Müəllim olmaq istəyənlərin diqqətinə – Vakansiya var
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilib.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi), riyaziyyat (Azərbaycan bölməsi), ingilis dili (Azərbaycan bölməsi), ibtidai sinif (Azərbaycan bölməsi) fənləri üzrə müraciətlər qəbul olunur.
Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.
Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə sənədi (diplom) təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.