İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır
Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində layihələr icra olunur.
Xpress.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.
Onun sözlərinə görə, dövlət qurumları və müəssisələri standartların tətbiqində fəal iştirak edirlər: "Əsasən "ISO 9001" Keyfiyyəti İdarəetmə Sistemi standartına maraq böyükdür. Bununla yanaşı, dayanıqlı inkişaf, əməyin mühafizəsi, kibertəhlükəsizlik və süni intellekt sahəsində olan standartlar da gündən-günə populyarlaşır".
Sədr müavini qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişaf Agentliyi ilə birgə sənaye parklarında pilot layihə icra edilməsi planlaşdırılır: "Biz sənaye parklarındakı istehsal müəssisələrinə yerində ziyarətlər təşkil edərək istehsal prosesləri ilə tanış olur, hazırlanan məhsulların potensial xarici bazarların məcburi tələblərinə və standartlarına uyğunluğunu araşdırırıq. Məqsəd yerli məhsulların xarici bazarlara maneəsiz çıxışını təmin etmək üçün müvafiq standartlaşdırma dəstəyi göstərməkdir".
Onun sözlərinə görə, növbəti mərhələdə ölkə üzrə bütün istehsal müəssisələrinin mərhələli şəkildə ziyarət edilməsi, sahibkarlara standartlaşma, metrologiya və keyfiyyət infrastrukturu sahəsində geniş məlumatların verilməsi və qiymətləndirmələrin aparılması nəzərdə tutulur.