Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Qorxunun ümidlə yanaşı addımladığı sükut...
Qorxunun ümidlə yanaşı addımladığı sükut...
Ana səhifə

Qorxunun ümidlə yanaşı addımladığı sükut...

Xpress.az Redaksiyası 30.07.2026 12:07

Uzun müddətdir onkoloqla görüşmək, xərçəngin insan həyatına toxunan tərəfi haqqında yazmaq istəyirdim. Çünki bu xəstəlik mənim üçün sadəcə tibbi terminlərdən, statistik rəqəmlərdən və müalicə üsullarından ibarət bir mövzu olmayıb. Bu sözün arxasındakı yarımçıq qalan arzular, dəyişən həyat hekayələri, ailələrin keçirdiyi çətin günlər, qorxu, göz yaşları və bütün bunlara baxmayaraq sönməyən ümid hər zaman məndə maraq doğurub. Bir diaqnozun insanın düşüncələrini, gündəlik həyatını, gələcəyə baxışını necə dəyişdirdiyini, xəstənin və onun yaxınlarının hansı hissləri yaşadığını, həkimlərin isə hər gün bu emosional yükün içində necə çalışdıqlarını daha yaxından görmək istəyirdim. Buna görə də yolumu xəstəxanaya saldım.

Xəstəxanaların özünəməxsus bir sükutu olur. Sözlərin yerini baxışların aldığı, qorxunun ümidlə yanaşı addımladığı bir sükut... Burada yüksək səslə danışan olmur, amma hər kəsin ürəyində min cür fikir dolaşır. Kimisi analiz cavabını gözləyir, kimisi həkim otağının qarşısında sakitcə növbəsini. Gözlərdə narahatlıq da var, ümid də. Dəhlizdə oturarkən gözüm bir-bir insanların üzündə gəzirdi. Bəziləri həkimin qapısına baxırdı, bəziləri əlindəki analiz cavabını dəfələrlə açıb oxuyurdu. Elələri də var idi ki, heç nə demədən sadəcə gözləyirdi. Orada insanların üzünə baxmaq kifayətdir ki, hər kəsin öz içində necə böyük bir mübarizə apardığını anlayasan. Kimsə dua edir, kimsə ümidini itirməməyə çalışır, kimsə isə hələ eşitmədiyi cavabın həyatını dəyişəcəyini düşünərək susur. Həmin dəhlizdə insan anlayır ki, xərçəng təkcə tibbi diaqnoz deyil. O, hər ailənin, hər insanın fərqli yaşadığı bir sınaqdır. Bəzən bir söz, bir cavab, bir müayinə nəticəsi insanın bütün həyatını dəyişə bilir. O, eyni zamanda gözləməyin, mübarizə aparmağın, bəzən də həyata yenidən sarılmağın adıdır.

İnsan başa düşür ki, bəzən həyatın dəyərini ən çox xəstəxana divarları arasında hiss edirsən. Çünki burada insanlar böyük arzular qurmurlar. Kimsə sadəcə sağalmağı, kimsə övladının toyunu görməyi, kimsə nəvəsini qucaqlamağı, kimsə isə ağrısız bir gün keçirməyi arzulayır. Sağlam insanın adi hesab etdiyi bir gün burada ən böyük nemətə çevrilir.

Bəlkə də xərçənglə mübarizənin ən çətin tərəfi xəstəliyin özü qədər onun yaratdığı qorxudur. Çünki bəzən insanlar xəstəlikdən yox, onun haqqında eşitdikləri yanlış məlumatlardan qorxurlar. "Xərçəng sağalmır", "müalicənin faydası yoxdur" kimi düşüncələr insanları vaxtında həkimə müraciət etməkdən uzaqlaşdıra bilir. Onkoloqla söhbətim zamanı da bu məsələyə xüsusi toxunduq. Həkim bildirdi ki, müraciət edən xəstələrin əhəmiyyətli hissəsi xəstəliyin erkən mərhələsində yox, artıq gecikmiş dövrdə gəlir. Bunun səbəbi isə əksər hallarda simptomları ciddi qəbul etməmək və ya yanlış məlumatlara inanmaq olur. Halbuki müasir tibb son illərdə xərçəngin diaqnostikası və müalicəsində böyük inkişaf yolu keçib. Bu gün bir çox xərçəng növü erkən aşkarlandıqda uğurla müalicə olunur və insanlar normal həyatlarına qayıda bilirlər. Xərçənglə mübarizədə ən böyük silahlardan biri vaxtdır. Şikayətlərin yaranmasını gözləmədən müayinələrdən keçmək, bədəni tanıyaraq baş verən dəyişikliklərə diqqət etmək və şübhəli əlamətləri görən kimi həkimə müraciət etmək bir çox hallarda həyat qurtarır.

Xəstəxanadan çıxarkən dəhlizdə gördüyüm insanlar yadımdan çıxmırdı. Hər biri fərqli yaşda, fərqli taledə.. Amma hamısını birləşdirən ortaq hissin adı ümid idi. Bəzilərində zəif, bəzilərində güclü olsa da, o ümid hər kəsin baxışında hiss olunurdu. Xərçəng həmişə son demək deyil. Bəzən o, həyata daha möhkəm sarılmağın, hər günün qiymətini bilməyin və ümidini itirməməyin başlanğıcı olur.

Mina MİKAYILOVA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək