Türkiyədə Qlobal Jurnalistlər Şurasının Qlobal Media Toplantısı başladı
Qlobal Jurnalistlər Şurası (QJŞ) tərəfindən təşkil edilən 6-cı Qlobal Media Toplantısı Antalyanın Alanya rayonunda başlayıb.
Xpress.az-ın baş redaktoru Xəyalə Rəisin də qatıldığı tədbir 32 ölkədən təxminən 350 jurnalisti bir araya gətirib.
Tədbir 6-10 noyabr 2026-cı il tarixləri arasında həyata keçiriləcək. Toplantı milli və beynəlxalq media nümayəndələrini Alanyada bir araya gətirir. Bu il “Tarix, Təbiət, Media, Dialoq” mövzusu ilə təşkil edilən tədbirdə jurnalistika peşəsinin gələcəyi, rəqəmsal transformasiya, media dünyasındakı yeniliklər və qlobal problemlər müzakirə olunur.
PROBLEMLƏR MÜZAKİRƏ OLUNACAQ
Qlobal Jurnalistlər Şurasının tərkibindəki Ümummilli, Yerli, Xarici və Rəqəmsal Media məclislərinin üzvləri ilə vilayət və ölkə nümayəndələrinin iştirak etdiyi toplantı çərçivəsində media seminarları, praktiki məşğələlər və müxtəlif iclaslar keçiriləcək.8 noyabrda təşkil ediləcək media seminarında süni intellekt, rəqəmsal transformasiya, sosial media, SEO tətbiqləri, peşə hazırlığı, universal jurnalistika və media hüququ mövzuları dəyərləndiriləcək.
ZORAKILIQLA MÜBARİZƏ DƏ GÜNDƏMDƏDİR
Tədbirin 9 noyabrdakı proqramında Zorakılıqla Mübarizə Fondu (HEGEM) ilə əməkdaşlıq çərçivəsində “Zorakılığın Qarşısının Alınması Modeli Kimi Sosial Vasitəçilik və Zorakılıqdan Mediada İstifadə” adlı simpozium təşkil ediləcək. Simpoziumda medianın zorakılıqla mübarizədəki rolu və sosial vasitəçilik modeli müzakirə olunacaq.
UĞUR MÜKAFATLARI SAHİBLƏRİNİ TAPACAQ
Toplantının mühüm tədbirlərindən biri də 9 noyabr axşamı keçiriləcək Qlobal Uğur Mükafatları mərasimi olacaq. Mərasimdə diplomatiya, idman, jurnalistika, elm, incəsənət, media, innovasiya və marka sahələrində uğur qazanan şəxslərə və qurumlara mükafatları təqdim ediləcək.Kosovanın əvvəlki dövlət başçısı Vjosa Osmani, Kosova Baş nazirinin müavini Fikrim Damka, baş məşqçi Fatih Terim və müxtəlif ölkələrdən media, elm və incəsənət dünyasının nümayəndələri mükafatlandırma proqramında iştirak edəcəklər.
Toplantı beynəlxalq media nümayəndələri arasında peşəkar kommunikasiya və əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Tədbir 9 noyabr axşamı təşkil ediləcək mükafatlandırma mərasimi və qala-proqramı ilə başa çatacaq.