Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Vətəndən ayrı düşmək ən ağır dərddir” -
“Vətəndən ayrı düşmək ən ağır dərddir” -
Ana səhifə

“Vətəndən ayrı düşmək ən ağır dərddir” - MÜSAHİBƏ + FOTO

Xpress.az Redaksiyası 18.09.2026 17:44

Azərbaycan xalqı son iki əsr ərzində işğal, silahlı münaqişələr, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlardan böyük əziyyət çəkib. Çar Rusiyası tərəfindən 1828-ci ildə İrəvan xanlığının işğalından sonra bu coğrafiyanın aborigen əhalisi məqsədli şəkildə sıxışdırılıb, zorakılıqlara və deportasiyaya məruz qalıb.

Zorla ata-baba yurdundan köçürülən azərbaycanlıların evlərində Türkiyə, İran, Rusiya və digər xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılıb. Qərbi Azərbaycanda 1905-1907, 1918-1921-ci illərin soyqırımları, SSRİ rəhbəri İosif Stalinin qərarı ilə 1948-1953-cü illərin deportasiyası soydaşlarımıza daha böyük faciələr yaşadıb. Zorakılıq, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərə məruz qalan yüzminlərlə azərbaycanlı həyatını itirib, öz ev-eşiyindən didərgin salınıb. Ən nəhayət, 1987-1991-ci illərdə 300 mindən çox azərbaycanlı tarixi Vətənindən deportasiya olunub. Bu proses insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib.

Ailə yaddaşı, nəsildən-nəslə ötürülən mənəvi məsuliyyət

Bütün bu hadisələrdən əziyyət çəkən ailələrdən biri də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Aysel Şamilovanın valideynləri, onun babalarıdır. Xpress.az Qərbi Azərbaycan mövzusunda A.Şamilova ilə müsahibəni təqdim edir.

- Aysel xanım, vaxtilə ata-babalarınızın yaşadığı, Sizin isə üzünü görmədiyiniz tarixi torpaqlarımızla bağlı düşüncələriniz, təəssüratınız varmı? Ümumiyyətlə, Qərbi Azərbaycan Sizin üçün nə anlam kəsb edir?

- Mən ilk növbədə, Qərbi Azərbaycanın tarixi həqiqətlərini və bu torpaqlardan didərgin düşmüş minlərlə ailənin, o cümlədən mənim ailəmin səsini çatdırmaq üçün yaratdığınız bu imkana görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu mövzu mənim üçün təkcə ictimai-siyasi məsələ deyil, həm də ailə yaddaşı, nəsildən-nəslə ötürülən mənəvi bir məsuliyyətdir. Mənim atam Zəngibasar mahalının Dəmirçi kəndindəndir, anam isə Zəngibasarın özündən idi. Mən anamı vaxtsız itirmiş bir övladam. Anamın itkisi mənim üçün ikinci bir yurd itkisi kimi idi. Çünki mən sizə bəlkə də dünyanın ən qəribə və ən dərin sevgisindən bəhs edəcəyəm. Mən heç zaman ayaq basmadığım, havasını udmadığım, ancaq hər daşına aşiq olduğum Zəngibasar mahalından danışacağam. Mən o diyarları valideynlərimin gözü ilə görüb sevmişəm, onların danışdıqları xatirələr ilə böyümüşəm. Valideynlərim mənə Zəngibasarı elə incəliklə, elə detallarla danışırdılar ki, sanki mən hər səhər o həyətdə oyanmışam, Zəngi çayının sahilində gəzmişəm.

Bütöv Azərbaycanın ayrılmaz və əzəli bir parçası

Qərbi Azərbaycan və onun mərkəzi olan İrəvan tarixən Bütöv Azərbaycanın ayrılmaz və əzəli bir parçası olub. Bu həqiqət təkcə milli yaddaşımıza deyil, saysız-hesabsız tarixi mənbələrə, arxiv sənədlərinə və coğrafi adlara söykənir. Belə ki, XVIII əsrdə yaradılmış İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi. Tarixi sənədlər də göstərir ki, İrəvan XVIII əsrdə İrəvan xanlığının paytaxtı olub və əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət idi. Toponimlər və mədəni izlər də bu torpaqların Azərbaycanın əzəli torpaqları olduğunu sübut edir.

