Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Dünya liderlərinin etiraf etdiyi həqiqət:
Dünya liderlərinin etiraf etdiyi həqiqət:
Siyasət

Dünya liderlərinin etiraf etdiyi həqiqət: Azərbaycan unikal xarici siyasət yürüdür

Xpress.az Redaksiyası 06.02.2026 09:53

Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, uğurla həyata keçirdiyi xarici siyasət kursu və diplomatik səriştəsi bu gün dünyada xüsusi nüfuz qazanıb. Müxtəlif ölkələrin liderləri etiraf edirlər ki, belə həssas və mürəkkəb bir regionda Azərbaycan unikal və balanslı xarici siyasət yürüdərək milli maraqlarını qətiyyətlə irəli aparmağı bacarır.

Ölkə Başçımızı nüfuzlu beynəlxalq mükafatlara aparan yol asan olmayıb. Bu yol müharibədən keçmiş, tarixi Zəfərlə taclanmış, sülh prosesində isə möhkəm siyasi iradə və prinsipial mövqe ilə davam etmiş bir liderlik yoludur.

Son 80 ildə tam və mütləq qələbə qazanan yeganə lider olan Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu humanitar və sülh-yönümlü təltiflərindən biri — “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin edilməsindəki rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu mükafat eyni zamanda mövcud münaqişələr üçün real nümunə və yol xəritəsidir. Dövlət Başçısının mükafatın təqdimetmə mərasimindəki çıxışı bütün dünyaya ünvanlanan aydın mesaj idi:
“Uzun sürən münaqişələr və müharibələr olsa belə, sülh mümkündür.”

Prezident İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın hərtərəfli inkişafı və ərazi bütövlüyünün qorunması naminə qətiyyətlə çalışacağını bəyan etmişdi. Ötən müddət ərzində bu vədin real nəticələri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində atılan addımlarla tarixə yazıldı.

Azərbaycan beynəlxalq hüquqa zidd işğala öz daxili potensialı hesabına son qoyaraq dünya hərb tarixində analoqu olmayan texnologiyalar və diplomatik çeviklik vasitəsilə regionda status-kvonu dəyişdi. Tarixi Zəfərdən dərhal sonra Prezident İlham Əliyev müəllifi olduğu sülh müqaviləsi və sülh gündəliyi ilə çıxış etdi. Bu sənəd Azərbaycan xalqının üç onillikdir gözlədiyi ədalətli, milli maraqlara əsaslanan və region üçün sağlam gələcək vəd edən bir yanaşmadır.

Beş il ərzində qarşı tərəfin sülh gündəliyindən yayınmaq cəhdlərinə baxmayaraq, nəticədə Ermənistan Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməyə məcbur oldu. Bu, eyni zamanda ölkəmizə təzyiq göstərməyə çalışan, sanksiyalar tələb edən Avropa deputatlarının, erməni lobbiçilərinin və Qərbdəki qərəzli dairələrin siyasi məğlubiyyəti idi.

COP29-a ev sahibliyi etdiyimiz dövrdə Azərbaycanı yarımçıq sülhə məcbur etməyə çalışan qüvvələrə ən dəqiq cavabı isə cənab Prezident özü vermişdi:
“Nəyi, necə və nə vaxt etmək lazım olduğunu mən bilirəm.”

Tarixi Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni bir reallıq — sülh reallığı yaratdı. Bu gün iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin qurulması, etimad quruculuğu və normallaşma istiqamətində real addımlar atılır.

Prezident İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu və liderlik keyfiyyətləri Azərbaycanın müstəqil, prinsipial və praqmatik siyasət yürütməsinin əsas göstəricisidir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına Azərbaycan Respublikasının Təsisçi Üzv Dövlət kimi qəbul edilməsi bunun bariz nümunəsidir.

Bu gün Azərbaycan yalnız öz ərazisində münaqişəyə son qoyan dövlət deyil, eyni zamanda regional və beynəlxalq miqyasda sülh dialoqunun təşəbbüskarı kimi çıxış edir. Məhz bu səbəbdən məhdud sayda dövlət və hökumət başçısının qatıldığı Yaxın Şərq Sülh Sammitinə də Azərbaycan Prezidenti dəvət olunub.

Cənubi Qafqazda sülhün təmin edilməsi Azərbaycanın beynəlxalq nüfuzunu və strateji əhəmiyyətini daha da artırıb. Bu gün ölkəmiz Orta Dəhliz və Şərq–Qərb nəqliyyat marşrutları üzrə ən təhlükəsiz və etibarlı tranzit mərkəzi kimi tanınır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq–iqtidar birliyinin güclənməsi, dövlət başçısına olan yüksək etimad və qətiyyətli siyasi kursun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq ictimaiyyət tərəfindən ən ali mükafatlarla qiymətləndirilir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək