Borcu 140 min manatı aşan “Azumi Motors” 7 min manat cərimələndi
“Azumi Motors” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2024-cü ildə 22 min ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürüb.
Şirkət 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Azumi Motors” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında olan 4400 dollar (7480 manat) cərimə edilib.
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərən “Azumi Motors”un hazırda dövlətə 144 min manat vergi borcu var. Müxtəlif markalı avtomobillər üçün ehtiyat hissələrinin satışı və servis xidmətləri göstərən avtomobil xidmət mərkəzi və mağazanın direktoru Emil Bayramovdur.