1828-ci il fevralın 21-də imzalanan Türkmənçay müqaviləsindən sonra İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalı bölgənin taleyində faciəvi dönüş nöqtəsi yaratdı. İşğaldan dərhal sonra imperiyanın məqsədyönlü demoqrafik siyasəti həyata keçirildi. İran və Osmanlı ərazilərindən ermənilər kütləvi şəkildə Qərbi Azərbaycanın münbit torpaqlarına köçürüldü, yerli azərbaycanlı əhali isə sıxışdırılmağa başladı. Bu köçürmələr təsadüfi deyil, uzunmüddətli etnik tərkibin dəyişdirilməsi planının tərkib hissəsi idi. Azərbaycanlıların yüzillərlə yaşadığı kəndlərdə balans süni şəkildə pozuldu, gələcək qarşıdurmaların əsası məhz həmin dövrdə qoyuldu. Bu proses 1920-ci ildə Sovet Rusiyasının Cənubi Qafqazı işğalı ilə daha da kəskinləşdi. Bolşeviklərin regiona gəlişi ilə tarixi və hüquqi reallıqlar nəzərə alınmadan yeni siyasi xəritə formalaşdırıldı. Qərbi Azərbaycanın tarixi torpaqları əsasında süni şəkildə Ermənistan Sovet Sosialist Respublikası yaradıldı. Bizim əzəli torpaqlarımız - İrəvan, Zəngibasar, Göyçə, Zəngəzur və digər bölgələr hissə-hissə bizdən qoparılaraq bu quruma verildi. Bununla da azərbaycanlılar öz doğma yurdunda azlığa çevrilməyə məhkum edildi. Süni Ermənistan dövləti yaradıldıqdan sonra orada yaşayan azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik və sıxışdırılma siyasəti ardıcıl şəkildə davam etdirildi. Torpaq, təhsil, idarəetmə və mədəniyyət sahələrində azərbaycanlılar kənarlaşdırıldı, kəndlərin adları dəyişdirildi, tarixi-mədəni izlər silinməyə başlandı. Götürək elə mənim ata-baba yurdum olan Zəngibasarı, Zəngibasar İrəvan xanlığının 15 tarixi Azərbaycan mahallarından biri idi; Sovet dövründə 1937‑ci ildə rayon oldu və 1953‑cü ildə birləşdirilərək Hrazdan adlandırıldı, (Hrazdan erməni dilində atəş çayı, odlu çay deməkdir). 1969‑cu ildə isə Masis adı ilə təşkil olundu.

“Pambıqçılığın inkişafı” bəhanəsi ilə Kür-Araz ovalığına köçürülmə

Bu siyasətin ən ağır mərhələlərindən biri 1948–1953-cü illər deportasiyaları oldu. Minlərlə azərbaycanlı ailə “pambıqçılığın inkişafı” kimi formal bəhanələrlə öz doğma yurdlarından zorla çıxarılaraq Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. İnsanlar yüzillərlə yaşadıqları evlərini, məzarlarını, torpaqlarını bir gecənin içində tərk etməyə məcbur qaldılar. Mən düşünürəm ki, burda ən ağır gələn məqam öz doğmalarının məzarlarını qoyub gedməyə məcbur olmaları idi. Odur ki, bu deportasiya təkcə fiziki köçürülmə deyil, həm də mənəvi sarsıntı, sosial faciə idi.

Bu zülmün son və ən amansız mərhələsi isə 1988-ci ildə baş verdi. Heç bir hüquqi əsas olmadan, insanların mal-mülkü talan edildi, ailələr qışın şaxtasında evlərindən qovuldu. Qocalar, qadınlar, uşaqlar ağır şəraitdə doğma yurdlarını tərk etməyə məcbur oldular. Bu, sadəcə insanların köçürülməsi deyil, bütöv bir xalqın tarixi-mədəni köklərindən qoparılması idi.

Mənim ailəm də bu acı tarixin canlı şahidi və qurbanıdır. Babamgil iki dəfə deportasiyaya məruz qalıblar. Ailəmiz deportasiyadan sonra Azərbaycana pənah gətirərək burada yenidən həyata tutunsa da, qəlbimiz hər zaman Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb. Biz bu torpaqları yaddaşımızda, dualarımızda və ailə söhbətlərində yaşadırıq.

