruhunu gördüyüm zaman gözlərini çəkəcəm
Amadeonun sənəti və sevgisi həyatının ən intensiv və drammatik tərəfini təşkil edirdi. O qadınlara qarşı duyduğu hissləri kətan tablolar üzərində əks etdirir, portretlərinə yalnız fiziki simanı deyil, həm də daxili aləmi köçürürdü. Onun yaraşıqlı görünüşü, hündür boyu, incə əlləri və dərin baxışları qadınları heyran edirdi. O, siqreti dodaqlarının kənarına çəp qoyar, tüstü dumanının içində rəsmini çəkərdi, qadınlar isə bu tüstüdə yox olan baxışlara vurulardı. Siqaret tüstüsü onun üçün pərdə idi; fırça rəngləri bu pərdənin arxasından çıxar, dodaqlarının kənarındakı əyri siqaret isə qadınların qəlbinə toxunan bir imza kimi qalardı.
Amadeonun portretlərində duyğular əsas işığı oynayırdı. Parisin yağışlı gecələrindən, qaranlıq küçələrindən, işıqlı kafe pəncərələrindən, sərin küçə lampalarından aldığı ilhamla işığı və kölgəni ustalıqla qarışdırır, insanların ruhunu kətan üzərində canlandırırdı. Bunlar hamısı onun hiss və duyğularını deyil, Parisin həm ruhunu, həm işıqlı, həm də qaranlıq tərəfini hiss etmək bacarığının ifadəsi idi. Modilyani düşünməzdi ki, vaxtı ilə bir şüşə içkiyə satdığı əsərləri illər sonra milyonlarla dollar dəyərində olacaq. Uzun boyunlar... incə sifətlər... quyu kimi dərin gözlər. O heç zaman rəsmlərində gözləri tam olaraq çəkməzdi. Qaranlıq, quyu kimi dərin və qara edərdi. Bəzən də gözlərin içini tək bir rəng ilə doldurardı, bu rəng adətən başqa bir dünyaya açılan pəncərə kimi görünərdi. Amadeo qadınları yaxşı tanıyırdı. O qadınların ruhuna, qəlbinə gedən yolun gözlərindən keçmədiyini düşünərdi.
Rəsmlərini ən çox çəkdiyi, sevdiyi qadın Janna idi. Modilyani siqareti dodaqlarının kənarında unutmuş halda rəsm çəkərdi. Siqaret tüstüsü otağın içində ağır-ağır dolar, rənglər isə fənər işığının altında sanki rəqs edərdi. Amadeonun barmaqları fırçanı tutarkən titrəmir, ruhu isə hər toxunuşda rəsmə çevrilirdi. Janna isə susurdu. O siqaret tüstüsündə yox olan kişini deyil, fırçanın ucunda yaşayan dahini görürdü. Amadeo hər dəfə başını qaldırıb ona baxanda, siqaretin külü yerə düşür, sanki vaxt da həmin an dayanırdı. Parisin səs-küyü, yağışın pıçıltısı, küçələrdə hürən itlər – hamısı bu tüstünün içində susurdu. Janna bilirdi ki, o tüstü yalnız tütün deyildi, Amadeonun ömrü idi yavaş-yavaş bitən. “Gözlərimi niyə çəkmədin?” – deyə soruşan Jannaya “Gözlər qəlbin aynasıdır. Ruhunu görə bildiyimdə gözlərini çəkəcəyəm” deyə cavab verir.”
Paris ona həm ev oldu, həm məzar. Onun küçələrində sevdi, onun küçələrində ac qaldı, onun divarlarının kölgəsində xəstəliyə təslim oldu. Jannaya aşiq olan Amadeonun həyat hekayəsi 35 yaşında bitir. Modilyaninin vəfatından sonra Janna Pablo Pikassoya yaxınlaşaraq “Sən öləndə belə onun adını söyləyəcəksən!” deyir. Və deyilənə görə doğrudan da Pablo Pikasso son nəfəsində “Modilyani” deyərək dünyasını dəyişir.
Janna Hebuterne ilə tanışlıq
Bir şəhər... bir dahi... bir sevgi. Hər dahini sınağa çəkən Paris.
Paris onu sənətkarlığı, sərbəstliyi və cazibəsi ilə tanıyırdı. Şəhər bilirdi ki, o sərsəri, avara, sərxoş amma dahi idi. Əsərlərinə ölümsüzlük qatmağı bacaran Modilyani dəvət olunsa belə heç zaman zənginlərlə eyni məkana getməyə can atmırdı. Onun üçün dostlarla ucuz bir meyxanə, ya da boş küçələrdə bi şüşə içki və tütün kifayət edirdi. Amadeo Modilyani ruhunun dərinliyi ilə insanları özünə çəkir, sevgisi isə həyatının ən instensiv, ən drammatik hissəsini təşkil edirdi. Janna Hebuterne ilə tanışlığı onun həyatına işıq gətirdi. Janna Parisdəki Akademiya Kolarossi sənət məktəbində təhsil almış istedadlı bir rəssam idi. O özü rəsmdən çox bir baxış idi. Parisin sənət və romantika dolu küçələrində rast gəlinən qadınlardan deyildi. Modilyani onu ilk dəfə görəndə düşünmüşdü ki, bu qız danışmaqdan çox susmaq üçün seçilib. Onun sakit, incə və eyni zamanda dərin baxışları Modilyaninin ruhunu dərindən təsirləndirirdi. Janna yalnız gözəlliyi ilə deyil, zəkası, incəliyi və Amadeonun sənətinə heyranlığı ilə onu özünə bağlayırdı. Onların görüşləri sadə küçə kafelərində, Parisin yağışlı günlərində başladı. Amadeo üçün Janna yalnız sevgili deyildi, o həm də sığınacaq idi. O, Jannanı çəkərkən susurdu. Onların sevgisi sakit və səssiz idi. Janna onun içkisini, qızdırmasını, və gecəyarı sayıqlamalarını qəbul edirdi. Modilyani isə ilk dəfə idi həyatında birinin yanında özünü tənha hiss etmirdi. Janna onun yalnız sevgilisi deyildi, gənc rəssamın səbrinə dözən, dağınıqlığını sevən və səfilliyini gizlədən qadın idi. Modilyani üçün bu sevgi sonuncu sığınacaq idi.
Jannanın ailəsinin etirazı
Jannanın ailəsi Modilyanini heç vaxt qəbul etmədi. Bunun adı açıq deyilmirdi, amma səbəbini hamı bilirdi. O yəhudi əsilli sərxoş bir rəssam idi. Jannanın ailəsi isə dərin katolik idi. Bu fərq onların gözlərində sadəcə din yox, keçilməz sərhəd idi. Bu sevgi ailə üçün səhv, təhlükə və günah kimi görünürdü. Janna isə bu fərləqin heç birini problem saymadı. O dinlərin deyil, insanların arasında seçim etdi. Çünki Janna bilirdi ki əsl din insanların qəlbindəki sevgisi, vicdanı və mərhəmət hissidir. Janna öz seçimini etmişdi, lakin anası üçün Modilyani yalnız kasıb bir rəssam deyildi - o, inanca, qaydaya və “doğru həyat” anlayışına zidd idi. Bu sevgi ailə üçün səhv, təhlükə və günah kimi görünürdü. Ailəsi onu qapıdan içəri buraxmadı, amma Modilyaninin yoxsul otağında ona yer vardı. Ailə evindən çıxanda arxasına baxmadı. Katolik evinin sükutunu yox, Modilyaninin evindəki xaosu seçdi. Baxmayaraq ki orada yoxsulluq vardı, xəstəlik vardı, içki vardı. Amma orada sevgi də vardı. Və Janna bilirdi: insan bəzən düzgün olanı yox, doğru olanı seçir. Bu ayrılıqdan sonra geri dönüş olmadı. Amma bəzi ayrılıqlar yalnız ailə ilə olmur. Bəzən həyat özü səni sevdiklərindən ayırmağa hazırlaşır. Anası son dəfə qızı Jannanın qaldığı evə gedərək demişdi: “O adam səni məhv edəcək”. Janna isə cavabında “Mən onsuz məhv olacam demişdi.” Ailəsi üçün Janna artıq yox idi. Modilyani üçün isə Janna hər şey idi. Onlar birlikdə küçələrdə dolaşdılar, yağmurlu gecələrdə, işıqlı Paris küçələrində əl-ələ tutaraq rəqs etdilər, bir evdə yaşadılar, eyni çörəyi bölüşdülər. Ama ailə bu sevgini qəbul etmədi, Paris isə sadəcə seyr etdi.
Janna hamilə idi. Əvvəl ailəsi bilmədi, bilmək də istəmədi. Modilyani isə bu xəbəri gecikmiş bir ümid kimi daşıyırdı. İlk dəfə idi ki gələcək haqqında danışırdı. İlk dəfə idi ki sabahı haqqında danışırdı.
Paris yağış altında hər kəsi isladır, amma ruhunu yalnız bəziləri hiss edə bilirdi. Bir gün Janna kilsəyə gedərək keşişə “Mən inancları başqa olan birinə aşiq oldum, bu günahmı? Niyə insanlar sadəcə inanclarına görə başqalarından nifrət edər? Kilsə Modilyanidən nifrət etmir, deyilmi?” -deyə göz yaşları içində rahibə sual vermişdi.
Zborovski ilə tanışlıq
Hər dahi öz yolunu tək gedir, amma bəzən kimsə onun addımlarına şahidlik edir. Modilyani Leopold Zborovski ilə tanış olanda Zborovski dərhal başa düşmüşdü ki qarşısında dayanan bu gənc rəssam bohem bir həyatın fiquru deyildi: O gec başa düşülən bir dahi idi. Dərhal şəhərin mərkəzində bir emalatxana kirayələdi, boyalar, kətanlar aldı, modellər gətirdi. Modilyani ilk dəfə idi ki birinin onun fırçasına inanaraq pul xərclədiyini görürdü. Onların dostluğu bərabər deyildi. Zborovski qayğı göstərən tərəf idi, Modilyani isə qəbul edən tərəf. Amma bu münasibətdə nə minnət hissi vardı, nə də borc hissi. Zborovski bilirdi ki, Modilyani ona deyil, sənətinə sadiqdir. Modilyaninin əsərləri bəzən bir kirayə puluna satılırdı, amma o buna etiraz etmirdi. Çünki o rəsmlər onun üçün puldan çox nəfəs idi.
Zborovski onun son illərinin şahidi oldu. Xəstəliyini gördü, amma kömək etmək üçün gecikdiyini də bildi. O Modilyanini yaşatmaq istəsə də yalnız ona yol yoldaşı ola bildi. Modilyani öldükdən sonra Zborovski rəsmlərlə tək qaldı. O rəsmlər ki bir vaxtlar satılmırdı, indi isə hamı istəyirdi. Paris nəhayət ki anlamışdı amma Zborovski üçün artıq gec idi. Çünki o əsərlər bir dostun yoxluğunu xatırladırdı.
Parisdə rəsmlərin deyil, talelərin yarışdığı gün
Rəvayətlərə görə bir gün Parisdə sərgi keçirələcəyi xəbəri yayılır. Şəhər həyəcan içində idi. Dövrün tanınmış adları siyahıda idi: Soitune, Rivera, Kislinq, Utrillo... Adlar bir-bir oxunduqca sənət çevrələrində pıçıltı artırdı. Modilyani isə siyahıda yox idi. Hətta deyirdilər ki iştirak etməyəcək. Kimsə buna təəccübənmədi, çünki Modilyani axına qarşı gedənlərdən idi.
