Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ
Ali Məhkəmə faizlə pul verən şəxslərə borc münasibətlərini müqavilə əsasında rəsmiləşdirməyi tövsiyə edib. Məhkəmənin məlumatına görə, borc münasibətlərinin yazılı şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquq və öhdəliklərinin müəyyənləşdirilməsi, həmçinin sonradan yarana biləcək mübahisələrin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Bəzi hallarda müşahidə olunur , bir şəxs tanışına müəyyən qədər borc verir və razılaşırlar ki, pul bir müddətdən sonra faizlə birlikdə geri qaytarılacaq. Tərəflər arasında yazılı müqavilə bağlanmır, pul da bank vasitəsilə deyil, nağd şəkildə verilir. Müddət başa çatdıqda borcalan nə əsas məbləği, nə də faizi qaytarır. Belə vəziyyətdə borc verən şəxs məhkəməyə müraciət etdikdə pul verdiyini və tərəflər arasında hansı şərtlərin razılaşdırıldığını sübut edə bilmir.
Digər tərəfdən, şəxs bunu yalnız bir dəfə deyil, mütəmadi olaraq müxtəlif insanlara faizlə pul verməklə edir və bundan gəlir əldə edirsə, bu zaman həmin fəaliyyət adi borc verilməsi hesab olunur, yoxsa artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər?
Ümumiyyətlə faizə pul vermək qanunidirmi?
Hüquqşünas Firdovsi Əliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, faizlə borc vermək özlüyündə qanunla qadağan olunmur:
“Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, tərəflər borc müqaviləsində faiz ödənilməsini nəzərdə tuta bilərlər. Bu baxımdan bir şəxsin digərinə razılaşdırılmış faiz qarşılığında pul verməsi avtomatik olaraq qanunsuz sələmçilik hesab edilmir. “Sələmçilik” daha çox məişətdə işlənən ifadədir və hüquqi termin kimi ayrıca qadağan olunmuş fəaliyyət anlamına gəlmir. Burada əsas məsələ faizlə borc vermənin hansı formada və hansı miqyasda həyata keçirilməsidir.
Şəxs davamlı və gəlir əldə etmək məqsədilə müxtəlif insanlara faizlə pul verməyə başlayırsa, məsələ artıq fərqli xarakter alır.
Mülki Məcəllənin 740.10-cu maddəsinə görə, gəlir əldə etmək məqsədilə mütəmadi şəkildə və çoxsaylı şəxslərə borc vermək yalnız buna icazəsi olan, o cümlədən lisenziyalı qurumların fəaliyyəti çərçivəsində mümkündür. Yəni tanışa və ya başqa şəxsə birdəfəlik faizlə borc verməklə sistemli şəkildə müxtəlif şəxslərə pul verərək gəlir əldə etmək eyni hüquqi vəziyyət deyil və sonuncu halda qanunsuz sahibkarlıq məsələsi yarana bilər”.
Hüquqşünasın sözlərinə görə, bu cür münasibətlərdə yazılı müqavilənin bağlanması da vacibdir:
“Faizlə borc verən şəxslərin müqavilədən yayınmasının səbəblərindən biri gəlirlərini rəsmiləşdirmək və vergi öhdəlikləri yaratmaq istəməmələri ola bilər. Halbuki müqavilənin olmaması ilk növbədə borc verənin özünü risk altında qoyur. Borc qaytarılmadıqda məhkəmədə borcun verildiyini, məbləğini, qaytarılma müddətini və faiz şərtlərini sübut etmək çətinləşir.
Qanunla müəyyən hallarda yazılı forma tələb olunur. Xüsusilə 3000 manatdan artıq borc münasibətlərində yazılı müqavilənin olması vacibdir. Yazılı müqavilə olmasa belə, bank köçürmələri, qəbzlər, SMS və WhatsApp yazışmaları kimi digər sübutlardan istifadə etmək mümkün ola bilər. Lakin məhkəmə təcrübəsi göstərir ki, belə hallarda çox vaxt kifayət qədər sübut olmadığı üçün iddialar rədd olunur. Buna görə borc verərkən məbləğin, qaytarılma müddətinin və faiz şərtlərinin dəqiq göstərildiyi yazılı, mümkün olduqda notarial qaydada təsdiqlənmiş müqavilənin bağlanması və pulun bank vasitəsilə köçürülməsi daha təhlükəsizdir”, - o, vurğulayıb.
Hüquqşünas qeyd edir ki, bu gəlir vergi qanunlarına görə adətən 10 faiz vergiyə cəlb olunur. İş artıq sahibkarlıq həcminə çatırsa, fərdi sahibkar kimi qeydiyyat və 20 faiz gəlir vergisi tələb olunur.