Şair niyə şantajçı olsun ki? - YAXUD SƏXAVƏTİN BİTMƏYƏN TƏLƏBLƏRİ
Kəlbəcər şairlər vətənidir. Bu torpağın daşında, qayasında, suyunda sözün, sənətin, poeziyanın izi var. Bu qədim yurdun yetirdiyi şairlər öz adlarını nə hədə-qorxu ilə, nə kiminsə qapısını döyərək, nə də sosial şəbəkələrdə kimisə ittiham etməklə qazanıblar. Onlar istedadları, yaradıcılıqları və sözləri ilə xalqın yaddaşına həkk olunublar.
Sücaət və Bəhmən başda olmaqla Kəlbəcərin yetirdiyi söz adamlarının bir ortaq cəhəti olub: şairlik onlar üçün titul yox, məsuliyyət sayılıb.
Amma bu gün Kəlbəcərdə özünü “şair” adlandıran Səxavət Süleymanov adlı şəxslə bağlı tamam başqa mənzərə ortaya çıxır. Son günlər sosial şəbəkələrdə böhtan və şantajları ilə diqqəti özünə cəlb etmək istəyən Səxavət haqqında aparılan qısa araşdırma, şair adına iddia edən bu şəxsin necə çirkin üsullarla yaşadığını ortaya çıxardı.
İçki aludəçisi olan Səxavət Süleymanov müxtəlif vaxtlarda maddi çətinliklərini əsas gətirərək ayrı-ayrı dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət edib, yardım istəyib. Onun müraciət etdiyi qurumlardan biri də Aşıq Şəmşir adına Mədəniyyət Ocağı İctimai Birliyidir. Qurumdan əldə edilən məlumata görə, bir il ərzində onun bank qarşısındakı borcunun ödənilməsinə yardım göstərilib, müxtəlif vaxtlarda isə şəxsi maddi dəstək verilib.
Burada həyatın ironiyası başlayır. Bir insan sizə çətin gününüzdə əl uzadırsa, normalda ona minnətdarlıq etməyiniz gözlənilir. Amma Səxavətin münasibətlərində bu məntiq tamamilə tərsinə işləyir: “Əvvəl əl uzanır, sonra həmin əlin sahibinə qarşı barmaq uzadılır.”
Səxavət Süleymanovla bağlı yayılan məlumatlardan biri də onun rayonun sabiq deputatından “Niva” markalı avtomobil tələb etməsi ilə bağlıdır. Tələb yerinə yetirilmədikdən sonra həmin şəxsə qarşı sosial şəbəkələrdə müxtəlif ittihamların səsləndirildiyi bildirilir.
Əgər bu məlumatlar doğrudursa, burada artıq poeziyanın hansı janrından danışdığımızı müəyyənləşdirmək çətin deyil. Nə qəzəldir, nə qoşmadır, nə də satira. Bəlkə də yeni bir janrdır: “Niva alınmadı — status yazıldı.”
Şairin iş yeri də poeziya meydanına çevriləndə…
Səxavət Süleymanovun vaxtilə yol istismarı sahəsində çalışdığı, lakin əmək intizamı ilə bağlı problemlər yaşasa da, ona güzəşt edildiyi bildirilir. Şair maaş kartını cibinə qoyub sevimli məşğuliyyəti olan içki ilə başını qatıb.
Bu gün Kəlbəcərin Zar kəndi də yenidən qurulur. Müxtəlif dövlət orqanlarının nəzarəti altında “Qaçqınkom”un sifarişi ilə “Amazon” şirkəti tərəfindən inşa olunan Zar kəndi ən müasir formada tikilir. Amma sərxoş şairin gözləri bunu görmür və bu tikintini də Kəlbəcərin sabiq deputatı cənab Qurbanovun adına bağlayır.
Sərxoş şair bu dəfə tikintinin guya keyfiyyətsiz olmasından bəhs edir. Məlumata görə, o, yerli sakin kimi tikinti işlərinə cəlb olunub, lakin sonradan fəhlələr və iş icraçıları arasında yaranan münaqişələrə görə işdən kənarlaşdırılıb. Bundan sonra isə tikinti işlərini həyata keçirən şirkətə qarşı sosial şəbəkələrdə müxtəlif ittihamlar səsləndirməyə başlayıb. Daha maraqlısı isə budur ki, bu ittihamların fonunda həmin layihə ilə əlaqəsi olmayan ayrı-ayrı şəxslərin adlarının da hallandırıldığı iddia olunur.
Bir tərəfdə ittiham, digər tərəfdə yardım xahişi... Bir tərəfdə “mənə kömək etmədiniz” gileyi, digər tərəfdə “mənə kömək edin” müraciəti... Bu, artıq şeir deyil, həyatın özünün yazdığı satiradır.
Yazıçılar Birliyinin adı niyə mübahisələrin içində qalmalıdır?
Səxavət Süleymanovun özünü müxtəlif yerlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi təqdim etdiyi barədə də məlumatlar yayılıb. Daxil olan məlumata görə, onunla bağlı quruma müraciət olunub və məsələ araşdırılır. Böyük ehtimalla sərxoş şair qurumdan xaric ediləcək. Çünki heç bir ədəbi qurum bir şəxsin davranışlarının yaraddığı qalmaqalların kölgəsində qalmamalıdır. Yazıçılar Birliyinin üzvlüyü kiməsə sosial şəbəkədə istədiyini yazmaq üçün toxunulmazlıq vermir.
Səxavətin paylaşımlarına nəzər salanda onun savadsızlığı dərhal nəzərə çarpır. Qrammatik və üslub səhvləri ilə dolu olan yazılar onun “istedadı”nı ortaya qoyur. Arada ChatGPT köməyindən yararlanan şair özünü savadlı göstərməyə çalışsa da, ortadakı süni intellekt məhsulu aydın seçilir.
Səxavət haqqında araşdırma zamanı məlum olub ki, illər əvvəl oğurluq və xuliqanlıq ittihamı ilə məsuliyyətə cəlb olunan şair bu yaxınlarda küçədə sərxoş vəziyyətdə ictimai asayişi pozduğu üçün 8 sutka inzibati qaydada həbs edilib.
Və sonda…
Kəlbəcərin şairləri çox olub, amma onların heç biri şairliyini kiminsə qapısında tələb kimi qoymayıb. Onlar şeirləri ilə konuşub, sözləri ilə seviliblər. Şair olmaq istəyən adamın ən böyük sərvəti avtomobil, maddi yardım və ya kiminsə karşısında üstünlük qazanmaq deyil. Kəlbəcərin əsl şairlərinin ruhuna ən böyük hörmət onların adını sadəcə daşımaq yox, onların ləyaqətinə layiq davranmaqdır.
Əfqan Məmmədov
Kəlbəcər sakini