Parisə qar yağırdı. Soyuq bir qış günü idi. Restoranlardan birinin salonunda divardan asılan, sərgidə yarışacaq olan rəssamlar siyahısının qarşısında qəfl bir hərəkət oldu. Hündürboylu, aristokrat görünümlü bir kölgə qəfl irəli çıxdı. Dodaqlarının kənarında siqaret, baxışlarında sakit bir təkəbbür vardı. O, Modilyani idi. Heç nə demədən sadəcə siyahıya yaxınlaşdı, paltosunun cibindən qələmi çıxartdı və hər kəsin gözləri önündə əvvəl öz ad və soyadını yazdı: Amadeo Modilyani. İmzasını çəkdi və bir anlıq durdu. Sonra da bir az kənarda əyləşən Pablo Pikassonun gözlərinin içinə baxaraq xəfif gülümsədi. Siyahıda öz adından sonra duelə çağırırmış kimi onun da adını əlavə etdi. Zal susdu. Bu təsadüf deyildi, bu açıq-aşkar meydan oxuma idi. Hər kəs Pikassoya baxırdı. O kinayə ilə gülümsədi. Həmin təbəssümdə Modilyaninin duruşuna həm heyranlıq var idi, həm də onun cəsarətinə gizlədilməyən bir heyranlıq. Pikassoya bu çağırış tanış idi. O, Modilyaninin nə demək istədiyini anlayırdı. Və Pablo Pikasso susaraq ağır addımlarla yaxınlaşıb öz adının qarşısından imzasını çəkərək meydan oxumanı qəbul edir. Salonu uca dəstəkləyici və alqış səsləri bürüyür. Çünki Paris həmin gün yalnız sərgiyə deyil, iki dahinin səssiz duelinin şahidi olmağa hazırlaşırdı. Amma hamı bilirdi ki, bu sərgi deyildi, Modilyaninin ortalığa atdığı açıq sual, Parisin sənət dünyasına verdiyi mesaj idi.
Parisə qar yağırdı. Şəhər sərgiyə hazırlaşırdı. Fırçalar rənglərlə rəqs edir, hər rəssam həyəcanla möhtəşəm bir əsər yaratmaq üçün çalışırdı. Tanınmış rəssamların edəcəyi iştiraka baxmayaraq, hər kəs, hətta rəssamların da özləri bilirdi ki bu yalnız yarış deyil, iki rəsm tanrısının üz-üzə gələcəyi an olacaqdı.
Bəzən bir tablo qarşısında bütün səslər susa bilər.
Parisin sənət dünyası nəfəsini saxlamışdı. Janna da salonda idi. Hamilə olmasına baxmayaraq böyük həyəcanla gəlmişdi. Anası isə Modilyani ilə Jannanın körpə qızını gətirib Jannaya vermişdi ki, onlara uğur gətirsin. Modilyani isə hələ də görünmürdü. İnsanların gözləri qapıda idi, duel üçün hər kəs onun yolunu gözəyirdi.
Rəvayətə görə Modilyani növbəti övladına hamilə olan Jannaya sürpriz etmək üçün nikah dairəsindən ər-arvad olduqlarını təsdiq edən rəsmi sənəd alır. Saatına baxır, sərginin vaxtına hələ var deyə düşünüb bir meyxanəyə girib əyləşir. İçki içərkən əlindəki nikah kağızını göstərib meyxanə sahibinə uca səslə “Mən artıq zənginəm” deyir. Yarışın başlamasına çox az qalmışdı. Modilyani uzun qara paltosunu geyinib, səliqəli görünüşü ilə sərgiyə çatmağa çalışırdı. Onun zəngin olduğunu sanıb, izləyən şəxslər soyğunçuluq məqsədi ilə onu ölümcül döyüb üstünü və ciblərini axtarırlar. Modilyaninin xəstə bədəni bu zərbələri qaldıra bilmir. İllərlə şərabla, siqaretlə, aclıqla aldadılan xəstəliyi bu gecə adını dedi. Modilyani al qanlar içində qar üzərinə yıxılır. Parisin evlərinin işıqları pəncərələrdən yollara süzülür, küçələrdə itlər hürürdü. Heç kim bilmirdi ki bu şəhərin hündür boylu, ən yaraşıqlı rəssamı son nəfəsini verir.
Salonun içində gərginlik artırdı. Hər kəs susmuşdu. Sanki zaman dayanmış, yalnız bir nəfəri gözləyirdi. Vaxt gedirdi... Çox gözləyə bilməzdilər. Sərgi başladı. Modilyaninin dostları rəsm əsərlərinə deyil, qapıya tərəf baxırdılar. Janna qucağında körpəsini sıxır, nəsə böyük bir şeyin baş verməkdə olduğunu hiss edirdi. Rəsm tablolarının üzərindən örtüklər çəkilir və bir-bir təqdim olunurdu: Rəssam Şaim Sote (Chaim Soutine) əsərin adı - “Mənim qırmızım” – salon alqışlayır. Rəssam Moris Utrillo “Dəlilik” – salon alqışlayır. Bir-birindən möhtəşəm əsərlər təqdim olunur, lakin Amadeo gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Modilyaninin əsəri sona saxlanılmışdı. Salonun izdihamı artıq səbrsiz idi, hər kəs – rəssamlar belə onu gözləyirdi. Və növbə çatdı Pikasonun əsərinə. Tablonun üzərindən örtük götürülür və əsəri təqdim edirlər: Rəssam Pablo Pikasso, əsərin adı “Modilyani”.
