"Şirin quyruğu artıq kəsilməlidir" -DEPUTATDAN ŞOK XƏBƏRDARLIQ
"İranda etirazlara ABŞ və İsrailin təsiri ola bilər"-Elman Məmmədov
2026-cı ilin əvvəlində İranda başlayan etirazlar və sonrakı mərhələdə ABŞ-ın müəyyən təsirlərinin müşahidə olunması fonunda, bu hadisələrin elə əvvəldən ABŞ tərəfindən planlaşdırılmış olmasını düşünməyə vadar edir. Bəzi siyasətçilər ABŞ–İran müharibəsinin başlanmasını proqnozlaşdırır. Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Xpress.az-a açıqlama verib.
Deputat bildirib ki, İranda iqtisadi vəziyyət və siyasi sahədə mövcud olan problemlər uzun müddətdir davam edir. Onun sözlərinə görə, xüsusilə İsrail–İran müharibəsindən sonra bu proseslər daha da aktivləşib:
İranda baş verən etirazların müxtəlif səbəbləri var. Bu səbəblərdən biri də etirazların bu həddə çatmasında xarici dövlətlərin və xüsusi xidmət orqanlarının rolunun olmasıdır. Burada İsrailin, Avropanın bir sıra dövlətlərinin, eləcə də ABŞ-ın adını çəkmək lazımdır. Bu, artıq gizli deyil.
Elman Məmmədov qeyd edib ki, İran kimi bir dövlətin Azərbaycanın qonşuluğunda yerləşməsi və bu ölkənin vaxtaşırı Azərbaycana qarşı xoşagəlməz münasibət sərgiləməsi, eyni zamanda torpaqlarımızı işğal etmiş düşmənlərimizlə dostluq əlaqələri qurması heç də xoşagələn vəziyyət deyil və bu fakt gizli də deyil.
Deputat vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan dövləti hər zaman bəyan edib ki, heç bir ölkənin, o cümlədən qonşu İranın daxili işlərinə qarışmayıb, qarışmır və qarışmaq niyyətində deyil. Lakin bunun əksinə olaraq, İrana rəhbərlik edən molla rejimi uzun illərdir Azərbaycanın daxili işlərinə müdaxilə edib, müxtəlif istiqamətlərdə təzyiqlər göstərməyə çalışıb. Heç bir əsas olmadan müxtəlif dövrlərdə təhdidlər və xəbərdarlıqlar səsləndirilib.
Elman Məmmədov xatırladıb ki, bir neçə il əvvəl də bu cür sifarişli tənqidlər olmuşdu."Şirin quyruğu ilə oynamayın" demişdilər. Həmin dövrdə bir neçə sayta müsahibə vermişdim. Və cavab olaraq demişdim ki, o şirin quyruğunu kəsməkdə olar. Bu ifadə İran tərəfinin xoşuna gəlməyərək, narazılıqla qarşılanmışdı.indi isə deyirəm ki, artıq o şirin quyruğu kəsilməlidir."-deyə Elman Məmmədov bildirib.
Deputat İran–ABŞ münasibətlərində yaranmış gərginliyin müharibəyə səbəb olub-olmayacağı məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, ABŞ-ın birbaşa İran ərazisinə hərbi qüvvə yeritməsi və açıq müharibəyə başlaması inandırıcı görünmür. Lakin Venesuela–ABŞ münasibətlərində yaşanan prosesləri xatırladıqda, oxşar variantların reallaşmasının daha mümkün olduğu qənaətinə gəlmək olar.
Elman Məmmədov qeyd edib ki, bu halda rejimə rəhbərlik edən şəxslərin aradan götürülməsi, vəzifədən kənarlaşdırılması və ya müxtəlif formalarda neytrallaşdırılması kimi ssenarilər istisna edilmir və ABŞ tərəfindən həyata keçirilə bilər.
Deputatın sözlərinə görə, ABŞ uzun illərdir Venesuela və Maduro hakimiyyətinə qarşı xəbərdarlıqlar edirdi. Eyni yanaşma İsrail–İran müharibəsindən sonra İrana qarşı da tətbiq olunub. Müharibədən sonra ABŞ və bir sıra Avropa dövlətləri tərəfindən İrana qarşı sanksiyalar tətbiq edilib, mütəmadi xəbərdarlıqlar səsləndirilib. Xüsusilə Tramp hakimiyyətə gəldikdən sonra bu xəbərdarlıqlar daha sistemli və intensiv xarakter alıb.
Elman Məmmədov əlavə edib ki, son dövrlərdə Trampın verdiyi bəyanatlar və həmin bəyanatların icrası onun bu mövzuda ciddi planlarının olduğunu göstərir. Etirazçılara qarşı atəş açılması və çoxsaylı insanın hökumət qüvvələri tərəfindən öldürülməsi ilə bağlı yayılan məlumatlar ABŞ-ın mövqeyini daha da sərtləşdirib. Tramp dəfələrlə bildirib ki, bu cür hallara dözməyəcəklər və qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.
Sonda deputat vurğulayıb ki, bir Azərbaycan vətəndaşı kimi əsas arzusu qonşu İranda baş verən xoşagəlməz hadisələrin ölkəmizə mənfi təsir göstərməməsidir:
Afaq Qurbanzadə, Xpress.az