“İlk vaxtlar içməli su tapmaq belə böyük problem idi”

- Qeyd etdiniz ki, ata-babalarınız, valideynləriniz ötən əsrdə iki dəfə deportasiyaya məruz qalıblar. Bu barədə bir qədər ətraflı məlumat vermənizi istərdim. O illərdə ailə üzvləriniz, həmkəndliləriniz hansı müsibətlərlə üzləşiblər?

- Az öncə qeyd etdiyim kimi atam Zəngibasar mahalının Dəmirçi kəndində doğulub, lakin ata tərəfədən babamgil əslən Qərbi Azərbaycanın Ellər rayonunun Zar kəndindədi, hələ 1918-ci ilin fevralında Zar kəndində azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış. Bu dövrdə kənddən çoxlu azərbaycanlı köçmüş və yerinə Türkiyənin Van və Malazgird vilayətlərindən erməni ailələri yerləşdirilmişdir. Kənddən köçməyənlərin evlərini isə yandırmışdılar, O vaxtlar babamın babası Kərbəlayı Ələsgər yaşadığı ərazidə hörmət olunan adamlardan olub, onların ailəsi üzləşdiyi çətinliklərə baxmayaraq yurdlarını tərk etmirlər. Lakin 1948-ci ilin yay aylarında deportasiyaya məruz qalırlar. Babamın o vaxt cəmi 12 yaşı olub. Deyirdi ki, bir gün qəfil gəlib “köçməlisiniz” dedilər. Nə izah verildi, nə də seçim qoyuldu. İnsanlar nə baş verdiyini anlamadan yola salındılar. Ev-eşik, bağ-bağat, illərlə qurulan həyat bir anda yarımçıq qaldı. Onları Saatlı rayonuna gətiriblər. Amma orada nə ev vardı, nə şərait. İlk vaxtlar içməli su tapmaq belə böyük problem idi.

Babam deyirdi ki, günlərlə təmiz su olmadığından insanlar Kür çayından su içməyə məcbur qalıblar. İqlimə, şəraitə alışa bilməyən çox adam xəstələnib. Xüsusən yaşlılar və uşaqlar arasında ölənlər çox olub. Ölümün dəqiq səbəbini o vaxt heç kim izah etmirdi – kimisi deyirdi sudandır, kimisi istilikdən, kimisi də ümumi səfalətdən. Babam deyirdi ki, amma bir həqiqət var idi: insanlar köməksiz buraxılmışdı. Yaşamaq üçün qamışdan, palçıqdan özlərinə sığınacaq düzəldiblər. Babam danışırdı ki, yağış yağanda içəri su dolurdu. Ailələr aclıq, xəstəlik və ümidsizlik içində günlərini keçirirdi. Mal-qaranı özləri ilə gətirmişdilər, çünki dolanacaqları yeganə ümid o idi. Amma sərhəddə ermənilər “guya heyvanlarda xəstəlik var” bəhanəsi ilə ailələrin bütün mal-qarasını əllərindən alıblar. İnsanlar bir anda həm evsiz, həm də ruzisiz qalıblar. Babam deyirdi ki, o günləri xatırlayanda ən çox yadında qalan böyüklərin səssiz ağlaması idi – çünki uşaqlara heç nə izah edə bilmirdilər. Bu çətin anları danışarkən babam bir məqamı xüsusi ilə qeyd edirdi ki, saatlılar onlara qucaq açıb, gələn ailələrə çox dəstək olublar, çox kömək ediblər.

“1988-ci ildə ailəmiz ikinci dəfə deportasiya faciəsini yaşadı”

Babamın böyük bacısı Zeynəb bibi Dəmirçi kəndinə gəlin köçmüşdü və atasıgili öz yanına Dəmirçiyə gətirdə bilir. Bir çox ailələrin kəndə qayıtmalarında atamın bibisinin - rəhmətlik Zeynəb bibinin yoldaşı - rayonun ziyalısı Oruc müəllimin böyük rolu olmuşdur. O Böyük Vətən müharibəsi iştirakçısı, ziyalı biri idi. Babam Nəriman Yaqubovu isə nəyin ki, kənddə, rayonda yaxşı tanıyırdılar, çox zəhmətkeş biri olub. Çox çətinliklərlə üzləşib, babamgil Dəmirçidə sıfırdan ev tikməyə məcbur qalıblar. Daşını, ağacını özləri daşıyıb, illərlə əziyyət çəkiblər. Babam deyirdi ki, biz Zardan çıxarıldıq sonradan Dəmirçiyə gəldik və sıfırdan ev tikməyə başladıq, lakin Dəmirçi kəndindən məcburi köçürələnlər var idi ki onlar da evsiz qalmışdılar. Belə ki, evlərin bir qismi ermənilər tərəfindən zəbt edilmişdi, bəziləri isə tamamilə dağıdılmışdı. Bağlar, torpaqlar başqalarının adına keçirilmişdi. İnsanlar doğma yurda qayıtsalar da, sanki yad yerə gəlmişdilər.