Pablo Pikasso “Modilyani”
Bəli, Pablo onu çəkmişdi. Zalda sükut yarandı. Hər kəs susdu, çünki heç kim bunu gözləmirdi. Fırçanın hər xəttini, rənglərin hər toxunuşunu hiss etmək mümkün idi. Bu əsər yalnız portret yox, həm dostluq, həm heyranlıq və bir az da həsəd qarışığı idi. Sonra gurultulu alqışlar qopdu, “Bravo!”, “Bravo!” deyə ucalan səslər bütün salonu doldurdu. İnsanlar ayağa qalxdı, qəlblərində həm heyranlıq, həm də təəccüb var idi. Pablo isə fəxr dolu kiçik bir təbəssümlə başını yelləyərək “Bəli, bu mənim əsərimdir.” deyərmişcəsinə ətrafına baxdı. Çünki o bilirdi ki, Modilyaninin bütün dünyaya mövcudluğunu göstərmək üçün sadəcə bir addım atması kifayətdir.
Sərgidə sonuncu rəsm təqdim olundu. Rəssam Amadeo Modilyani, əsərin adı “Janna”. Salon bu əsər qarşısında da susur. Amadeo Jannanın rəsmini çəkmişdi. Hər kəsin nəfəsi tutulmuşdu. Fırçanın hər xətti, rəngin hər tonu Modilyaninin duyğularını, ehtirasını və sevgisini daşıyırdı. Jannanın ağlamaq səsi zalın sükutunu pozur. Çünki “Gözlər qəlbin aynasıdır, qəlbini gördüyüm zaman gözlərini çəkəcəm.” Deyən rəssam Jannanın gözlərini də çəkmişdi. Amadeo ilk dəfə bir qadının ruhunu görə bilmişdi. Sonrasında Pablo Pikassonun alqışı bu sükutu pozur. Ardınca salonda gurultulu alqışlar başlayır və bu əsər Modilyaninin son əsəri olur.
Jeanne Hebuterne və onun portreti.
Paris susurdu, yağan qar isə onun hekayəsini yazırdı.
O gecə qar ağ idi, amma dahinin yolu qırmızı yazılmışdı. Modilyani özünə gələndən sonra birtəhər ayağa qalxır, qanlar içində sərxoş və halsız halda evinə sürünür. Bu artıq bir rəssamın yox, ömrünün sonuna çatan bir ruhun gedişi olur. Onu qızdırma içində tapan dostları dərhal xəstəxanaya çatdırırlar. Amma artıq gec idi. Vərəm illərlə bədənini, aclıq və səfalət isə ruhunu yeyib bitirmişdi. O hücum isə bu zəif bədəni yalnız surətlə çökdürmüşdü. 1920-ci ilin yanvar ayının 24-də 35 yaşlı gənc rəssam qızdırma içində gözlərini yumur. Həqiqət budur ki, onu öldürən illərin səfaləti, yoxsulluğu və laqeydliyi idi.
Modilyaninin ölümündən sonra Paris dəyişmədi. Küçələr yenə də işıqlı idi, yağış yenə şəhəri isladırdı. Seine çayı əvvəlkitək şəhərin işıqları altında rənglənirdi. Dəyişən yalnız Janna idi. O artıq danışmırdı. Gözləri ancaq bir nöqtəyə baxırdı: sanki Amadeonun yarım qalan portretlərindən birinə. Janna o gün atasının evində idi. Sevdiyi insan artıq yox idi. Janna bilirdi ki, Modilyani olmadan bu şəhər də, bu həyat da artıq ona aid deyil. Parisə “Sevgilər şəhəri” deyilir, amma o sevgi Janna üçün çox qısa oldu. Modilyani öldükdən sonra çox şey dəyişdi. Paris onun yoxluğunu o zaman hiss etdi ki, tabloları birdən-birə qiymətə mindi. Vaxtı ilə bir şərab şüşəsinə, bir boşqab yeməyə və ya bir gecəlik sığınacağa satılan əsərlər, illər sonra hərrac salonlarında milyonlarla ölçülməyə başladı.
Modilyaninin dəfni
1920-ci ilin yanvarı idi. Parisə qar yağırdı. O Parisə ki, onu sağlığında görməzdən gəlmişdi, indi isə sükutla yola salırdı. Modilyaninin tabutu sadə idi. Nə çiçək vardı üzərində, nə də dəbdəbə. Onu dəfn edənlər çox deyildi. Bir neçə dost, bir neçə rəssam, bir neçə səssiz baxış… O gün Paris küçələri ilk dəfə onu ayıq gördü. Dəfn mərasimi Pere-Lachaise qəbiristanlığında keçirildi. Külək əsirdi. Qara paltarlı adamlar susurdu. Çünki bu ölümü sözlə izah etmək olmurdu. Modilyani yoxsulluqdan, xəstəlikdən, gecikmiş anlayışdan ölmüşdü. Pablo Pikasso da oradaydı. Susurdu. Başını aşağı salmışdı. O başa düşürdü: bu dəfn sadəcə bir rəssamın yox, bir dövrün dəfni idi. Onunla yarışmışdı, ona həsəd aparmışdı, ona heyran olmuşdu. İndi isə bu hisslərin hamısı qarın altında donub qalmışdı. Zborovski tabutun kənarında dayanmışdı. Əlləri cibində idi. Çünki o əllərlə artıq heç nə edə bilmirdi. Həyatında ilk dəfə idi ki, bir istedadı xilas edə bilmədiyini açıq şəkildə qəbul edirdi. Və Janna… Səkkiz aylıq hamilə Janna. Ağ üzlü, səssiz. Gözləri nə ağlayırdı, nə də baxırdı. Sanki hər şeyi əvvəlcədən bilirmiş kimi. İnsanlar isə ona baxmağa cürət etmirdi. Çünki o, artıq bir dul qadın deyildi – o həm bir yaşlı kiçik bir qızın anası və hələ doğulmamış bir uşağın tək valideyni idi. Tabut torpağa endiriləndə, kimsə pıçıldadı: — “Dahi idi…” Amma bu söz artıq gecikmişdi. Modilyani həyatında çox az şey qazandı: bir neçə dost, bir böyük sevgi və bir də fırça. Amma o fırça ilə insan ruhunun ən kədərli baxışlarını çəkib getdi. Paris yenə işıqlanacaqdı. Kafelər dolacaqdı. Sərgilər açılacaqdı. Amma Modilyani üçün bu şəhər ilk dəfə tam susmuşdu.
Jannanın ölümü
Modilyaninin ölümündən bir gün sonra səhər tezdən Janna beşikdəki qızını öpərək, göz yaşları içində “Məni bağışla” deyərək pıçıldadı. Pəncərəyə yaxınlaşdı, küçə səssiz idi. Heç kim bilmirdi ki bir dahinin sevgilisi son qərarını verir. Janna bir anlıq dayandı. Sanki Amadeonun fırça toxunuşlarını xatırladı. Sanki siqaret tüstüsünün arxasından ona baxan o tanış baxışları gördü; bir anlıq gülümsədi. Və sonra səssizlik gəldi.
1920-ci il 25 yanvar tarixində 19 yaşlı hamilə Janna özünü pəncərədən ataraq intihar etdi. Artıq Janna da yox idi, yalnız onun qar üzərindəki izi qalmışdı.
Janna ailəsi tərəfindən ayrı dəfn edildi, amma Parisdəki sənətkarlar və dostlarının xatirəsi, sözləri və arzusu ilə ailəsindən razılıq alınaraq onun qəbri 10 il sonra Modilyaninin yanına köçürüldü. Beləcə, onlar ölümdən sonra belə bir-birlərinə yaxın oldular, Paris isə bu iki dahi ruhun sükutunu saxladı.
Şəhər qaldı, hekayələr bitdi.
