Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq
6 noyabr 2026-cı ildə Azərbaycan, ABŞ və Ermənistan arasında TRIPP layihəsinin reallaşdırılması məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılıq əldə olunub. Bu, layihənin siyasi müzakirələr mərhələsindən praktiki icra və texniki planlaşdırma mərhələsinə keçməsi baxımından əhəmiyyətlidir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, ilkin mərhələdə iki əsas istiqamət müəyyənləşdirililib:
“1. Nəqliyyat infrastrukturu: dəmir yolları, avtomobil yolları, tranzit imkanları, yükdaşımaların təşkili və mövcud regional nəqliyyat şəbəkələri ilə əlaqələndirmə;
2. Elektrik enerjisinin ötürülməsi: elektrik xətlərinin yaradılması, enerji infrastrukturlarının əlaqələndirilməsi və regional enerji əməkdaşlığı.
Bununla yanaşı, gələcək mərhələlərdə layihənin digər komponentlərinin, o cümlədən neft-qaz kəmərləri və fiber-optik rabitə infrastrukturunun da gündəmə gəlməsi mümkündür. Burada bir məqamı xüsusilə vurğulamaq yerinə düşır: TRİPP-i təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısı kimi qiymətləndirmək düzgün olmazdı. Bu layihə daha geniş geoiqtisadi məna daşıyır. Söhbət Cənubi Qafqazın beynəlxalq nəqliyyat, enerji və ticarət xəritəsində mövqeyinin dəyişməsindən gedir”.
Deputat əlavə edib ki, Azərbaycan üçün bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi daha da möhkəmlənə bilər:
“Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə maneəsiz bağlantısının təmin olunması strateji əhəmiyyət daşıyır.
İşçi qrupunun fəaliyyəti sülh gündəliyinə müsbət təsir göstərmək potensialına malikdir. Ancaq burada iki məsələni fərqləndirmək lazımdır: sülh müqaviləsinin imzalanması və sülhün real iqtisadi məzmun qazanması.
Sülh yalnız siyasi bəyanatlarla möhkəmlənmir. Sülhün arxasında iqtisadi maraqlar, qarşılıqlı asılılıq, nəqliyyat əlaqələri və uzunmüddətli əməkdaşlıq dayanmalıdır.
Təsəvvür edin, bir müddət əvvəl münaqişə şəraitində olan iki dövlət gələcəkdə ortaq nəqliyyat və enerji layihələrinin iştirakçısına çevrilir. Bu, münasibətlərin mahiyyətində ciddi dəyişiklik yarada bilər.
TRİPP çərçivəsində Azərbaycan, Ermənistan və ABŞ-ın texniki müstəvidə əməkdaşlığa başlaması tərəflər arasında dialoqun institusional xarakter almasına da şərait yaradır.
Burada daha bir vacib məqama da diqqət yetirmək lazımdır: TRİPP sülh müqaviləsini əvəz etmir və onun imzalanmasına avtomatik zəmanət vermir. Sülh müqaviləsi ilə bağlı siyasi və hüquqi məsələlər ayrıca həll edilməlidir.
Azərbaycanın mövqeyi də ondan ibarətdir ki, regionda davamlı sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və kommunikasiyaların açılmasına əsaslanmalıdır.
Zənnimizcə, iqtisadi əməkdaşlıq sülhün nəticəsi olmaqla yanaşı, onun möhkəmləndirilməsi vasitəsinə də çevrilə bilər.
Başqa sözlə, dünən müharibə aparan tərəflərin sabah iqtisadi əməkdaşlıqdan fayda götürməsi regionun gələcəyi üçün ən mühüm dəyişikliklərdən biri olardı.
Rusiya və İran amili indiki vəziyyətdə işçi qrupunun fəaliyyətinə mane ola bilərmi?
Şübhəsiz ki, TRİPP layihəsi təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də regionda geosiyasi və geoiqtisadi münasibətlərə təsir edə biləcək təşəbbüsdür.
Rusiya uzun illər Cənubi Qafqazın nəqliyyat və təhlükəsizlik arxitekturasında mühüm mövqeyə malik olmuşdur. TRİPP-in ABŞ-ın iştirakı ilə reallaşması isə regionda yeni iqtisadi və siyasi iştirakçının mövqelərini gücləndirir.
Moskvanın narahatlığı, ilk növbədə, regiondakı ənənəvi təsir imkanlarının dəyişməsi, nəqliyyat marşrutları üzərindəki mövqelərinin zəifləməsi ilə bağlıdır. Xüsusilə unutmayaq ki, Ermənistanın dəmir yolu infrastrukturunda Rusiyanın mövcud nəzarət mexanizmi mövcuddur.
İran da bu layihəyə özünün milli təhlükəsizlik və regional geosiyasi maraqları prizmasından yanaşır. Tehran üçün Ermənistanla sərhədin və regiondakı tranzit mövqeyinin qorunması həssas məsələdir.
İranın əsas narahatlığı regionda geosiyasi balansın dəyişməsi, xarici güclərin hərbi və təhlükəsizlik baxımından mövqelərinin genişlənməsi ehtimalı ilə bağlıdır.
Amma burada bir mühüm məsələni unutmaq olmaz: TRİPP-in elan edilmiş məqsədi nəqliyyat və enerji bağlantılarının inkişafıdır. Layihənin hərbi xarakter daşıdığı ilə bağlı mülahizələrə heç bir əsas yoxdur.
Rusiya və İranın mövqeləri layihənin reallaşması üçün müəyyən siyasi və geosiyasi çətinliklər yarada bilər, lakin bu amilləri layihənin qarşısını mütləq alacaq maneələr kimi qiymətləndirmək də düzgün olmazdı.
Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri bütün qonşularla qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətləri inkişaf etdirməkdir.
Burada Azərbaycanın mövqeyi aydındır: regionda həyata keçirilən heç bir layihə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməməli, kommunikasiya xətləri isə qarşılıqlı fayda prinsipi əsasında açılmalıdır.
Yekun olaraq TRİPP layihəsinə üç mühüm aspektdən yanaşmaq düzgün olardı:
1. İqtisadi aspekt: Azərbaycanın tranzit, logistika və enerji imkanlarının genişlənməsi.
2. Siyasi aspekt: Azərbaycan-Ermənistan münasibətlərində əməkdaşlıq üçün yeni praktiki mexanizmlərin yaranması.
3. Geosiyasi aspekt: Cənubi Qafqazın beynəlxalq nəqliyyat və iqtisadi sistemdə rolunun artması.
Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə təmin etdi. İndi isə qarşıda duran əsas vəzifələrdən biri bu tarixi Zəfərin yaratdığı yeni reallıqları iqtisadi üstünlüklərə, regional əməkdaşlığa və uzunmüddətli sülhə çevirməkdir. TRİPP də bu baxımdan yeni imkanlar yarada biləcək layihədir.
Biz regionda elə bir reallığın formalaşmasının tərəfdarıyıq ki, yollar münaqişələrə deyil, xalqların rifahına xidmət etsin; sərhədlər qarşıdurma deyil, əməkdaşlıq imkanları yaratsın”.