Amma bununla da bitmədi. 1988-ci ildə ailəmiz ikinci dəfə deportasiya faciəsini yaşadı. Bu dəfə artıq açıq təhlükə, qorxu, təhdidlər vardı. Babamgil doğma yurdu birdəfəlik tərk etməyə məcbur oldular və Bakıya pənah gətirdilər. Babam deyirdi ki, insan üçün ən ağır dərd bir yox, iki dəfə köksündən qoparılıb atılmasıdır, iki dəfə öz dogma yurdundan qoparılmaq – atamın dili desəm bu ruhun sınması idi. Bu hadisələr ailəmizin yaddaşında dərin iz buraxıb. Babamın danışdıqları təkcə bir ailənin yox, bütöv bir xalqın yaşadığı ağrı-acının, ədalətsizliyin hekayəsidir.

“Ermənilər Zəngibasar məzarlığını yerli-yeksan ediblər”

- Bəs 1987-1991-ci ilin deportasiyasında hansı çətinliklər olub? Köç prosesində həmyerlilərinizə qarşı ermənilər necə davranıblar?

- Hələ 1987-ci ilə qədər azərbaycanlılara qarşı ciddi təzyiqlər və açıq ayrı-seçkilik mövcud idi, insanlar iş yerlərində sıxışdırılır, uşaqlar məktəblərdə təzyiqlə üzləşir, ailələr daim qorxu şəraitində yaşayırdı. Bu vəziyyət sonradan daha ağır hadisələrə yol açdı. Danışacağım bu hadisəni mənə dayım özü danışıb. Bu, deportasiyadan xeyli əvvəl - 1983-cü ilin aprel ayında baş verib. Aprelin 24-də Zəngibasarda tarix müəllimi Kərim müəllimin oğlunun toy mərasimi keçirilirdi. Kənd yeri olduğu üçün axşam camaat toya baxmağa yığışmışdı. Dayım İlqar və anamın əmisi oğlanları Valeh və Saleh də orada olublar. Toy zamanı bir dəstə erməni gəlib onlarla salamlaşıb keçib. Amma bir az uzaqlaşan kimi geri dönüb qəfil hücum ediblər. Toyu dağıdıblar, çoxlu insanı döyüblər. Bununla kifayətlənməyib gecə vaxtı Zəngibasar qəbiristanlığına gedərək məzar daşlarını qırıb, dağıdıb yerlə-yeksan ediblər. Xəbər tezliklə kəndə yayılıb. Əhali etiraz üçün küçələrə yığışır, qadınlar isə sərhədə yığılırlar. Lakin orada da qadınlara hücum edilib, daşlanıblar, döyülüblər.

Dayım bu gün də o hadisədən danışanda qəzəbini cilovlaya bilmir, bu hadisə açıq şəkildə göstərirdi ki, ermənilər təkcə insanlara yox, ölülərə belə hörmət etmirdilər - qəbiristanlıqları dağıdır, qadınlara əl qaldırırdılar. Bu baş verənlər sonradan yaşanan deportasiyaların xəbərçisi idi.

Atam deyirdi ki insanlar gecə evlərinin işıqlarını yandırmağa qorxurdular gecə evlər döyülür, daşlanır çıxın burdan çıxmasaz peşman olacaqsız deyərək hədələnirdik. Sonradan təhdidlər artıq açıq zorakılığa keçirdi evlər yandırılır təsərrüfatlar dağıdılır mal-qara oğurlanırdı. Babam deyirdi köç edən azərbaycanlı maşın karvanlarına hücum edilirdi. Valideynlərim deyirdi ən ağır məqam evdən çıxarkən yaşanıb Nazlı nənəm, Sara nənəm həmişə gözyaşlarına boğularaq həmin mənzərəni təsvir edirdilər ki, nə evi sata bildik, nə mülk götürə bildik, çoxumuz sadəcə geyindiyimiz paltarla yola çıxdıq. Bu deportasiya ailəmizin yaşlı nəslinə daha ağır təsir etdi. Nənələrim də, babalarım da doğma yurdlarından ayrı düşməyin ağrısını ömürlərinin sonuna qədər yaşadılar. Onlar daim qaldıqları torpaqları xatırlayır, geri qayıtmaq ümidi ilə yaşayırdılar. Düşünürəm ki, əgər öz yurdlarında qalsaydılar, bəlkə də daha uzun ömür sürərdilər. Çünki insan üçün Vətəndən ayrı düşmək ən ağır dərddir.

