Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
18 sentyabr - Milli Musiqi Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
anadan olmasının 141-ci ildönümü münasibətilə Vyanada görkəmli sənətkarın
xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin və Vyanadakı
Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan Respublikasının
fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev, eləcə də
Azərbaycandan Vyanaya səfər edən nümayəndə heyətinin üzvləri Avstriya
paytaxtının Dunay Parkında yerləşən Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev və Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Leyla Qasımova çıxışlarında Üzeyir Hacıbəylinin Azərbaycan
milli musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətlərindən, onun zəngin
və çoxşaxəli yaradıcılıq irsindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan milli və
professional musiqisinin banisi olan Üzeyir Hacıbəyli yaradıcılığı ilə yalnız
Azərbaycan deyil, bütövlükdə Şərq musiqi tarixində yeni mərhələnin əsasını qoyub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Üzeyir Hacıbəylinin
irsinin Avstriyada təbliği istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, ötən
il dahi bəstəkarın 140 illik yubileyi münasibətilə Vyananın “Akzent” Teatrında yeni
quruluşda premyerası baş tutan “Arşın mal alan” operettasından danışıb. Leyla
Qasımova əsərin Vyana səhnəsində alman dilində və tamamilə yerli yaradıcı heyətin
iştirakı ilə təqdim edilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki,
Avstriyalı və Vyanada fəaliyyət göstərən sənətçilərin iştirakı ilə ərsəyə gələn tamaşa
yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu layihə Üzeyir Hacıbəylinin
yaradıcılığının universallığını, onun musiqisinin dil və mədəni sərhədləri aşaraq
müxtəlif xalqların auditoriyasına xitab etmək gücünü bir daha nümayiş etdirib.
Qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun müəllifi
olduğu abidə 2006-cı ildə Vyananın Dunay Parkında ucaldılıb.