Paris küçələri yenə işıqlı idi. Gecə fənərlərin işığında daşlar parıldayırdı. Küçələrə tanış olan Modilyaninin addım səsləri artıq yox idi. Siqaret tüstüsü çəkilmişdi, fırça susmuşdu. Uzunboylu qadınlar kətanlarda donub qalmışdı. Lakin Amadeo Modilyaninin geridə qoyduğu ən səssiz tablo qızı idi. O, atasını tanımadan böyüdü, anasının səsini isə çox tez itirdi. Onun uşaqlığı fırça səsinin, siqaret tüstüsünün, gecəyarı söhbətlərin xatirəsi olmadan keçdi. Nənəsi böyütdü onu, öz qızının adını verdi körpə nəvəsinə - Janna Modilyani. Hansı ki bu ad bir gün rəsm sənətinin tarixində atasının kölgəsini xatırladacaqdı.
Janna getmişdi, Amadeo getmişdi. Paris isə qalırdı – sevgilərini gec anlayan, dahilərini gec tanıyan bir şəhər kimi. Bəlkə də buna görə deyirlər: Paris gözəldir, lakin mərhəmətsizdir.
Amadeodan sonra Pablo Parisdə qaldı. Sərgilər davam etdi, salonlar doldu, alqışlar səngimədi. Pablo daha da tanındı, yaşadı, yaratdı, qazandı. Onun adı artıq bahalı çərçivələrdə, iri zallarda, zəngin kolleksiyalarda dolaşırdı. Paris onu qucaqladı – sağ ikən. Amma o tanınmanın kölgəsində bir susqunluq vardı. Çünki Modilyani yox idi. Pablo bilirdi ki, o laqeyd baxış, siqaret tüstüsünün arxasından gələn meydanoxuma artıq olmayacaqdı. Rəqabət bitmişdi. Amma qələbə də sevinc gətirməmişdi. Amadeo sağ ikən insanların ona olan sevgisinə nifrət edən Pablo yoxluğunda onun üçün darıxmağa başlamışdı. Bəzən insan ən böyük rəqibini uduzanda qalib olur və qələbənin mənasızlığını məhz o zaman anlayır. Pablo bunu başa düşənlərdən idi. O, Modilyaninin istedadına heyran idi, bəlkə də ona görə paxıllıq edirdi. Çünki Modilyani rənglə yox, ruhla çəkirdi. Pikasso isə bunu görürdü, qiymətləndirirdi. Amadeo öldü, Pablo yaşadı. Amma Paris hər ikisini eyni anda sevə bilmədi.
Amadeodan sonra Montparnasse masalarında bir stəkan artıq idi, bir səs əskik. Modilyaninin yoxluğu Parisin daşına, kafelərin masasına, rəsm otelyelərin divarlarına hopmuşdu. Modilyaninin dostlarının çoxu tanınmış rəssamlar idi. Onlar Parisdə tanış olmuşdular. Və bu dostluqlar pul üzərindən yox, sənət üzərindən qurulmuşdu. Rəssam Şaim Sutin (Sote) (Chaim Soutine) onunla eyni süfrədə ac qaldı, onunla güldü, onunla yoldaşlıq etdi. Rəssam Moiz Kislinq (Moise Kisling) onun portretini çəkirdi, çünki hiss edirdi ki bu adam tarix olacaq. Maks Jakob, Giyom Apolliner və Andre Salmon - hər üçü Pablo Pikasso və Amadeo Modilyaninin dost çevrəsinə daxil olub, onların yaradıcılıqlarını yazıları ilə müdafiə edən ədəbiyyat adamlarından sayılırdılar. Rəssam və yazıçı Maks Jakob (Max Jacob) susdu, daha az danışdı. Çünki o bilirdi ki, bəzi istedadların taleyi sözlə izah olunmurdu. Yazıçı və şair Giyom Apolliner (Guillaume Appolianire) yazdı. O, Modilyaninin rəsmlərində primitivliyi yox, ruhun ən saf halını görənlərdən idi. Andre Salmon deyirdi ki, Modilyani ən kasıb günlərində belə aristokrat kimi görünməyi bacarırdı.
Amadeodan sonra rəssam Moris Utrillo bir müddət özünə qapandı. O, Parisdə daim onun yoxluğunu hiss edən ən yaxın dostlarından biri idi. Onlar eyni küçələrdə ac qalmış, eyni kafelərdə sərxoş olmuşdular. Modilyaninin yoxluğunda Paris dəyişmədi amma Utrillonun baxışları dəyişdi. Onun üçün Paris təkcə şəhər deyildi, itirdiyi dostunun xatirəsi idi. Eyni divarlara rəsm çəkib, eyni divarları boyamışdılar, amma hər biri o divarların altında başqa cür yaşadı. Modilyani fırçasını yerə qoydu, Utrillo isə onu həmin küçələrdə xatırlamağa davam etdi. Onları birləşdirən dostluqdan çox eyni tənhalıq idi. Paris iki rəssamı da öldürdü, sadəcə fərqli zamanlarda.
Amadeodan sonra Zborovski əllərində satılmamış əsərlərlə Parisin qapılarını yenə döydü. Bu dəfə rəsmlər eyni idi, amma baxışlar dəyişmişdi. O, bir dahini yaşatmaq istəmişdi, lakin gec başa düşülən istedadın yükü səs-küyə dözmürdü. Bunun üçün Zborovski daha çox susdu.
Bəzən dostluq insanı xilas etmir, bəzən sadəcə şahidlik edir. Modilyaninin dostları var idi, amma onu həyatda saxlayacaq qədər güclü heç kim yox idi.
Kitablara və filmlərə çevrilən həyat
Modilyaninin taleyi yalnız tablolarında deyil, kino ekranlarında və kitab səhivələrində də yaşadı. Meril Sikrestin “Modigliani: A Life” (Modilyani: Bir Həyat), Kristian Parizonun “Modigliani” və Cun Rouzun “Modigliani: The Pure Bohemian” (Modilyani: Saf Bohem) əsərləri onun həyatını sətirlərə köçürdü. Beləcə, o, yalnız rənglərdə deyil, sözlərdə də yaşamağa davam etdi, hər dəfə yenidən oxunan, hər dəfə yenidən kəşf olunan bir dahi kimi.
1958-ci ildə çəkilmiş “Montparnasse 19” filmi bir çoxları üçün Modilyaninin adını ilk dəfə eşitdikləri ekran əsəri oldu. Daha sonra 2004-cü ildə çəkilən, baş rollar Andy Garcianın üstləndiyi “Modegliani” filmi isə onun həyatını daha dramatik və emosional prizmadan təqdim edərək, Modilyanini yeni nəsil tamaşaçılara tanıtdı və onun son günlərinin səssiz faciəsini göstərdi.
Beləcə, Modilyani təkcə tablolarında deyil, ekranlarda da yaşadı; əvvəl qara-ağ kadrların sükutunda, sonra isə rəngli səhnələrin ağrısında.

Bəzən dahilər həyatları boyu alqış eşitmirlər. Modilyani də o alqışları eşitmədən gedənlərdən idi. Amma illər sonra Paris qalereyalarında səslənən hər alqış sanki gecikmiş bir üzrxahlıq kimi onun ruhuna çatdı. Modilyani getdi. Amma getdikdən sonra belə fırçasının çəkdiyi baxışlar hələ də insanlara baxmağa davam etdi. O, həyatında çox az şey qazandı: bir neçə dost, bir böyük sevgi və bir də fırça. Paris onu çox vaxt anlamadı. Amma illər sonra eyni şəhər onun rəsmlərinin qarşısında dayanıb susmağı öyrəndi. Modilyani şöhrəti görmədi. Lakin, ölümündən sonra dünya onun çəkdiyi hər portretdə bir dahinin imzasını tanıdı. O, həyatı boyu yoxsul yaşadı. Amma ölümündən sonra dünya onun yoxsul otağından çıxan rəsmlərin qiymətini ölçə bilmədi.
Amadeodan sonra Paris yenə canlı və gözəl idi. Montparnasse kafelərində stullar yenə dolurdu, rəssamlar yenə tablolar çəkirdi. Amma o şəhərin küçələrində artıq iki kölgə yox idi. Bir vaxtlar yağışlı gecələrdə sərxoş addımlarla dolaşan Amadeo və onun ardınca səssiz addımlarla gələn Janna. Şəhər olduğu kimi qalmışdı, amma onların hekayəsi bitmişdi.
Məhluqə Nuraliyeva
Xpress.az