Model agentliklərindən təklif alan qadın zibil çeşidləməyi seçdi
Çində tullantıların çeşidlənməsi ilə məşğul olan 20 yaşlı Leng Minghui model agentliklərindən aldığı təkliflərə baxmayaraq, əsas işindən ayrılmaq istəməyib. O, zibil çeşidləməyi sevdiyini və bu işi davam etdirmək niyyətində olduğunu bildirib.
Xpress.az-ın Daily Star qəzetinə istinadən verdiyi məlumata görə, Çinin Zhejiang əyalətindən olan Leng Minghui Taizhou şəhərindəki tullantıların təkrar emalı müəssisəsində işləyərkən çəkilmiş videosunun sosial şəbəkələrdə yayılmasından sonra məşhurlaşıb. İzləyicilər onun xarici görünüşünü modelə bənzədib və bu, moda sənayesinin nümayəndələrinin diqqətini cəlb edib.
Çinli modelyer və model agenti Lu Xianren gənc qadının potensialını yüksək qiymətləndirərək onu “təbii supermodel” adlandırıb və podiuma çıxmasına kömək edib.
Bununla belə, Leng Minghui modellik fəaliyyətini əsas işinə çevirməkdən imtina edib. O bildirib ki, tullantıların çeşidləndiyi müəssisə sevgilisinin atasının ailə biznesidir və cütlük müəssisənin idarə olunmasına kömək edir. Gənc qadın işini sevdiyini və onu tərk etmək istəmədiyini vurğulayıb.
“Zibil toplamaq yemək üçün bir yoldur, modellik isə bir xəyaldır. Bu iki yol bir-birinə zidd deyil”, — deyə Leng Minghui bildirib.
Məlumata görə, Leng Minghui çətin uşaqlıq keçirib. Valideynləri o, bir yaşında olarkən ayrılıb. Babasının ölümündən sonra, 15 yaşında təhsilini yarımçıq qoyaraq kassir və ofisiant kimi işləməyə başlayıb. Daha sonra sevgilisinin ailəsi ona dəstək olub və təhsil xərclərini qarşılayıb.
Hazırda gənc qadın tullantıların çeşidlənməsi sahəsindəki işini davam etdirməklə yanaşı, podiuma da çıxır. O, modellik təkliflərinin hələlik az olduğunu etiraf edib və bu sahədə bacarıqlarını inkişaf etdirmək üçün daha çox çalışdığını bildirib.