Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə:
Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə:
Siyasət

Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə: Strateji tərəfdaşlıq dərinləşir

Xpress.az Redaksiyası 29.04.2026 11:54

Çex Respublikası hələ 1990-cı illərdə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, iki ölkə arasında diplomatik münasibətlər isə 27 yanvar 1993-cü ildə qurulmuşdur.

15 sentyabr 2015-ci ildə Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

27 aprel 2026-cı il tarixində Azərbaycan ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə baş vermişdir. Həmin gün Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş keçirilmişdir. Görüşdən sonra tərəflərin mətbuata verdikləri bəyanatlar iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qalmışdır.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə və dinamik şəkildə inkişaf etdiyini vurğulamış, həmçinin tərəflər arasında üç ay əvvəl Davosda keçirilmiş ilk görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsinin aparıldığını qeyd etmişdir.

Çexiya Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin davamlı inkişafının göstəricisi kimi qiymətləndirilir. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal gündəlikdə duran məsələlər də müzakirə olunmuşdur.

Bəyanatda əsas diqqət yetirilən məqamlardan biri iqtisadi əməkdaşlıq olmuşdur. Qeyd edildiyi kimi, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını keçmişdir. Bununla belə, mövcud ticarət strukturunda əsas payı Azərbaycan neftinin ixracı təşkil edir və tərəflər bu strukturu daha balanslı hala gətirməyi hədəfləyirlər. Bu məqsədlə qarşılıqlı investisiyaların artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən olunmuşdur. Çexiyadan Azərbaycana geniş iş adamları nümayəndə heyətinin səfəri və keçirilən biznes forum da yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.

“Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Komissiyanın indiyədək 5 iclası keçirilmiş, sonuncu iclas isə 3 mart 2023-cü ildə Praqada baş tutmuşdur. 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı və 5-ci ən böyük ixrac istiqaməti olmuşdur. 1 yanvar 2024-cü il tarixinə Azərbaycanda Çexiya investisiyalı 33 kommersiya qurumu qeydiyyata alınmış, onlardan 20-si aktiv fəaliyyət göstərir.

Energetika sahəsi Azərbaycan–Çexiya əməkdaşlığının əsas sütunlarından biri olaraq qalır. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Bununla yanaşı, Azərbaycan təbii qaz ixracı ilə də Avropa üçün strateji əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli və genişmiqyaslı strateji tərəfdaşlıq kimi qiymətləndirilir.

27 aprel tarixli görüş zamanı konkret investisiya layihələri və yeni əməkdaşlıq istiqamətləri də müzakirə olunmuşdur. Bu istiqamətlərə sənaye və texnologiyalar, nəqliyyat və logistika, alternativ enerji və yaşıl iqtisadiyyat, həmçinin regional layihələrdə birgə iştirak daxildir.

Azərbaycan bu əməkdaşlığa geniş prizmadan yanaşır və əlaqələrin uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini əsas məqsədlərdən biri kimi müəyyən edir.

Beləliklə, Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu və enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini açıq şəkildə ortaya qoyur. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq modelini inkişaf etdirməkdə qərarlıdırlar.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək