Tarixin səssiz qadınları: Henrietta Leavitt - Ulduzları sayan qadın
Bir vaxtlar astronomlar da eyni göyə baxır, eyni sualın qarşısında dayanırdılar: Ulduzlar bizdən nə qədər uzaqdır? Gecə başımızı yuxarı qaldırıb göy üzünə baxarkən ulduzları görürük, amma məsafələrini görə bilmirik.
Gördüyünüz o sonsuz qaranlıq və sayrışan ulduzlar bizdən nə qədər uzaqdadır? Bu sualın cavabını müasir texnologiyaya borclu olduğumuzu düşünə bilərsiniz. Lakin əslində, bu gün kainatın xəritəsini çəkə biliriksə, bunu XX əsrin əvvəllərində Harvard Rəsədxanasında həftədə cəmi 10 dollara işləyən bir qadının səbrinə və zəkasına borcluyuq. Çünki cavab teleskopun özündə deyildi. Cavab bir qadının qarşısındakı şüşə lövhələrdə gizlənmişdi. Həmin qadının adı Henrietta Leavitt (1868-1921) idi.
Şüşə lövhələrdəki sonsuzluq
Harvard Rəsədxanasının sakit otaqlarından birində, göydən çəkilmiş saysız-hesabsız fotoşəkillərin qarşısında əyləşən qadın... O, teleskopun arxasında deyildi. Göyə birbaşa baxmırdı, o artıq çəkilmiş səmanı oxuyurdu. Henrietta Leavitt 19-cu əsrin sonlarında Harvardda "kompüterlər" adlandırılan qadın qrupundan biri idi. O əvvəl könüllü çalışmış, sonradan Harvardda işə götürülmüşdü. Qadınların həmin dövrdə elmi mühitdə gördüyü iş çox vaxt köməkçi əməyindən artıq qiymətləndirilmirdi. O dövrdə qadınların teleskoplardan istifadə etməsinə icazə verilmirdi; onların işi kişilərin çəkdiyi ulduz fotoşəkillərini (şüşə lövhələri) saatlarla, günlərlə incələmək, ulduzların parlaqlığını hesablamaq idi. Onlar rəqəmləri hesablayır, ulduzları təsnif edir, minlərlə astronomik məlumatı sətir-sətir işləyirdilər.
Bu, olduqca monoton və yorucu bir iş idi. Üstəlik, Leavitt ağır eşitmə qüsurundan əziyyət çəkirdi. Lakin o, səssiz dünyasında ulduzların pıçıltısını hamıdan yaxşı eşitdi.
Henrietta şüşə lövhələrdəki ulduzları bir-bir müqayisə edir, onların parlaqlığını ölçür, dəyişənləri axtarırdı. Hər lövhədə minlərlə ulduz ola bilirdi. Eyni səmanın müxtəlif gecələrdə çəkilmiş görüntülərinə baxmaq, kiçik bir parlaqlıq fərqini belə gözdən qaçırmamaq lazım idi. Səssiz iş və təkrarlanan iş idi. Kənardan baxana bəlkə də sadəcə rəqəmlərdən ibarət görünürdü. Amma Henrietta rəqəmlərin içində bir ritm axtarırdı. Ulduzların da öz ritmi vardı. Bəziləri sanki döyünən ürək kimi parlayır, sonra zəifləyir, yenidən işıqlanırdı. Ulduzlar uzaq idi. Henrietta isə məsafəni bilirdi. O, ulduzların işığına yox, işığın nə qədər uzaqdan gəldiyinə baxdı.
Henrietta bu dəyişən ulduzlardan, xüsusilə Sefeidlərdən yüzlərlə müşahidə topladı. Və həmin rəqəmlərin arasında bir qanunauyğunluq gördü: ulduz nə qədər parlaqdırsa, onun parlaqlığının dəyişmə periodu da bir o qədər uzun olurdu. Bu, sadəcə bir astronomik müşahidə deyildi. Bu, uzaqlığı ölçməyin açarı idi.
Əgər bir ulduzun həqiqi parlaqlığını onun dəyişmə ritmindən müəyyən etmək mümkündürsə, onun bizə nə qədər uzaq olduğunu da hesablamaq olar.
Və bir əlaqəni fərq etdi: müəyyən tip dəyişən ulduzun parlaqlığının dəyişmə müddəti onun həqiqi parlaqlığı ilə bağlı idi.
Bəzən kainatın sirri göydə yox, bir qadının qarşısındakı rəqəmlərdə gizlənir.
Otaq sakit idi, şüşə lövhələr susurdu. Kainat isə hesablanırdı.
Bu kəşf astronomiya üçün sadəcə maraqlı bir müşahidə deyildi, bu kəşf həm də kainata xətkeş çəkmək üçün yeni bir üsul idi. Çünki bir ulduzun həqiqi parlaqlığını biləndə onun bizdən nə qədər uzaqda olduğunu hesablamaq mümkün olurdu. Henrietta sanki göydə görünməyən bir xətkeş tapmışdı. Beləcə ulduzlar artıq sadəcə göydə parlayan işıqlar deyildi. Onlar məsafə göstəricisinə çevrilmişdi.

Tarixi arxiv fotosu (1891). Harvard Kolleci Rəsədxanasında astrofizik Edvard Pikeringin rəhbərliyi altında çalışan qadın astronomlar: Henrietta Swan Leavitt və iş yoldaşları
Qaranlığın işıq pıçıltısı
Henrietta Leavitt 1912-ci ildə bu əlaqəni elmi şəkildə ortaya qoydu. Sonralar onun adı ilə “Leavitt qanunu” adlandırılan bu əlaqə astronomlara kosmik məsafələri ölçmək üçün mühüm vasitə verdi.
Henriettanın qarşısında isə bir zamanlar sadəcə şüşə lövhələr vardı. Bir ulduz. Sonra başqa biri. Bir rəqəm. Sonra başqa rəqəm. Və həmin rəqəmlərin arasında kainatın ölçüsü gizlənirdi. İxtira vardı, hesab vardı, kəşf vardı. Amma şöhrət yox idi. Henrietta Leavitt uzun illər ərzində çoxlarının tanımadığı bir ad olaraq qaldı. Bu gün isə onun adı kainatın ölçülməsində istifadə olunan elmi qanunun içində yaşayır.
Bəzən insanın səsi eşidilmir. Amma adı bir qanunun içində qalır. Və gecələr göyə baxanda gördüyümüz hər uzaq işıq bizə yalnız bir ulduzu deyil, həm də bir qadının səssiz hesablamasını xatırladır. O, göyə baxdı və məsafəni gördü. Henrietta Leavittin hekayəsi təkcə elmi bir uğur deyil, həm də əzmkarlığın rəmzidir. O, teleskopa baxmağına belə icazə verilməyən bir otaqdan kainatın hüdudlarını ölçdü. Amma o bunun ən böyük nəticələrini görə bilmədi. Bəlkə də elm tarixinin ən qəribə tərəflərindən biri budur: Bəzən insan öz kəşfinin dünyanı necə dəyişəcəyini görmədən gedir. Henrietta 1921-ci ildə, 53 yaşında vəfat etdi. Ondan sonra başqa astronomlar onun qurduğu bu “məsafə nərdivanı”ndan istifadə etdilər. Əgər Leavitt bu kəşfi etməsəydi, məşhur astronom Edvin Habbl (Edwin Hubble) Andromeda qalaktikasının bizim Samanyolu qalaktikasından kənarda olduğunu və kainatın getdikcə genişləndiyini heç vaxt sübut edə bilməyəcəkdi. Habbl özü də tez-tez Leavittin Nobel mükafatına layiq olduğunu qeyd edirdi. Təəssüf ki, o dövrün elmi dünyası qadınların uğurlarını görməzdən gəlməyə meylli idi.
1924-cü ildə İsveç Elmlər Akademiyası onu Nobel mükafatına namizəd göstərmək istəyəndə isə artıq çox gec idi; Henrietta üç il əvvəl, 1921-ci ildə vəfat etmişdi. Nobel mükafatı isə ölümündən sonra heç kimə verilmir.
Henrietta artıq yox idi. Onun baxdığı şüşə lövhələr qalmışdı, rəqəmlər qalmışdı, ulduzlar qalmışdı. Və bir qadının səssizcə gördüyü o qanunauyğunluq bu gün astronomiyada Leavitt qanunu kimi tanınır. Bəlkə də tarixdə bəzi qadınların taleyi belədir. Onlar səhnəyə çıxmırlar. Səsləri böyük salonlarda eşidilmir. Adları kəşfin özündən daha az tanınır. Amma bir gün anlayırsan ki, göy üzünə baxanda gördüyün sonsuzluğun ölçüsündə onların da payı var.
Henrietta ulduzlara toxunmadı. Onları yerindən tərpətmədi. Sadəcə onların işığını uzun müddət dinlədi. Və işığın içindən məsafəni çıxardı. Bəlkə də onun hekayəsinin ən gözəl tərəfi budur: O, kainatı dəyişmədi. Sadəcə kainatın nə qədər böyük olduğunu bizə göstərdi. Henrietta Leavittin hekayəsi təkcə elmi bir uğur deyil, həm də əzmkarlığın rəmzidir. O, teleskopa baxmağına belə icazə verilməyən bir otaqdan kainatın hüdudlarını ölçdü. Bu gün onun adı Ayın arxa tərəfindəki bir kraterə və bir asteroidə verilib.
Bu gün kosmosun dərinliklərini öyrənərkən, tarixin tozlu səhifələrində unudulmağa tərk edilmiş, lakin dünyamızı böyüdən bu səssiz qadına bir təşəkkür borcumuz var. Bəlkə də onun sayəsində artıq qaranlıq səmaya baxanda ulduzları sadəcə görmürük, həm də onların bizə nə qədər yaxın olduğunu hiss edirik.
Məhluqə Nuraliyeva
Xpress.az