“Zəngibasar” adı türk mənşəlidir və bölgədən axan Zəngi çayının adından yaranıb”

- Bir qədər öncə ananızın Zəngibasar rayonununun özündə, atanızın isə Dəmirçi kəndində anadan olduğunu vurğulamışdınız. Bu yurd yeri barədə nələri qeyd edə bilərsiniz?

- Mən ilk öncə bu yurdun qədimliyindən, qədim oğuz-türk yurdu olduğundan danışmaq istəyirəm. Bu yurdun qədim Oğuz-Türk yurdu olması təkcə emosional iddia deyil, tarixi, coğrafi, demoqrafik və mədəni faktlarla sübut olunan həqiqətdir.

Əvvəla, toponimika bunu açıq göstərir. Az öncə də qeyd etdiyim kimi Ata tərəfədən babamgil əslən Qərbi Azərbaycanın Ellər rayonunun Zar kəndindədi. Ellər İrəvan ətrafında, köç yollarının kəsişdiyi, müxtəlif türk tayfalarının yaşadığı ərazi olub, Ellər adı türk mənşəlidir və “el” yəni tayfa, xalq sözünün cəm formasıdır yəni Ellər yerli, qədim türk addır, indi ermənilər həmin rayonun adını Abovyan qoyublar. Zar isə türk dillərində “zar”/“zər” sözləri qədimdə ucqar, sərt, daşlı yer, dağlıq, küləkli ərazi
mənasında işlədilib. Zar kəndinin də dağlıq ərazidə yerləşməsi bu izahı gücləndirir. “Zəngibasar” adı türk mənşəlidir və bölgədən axan Zəngi çayının adından yaranıb. “Basar” komponenti türk dillərində “əhatə edən, yerləşən” mənasını verir. Eyni ilə Dəmirçi adı da sırf türk sözüdür və peşə adından yaranıb. Bu tip adlar təsadüfi olmur – bir ərazidə həmin dili danışan, həmin mədəniyyəti daşıyan xalq uzun müddət yaşayıbsa, yer adları da onun dilində formalaşır. Zəngibasar mahalında kənd, çay, dağ və dərələrin böyük əksəriyyəti türk mənşəli adlar daşıyıb.

“İrəvan xanlığının idarə dili, əhalisi və hərbi-siyasi elitası türklər idi”

İkincisi, tarixi dövlətçilik faktoru var. Bu ərazilər orta əsrlərdə Ağqoyunlu və Qaraqoyunlu kimi oğuz-türk dövlətlərinin tərkibində olub. Daha sonra Səfəvi dövləti dövründə də Zəngibasar və ətraf ərazilər türk idarəçiliyi altında olub. XVIII əsrdə isə bu torpaqlar İrəvan xanlığının əsas mahallarından biri idi. İrəvan xanlığının idarə dili, əhalisi və hərbi-siyasi elitası türklər idi. Bu fakt təkcə yerli yox, Rusiya imperiyası dövrünə aid sənədlərdə də əksini tapır.

Üçüncüsü, demoqrafik göstəricilər. XIX əsrin əvvəllərinə və ortalarına aid rəsmi siyahıyaalmalarda Zəngibasar mahalının kəndlərinin, o cümlədən Dəmirçinin əhalisi əsasən müsəlman-türk (azərbaycanlı) kimi qeyd olunur. Ermənilərin bu bölgəyə kütləvi şəkildə yerləşdirilməsi daha sonrakı dövrlərə – xüsusilə Rusiya imperiyasının köçürmə siyasətindən sonra təsadüf edir. Yəni bölgənin yerli, aborigen əhalisi türk olub.

Dördüncüsü, maddi-mədəniyyət abidələri. Zəngibasar və Dəmirçi kəndində mövcud olmuş məscidlər, qəbiristanlıqlar, ev tikililəri türk-müsəlman memarlıq üslubunu əks etdirirdi. Qəbir daşlarındakı adlar, ərəb əlifbalı yazılar, ornamentlər açıq şəkildə bunu sübut edirdi. Bu abidələr sonradan ya dağıdılıb, ya da izləri silinib, amma mövcudluğu tarixi mənbələrdə təsdiqlənir.

Beşincisi, dil və həyat tərzi. Zəngibasar və Dəmirçi əhalisi azərbaycan türkcəsində danışıb, oğuz adət-ənənələrini yaşadıb. Toy, yas, ailə münasibətləri, kənd təsərrüfatı üsulları, yaylaq-qışlaq sistemi tipik türk həyat tərzi olub. Bu, kənardan gəlmə yox, yüzillərlə formalaşmış yerli mədəniyyət idi.

“Əgər bu torpaqlar tarixən türk yurdu olmasaydı, onların adlarını dəyişməyə ehtiyac qalmazdı”

Nəhayət, adların dəyişdirilməsi faktoru özü də bir sübutdur. Əgər bu torpaqlar tarixən türk yurdu olmasaydı, onların adlarını dəyişməyə ehtiyac qalmazdı. Zəngibasarın “Masis” adlandırılması, Dəmirçi kimi kənd adlarının xəritələrdən silinməsi bu ərazilərin türk kimliyini ört-basdır etmək cəhdi idi. Bu kənd əvvəllər Kiçik Şorlu Dəmirçi adlanırdı, Sovet dövründə 1935-ci ildə adı qısaldılaraq Dəmirçi qoyuldu, 1991-ci ildə isə rəsmi olaraq Darbnik adı verilib – bu kəndin erməni dilindəki variantıdır.

Bütün bunları bir yerə topladıqda aydın görünür ki, Zəngibasar rayonu və Dəmirçi kəndi tarixən Oğuz-Türk dünyasının ayrılmaz hissəsi, Azərbaycan türklərinin ata-baba yurdu olub. Deportasiyalar, ad dəyişiklikləri və zorakı siyasətlər bu həqiqəti dəyişmir – sadəcə onu sübut edən ağrılı tarix yaradır.

Zəngibasarın hər qarışında, o cümlədən Dəmirçi kəndində olan qədim qəbiristanlıqlardakı qoç heykəlləri bizim ən böyük pasportumuzdur. Bu qoç daşları Qaraqoyunlu və Ağqoyunlu dövrünün, qədim türk inancının və döyüş ruhunun simvoludur. Atam həmişə deyir ki, “O daşlar bizim kəndin keşikçiləridir”. O daşlar sübut edir ki, biz bura gəlməmişik, biz elə bu torpağın özüyük.

Mahalın mərkəzi olan Uluxanlı adı özü-özlüyündə hər şeyi deyir. “Ulu” və “Xan” sözləri bu ərazinin qədim türk idarəçilik sistemi ilə bağlı olduğunu, bura rəhbərlik edən xanların ulu soydan gəldiyini göstərir.

“Zəngibasar həm də yetişdirdiyi ziyalıları ilə tanınır”

Həmçinin Azərbaycan xalqına məxsus mərdlik, igidlik və elmə bağlılıq ənənələri Zəngibasar camaatının həyatında da daim özünü göstərib. Bu bölgə təkcə öz qəhrəmanları ilə deyil, həm də yetişdirdiyi ziyalıları ilə tanınır. Ailəmin tarixində həm döyüş rəşadəti, həm də maarifçilik yolu xüsusi yer tutur. Belə ki, anamın əmisi Qadir Bəşirov, atamın dayısı Qənbər Əliyev Böyük Vətən müharibəsi iştirakçısı olublar və böyük rəşadət göstəriblər. Atam da bu vətənpərvərlik ənənəsinin davam etdirərək I Qarabağ mühariəsində Ağdam və Xocalı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib və döyüşdə yaralanmasına baxmayaraq vətənə xidməti davam etdirib, həmin çətin dövrlərdə ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı müarizədə fəal iştirakına və qüsursuz xidmətinə görə bir neçə təltifə layiq görülüb.

Həm ata, həm də ana tərəfimizin digər fəxrli tərəfi isə onun maarifçi kökləridir. Bu torpaq həm ata, həm ana tərəfimizdə çoxlu sayda müəllim və ziyalılar yetişdirmişdir. Bu nəslin nümayəndələrindən az öncə də adını çəkdiyim Oruc müəllim, oğlu Qəhrəman müəllim(atamın bibisi oğlu) nümunəvi peaqoji fəaliyyət göstərmiş və məktəb direktoru vəzifəsində çalışmış. Atamın dayısı oğlanları da elmi fəaliyyətləri ilə seçilirlər, onlardan Həmzə müəllim hazırda akademik sahədə öz xidmətini davam etdirir.

“Bu torpaqların kimliyini, tarixi haqqını gənc nəsillərə çatdırmağa çalışıram”

- Hazırda Qərbi Azərbaycan İcması soydaşlarımızın tarixi yurdlarına dinc, sülh yolu ilə qayıtması üçün böyük işlər həyata keçirir. Bir alim-ziyalı, tarixçi, eyni zamanda Qərbi Azərbaycan kökənli gənc kimi bu prosesə necə töhfə verirsiniz?

- Bəli, hazırda Qərbi Azərbaycan İcması soydaşlarımızın tarixi yurdlarına dinc və sülh yolu ilə qayıtması üçün böyük işlər həyata keçirir. Mən həm tarixçi, həm də Qərbi Azərbaycan kökənli gənc kimi bu prosesə töhfə verməyə çalışıram. Araşdırmalarım, yazdıqlarım, danışdıqlarım vasitəsilə bu torpaqların kimliyini, tarixi haqqını gənc nəsillərə çatdırmağa çalışıram.

Hər dəfə keçmiş köçkünlərin mərhələ-mərhələ öz ata-baba yurduna qayıtdığını görmək, ürəyi həm fəxr, həm də ümid hissi ilə doldurur. Ali Baş Komandanımız, Cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusunun möhtəşəm Qarabağ zəfəri bu ümidləri daha da real etdi. Artıq insanlar görürlər ki, doğma torpağa qayıtmaq, yurdlarını yenidən görmək, yaşamaq mümkündür. Atam, qohumlarım və həmkəndlilərim də bu prosesi böyük ümidlə izləyirlər. Qərbi Azərbaycan İcmasının fəaliyyəti bu baxımdan çox vacibdir. İcma tarixi araşdırmalar aparır, torpaqların adlarını, məskunlaşma tarixini qoruyur, gəncləri məlumatlandırır, həmçinin sülh və dialoq yolu ilə qayıdış prosesini dəstəkləyir. Mən də öz tərəfimdən elmi və maarifçilik baxımından bu işə dəstək verirəm, insanlara tarixi həqiqəti çatdırıram, yurd həsrətini unutdurmamaq üçün çalışıram.

“Qarabağı görməyən gənclər Qarabağ üçün canlarından keçdilər”

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi bütün dünyaya bir həqiqəti sübut etdi: Qarabağı görməyən gənclər Qarabağ üçün canlarından keçdilər - bu möhtəşəm cümləni hər dəfə eşidəndə, hər dəfə söyləyəndə o qədər qəribə hislər keçirirəm ki, o qədər duyğulanram ki… Onlar o torpaqları görməmişdilər, amma mənim kimi valideynlərinin xatirələri ilə, o torpağın sevgisi ilə böyümüşdülər. Mənim Qərbi Azərbaycana, Zəngibasara olan bağlılığım da məhz həmin ruhun davamıdır! Əgər Qarabağı görməyən o qəhrəman gənclər Şuşaya, Füzuliyə öz doğma evləri kimi qayıtdılarsa, mən də inanıram ki, bir gün biz də görmədiyimiz, amma ruhumuzun bir parçası olan o qədim yurd yerlərimizə – Qərbi Azərbaycana eləcə qayıdacağıq! Necə ki Qarabağımız işğal altınada olanda hər birimiz bir şüarla yaşadıq Qarabağ azad olunana qədər hər birimiz qarabağlıyıq və bu birlik bizi Zəfərə apardı. İndi isə hərbirimiz Zəngibasarlı, Zəngəzurlu, Vedibasarlı, Göyçəli, Dərələyəzli bu siyahını uzatmaq olar bir sözlə Qərbi Azərbaycanlıyıq!

Söhbətləşdi: Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək