Tarixin səssiz qadınları: Meri Anderson və Şarlotta Bridqvud - YAĞIŞA QARŞI
Hər yağışlı və ya qarlı gündə sükan arxasına əyləşəndə əlimizin ilk getdiyi düymələrdən biri avtomobilin ön şüşə silənlərdir. Çox sadə, mexaniki və bəlkə də heç fərq etmədiyimiz bir detal. Bəs bilirsinizmi ki, yağış yağanda avtomobilin şüşəsinə düşən damlaları bir neçə saniyəyə silib milyonlarla sürücünün yolunu aydınladan və həyatını xilas edən bu ixtiranın arxasında qadın zəkası və müşahidə qabiliyyəti dayanır? Halbuki bir vaxtlar sürücünün qarşısındakı yolu görməsi belə ciddi problem idi.
Bu gün hər yağışda şüşənin üzərində sağa-sola hərəkət edən kiçik mexanizmin arxasında iki qadının adı dayanır ; Meri Anderson və Şarlotta Bridqvud.
Onlar avtomobilin sükanı arxasında oturmadılar? amma avtomobili idarə edənlərin qarşısındakı yolu görməsinə kömək etdilər.
Biri qarlı bir gündə gördüyü mənzərədən ilhamlandı, digəri həmin ideyanı daha da irəli aparmağa çalışdı. Onların ixtiraları isə zaman keçdikcə o qədər adi hala gəldi ki, insanlar bu ideyanın arxasında bir qadın olduğunu belə unutdu.
Bəlkə də bəzi qadınların tarixdə qoyduğu iz məhz belədir - görünmür, amma hər yağışda gözümüzün qarşısında yenidən hərəkətə gəlir.

Həyatımızı Xilas Edən "Kiçik" Toxunuş; Meri Anderson (1866-1953)
1900-cü illərin əvvəllərində soyuq, qarlı bir gün idi. Nyu-York küçələrində tramvay hərəkət edirdi. Pəncərənin o biri tərəfində qar və sulu qar şüşəni örtür, qarşıdakı yolu görməyi çətinləşdirirdi. Tramvayın sürücüsü yolu görə bilmək üçün başını pəncərədən çıxarmağa məcbur olurdu. Şaxtalı hava şüşələri dondurur, yağan qar sürücünün görmə bucağını tamamilə bağlayırdı. Sürücü hər bir neçə dəqiqədən bir tramvayı saxlayır, çölə düşüb şüşəni əlləri ilə silir və yenidən sükan arxasına keçirdi. Bu həm vaxt itkisi idi, həm də sərnişinlər üçün böyük təhlükə. İçəridə oturan qadın bu mənzərəyə baxırdı. Onun adı Meri Anderson idi. O, cənubun günəşli və isti Alabama səmaları altında böyümüşdü. Qarın çovğuna, qışın amansız şaxtaya çevrildiyi şimal nağılına yad idi. Meri Nyu-Yorka sadəcə bir qonaq kimi gəlmişdi.
Meri düşündü; əgər sürücü hər dəfə şüşəni təmizləmək üçün dayanmalı, pəncərəni açmalı və ya əlini şüşəyə uzatmalı idisə, deməli, bunun daha sadə yolu olmalı idi. Bəlkə də yerli sakinlərin gözündə adiləşmiş bir “qış çətinliyi” olan bu mənzərə, cənubdan gələn bu gənc qadının diqqətli baxışlarından yayına bilməzdi. Nyu-Yorklular fırtınaya dözməyi seçərkən, o, bu fırtınaya meydan oxumağı seçdi.
Əksər insanlar bunu sadəcə qışın gətirdiyi bir "əziyyət" kimi qəbul edib taleyi ilə barışarkən, Meri fərqli bir sual verdi: "Bunu içəridən idarə etmək niyə mümkün olmasın?"
O, Alabamaya qayıdan kimi dərhal işə başladı. Fikir əvvəlcə bir neçə cızma-qara ilə başladı. Sonra mexanizmə çevrildi. Andersonun hazırladığı qurğuda şüşənin üzərində hərəkət edən rezin hissə vardı. Sürücü içəridəki qoldan istifadə etməklə onu şüşə boyunca hərəkət etdirə bilirdi. Qurğu qar, yağış və buz kimi maneələri şüşənin üzərindən təmizləyirdi. Meri rezin ucluqlu, maşının içindən idarə olunan ilk mexaniki şüşə siləni dizayn etdi və 1903-cü ildə rəsmi patentini aldı.
Lakin tarixin ən böyük paradoksu elə burasından sonra başlayır. Meri öz ixtirasını istehsalçılara təklif edəndə, dövrün nəhəng avtomobil şirkətləri onu rədd etdilər. Səbəb? Bu mexanizmin sürücülərin diqqətini yayındıracağını və qəzalara səbəb olacağını düşünürdülər. Əslində isə, problem sadəcə bu deyildi; problem, sənaye dünyasının bir qadının ixtirasına etimad göstərmək istəməməsi idi. Merinin patenti müddəti bitənə qədər heç bir şirkət tərəfindən alınmadı və o, bu dahi ideyasından bir qəpik də qazana bilmədi. O, ixtirasının kommersiya dəyərinə inanan bir istehsalçı axtardı. Lakin ideyası o dövrdə lazımi marağı görmədi. Tarix isə bəzən bir ixtiranın əhəmiyyətini onu yaradan insandan daha gec anlayır. Meri Andersonun ideyası da unudulmadı. Sadəcə, onun adı unuduldu.

Yolumuzu Aydınladan Zəka; Şarlotta Bridqvud (1861-1929)
İllər keçdi. Avtomobillər küçələrdə çoxaldı. Sürücülərin qarşısında daha böyük şüşələr, daha sürətli yollar və daha çox yağış vardı. Amma bir problem hələ də qalırdı: Şüşə islananda yolu necə aydın görmək olar? Bu dəfə başqa bir qadın həmin sualın qarşısında dayanmışdı. Qadın zəkasının avtomobil dünyasına toxunuşu bununla bitməmişdi. Merinin əllə idarə olunan silənindən bir neçə il sonra, 1917-ci ildə başqa bir qadın ixtiraçı səhnəyə çıxdı. Onun adı Şarlotta Bridqvud (Charlotte Bridgwood) idi. O, sürücülərin əlini sükandan ayırmasını istəmirdi. İxtira etdiyi mexanizm şüşənin üzərində hərəkət edərək yağış, qar və sulu qarı təmizləməli idi. Yəni Merinin əl ilə başladığı fikir Şarlottanın əllərində avtomatlaşdırılmışdı. Və o dünyada ilk elektrikli, yəni avtomatik ön şüşə silənini patentləşdirdi. Hekayə isə dəyişmədi: Şirkətlər Şarlottanın da ideyasını "əhəmiyyətsiz" hesab edərək rədd etdilər və onun da patent müddəti bitdi heç bir dəyər görmədən.
Bir qadın problemi görmüşdü, digəri həmin problemin həllini növbəti mərhələyə aparmışdı. Və qəribədir ki, hər ikisinin hekayəsində eyni səssizlik vardı. İxtira vardı, patent vardı, fikir vardı. Amma şöhrət yox idi. Və qazanan başqaları oldu.
Şüşələr silindi, adlar yox
İllər keçdi, və avtomobil sənayesi sürətlə inkişaf etməyə başladı. 1920-ci illərin ortalarına gəldikdə isə vaxtilə rədd edilən bu iki qadının ideyası birləşərək artıq bütün dünyada avtomobillərin məcburi standart təhlükəsizlik avadanlığına çevrilmişdi. Cadillac, Ford və digər nəhəng şirkətlət bu sistemləri standart olaraq maşınlara quraşdırıb milyonlar qazanarkən, Meri və Şarlotta unudulmuşdu. Onların hər ikisinin bu ixtiradan gözlənilən böyük kommersiya qazancını əldə etmədi.
Bu gün Meri Andersonun adı ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Milli İxtiraçılar Şərəf Zalı Muzeyində yaşayır. Onun hekayəsi sadəcə bir mexanizmin kəşfi deyil, bu qadınların gündəlik həyatdakı detalları, çətinliklərə necə praktik həllər tapdığının sübutudur.

Bu gün yağış başlayanda heç kim düşünmür şüşənin üzərində ilk dəfə belə bir hərəkəti kimin təsəvvür etdiyini. Heç kim sürücünün yolu görə bilməsi üçün bir qadının qarlı tramvayda oturub bunun haqqında düşündüyünü xatırlamır. Amma hər yağan yağışda onların fikri yenidən yaşayır. Şüşəyə ilk damcı düşür... sonra ikinci, sonra yüzlərlə damcı... Və bir anda şüşənin üzərində o tanış hərəkət başlayır. Sağa, sola, yenə sağa. Sanki tarix özü nəyisə silməyə çalışır. Bəlkə də bu, sadəcə yağış damlalarını silən bir mexanizm deyil. Bəlkə hər dəfə şüşənin qarşısında yol açılanda bizə bir şeyi xatırladır: Bəzi qadınlar tarixə adlarını yazmadılar. Onlar sadəcə dünyanın qarşısındakı yolu aydınlaşdırdılar. Meri Anderson və Şarlotta Bridqvudun adları bu gün çoxlarının yadında olmaya bilər. Amma yağış yağanda onları xatırlamaq üçün böyük tarix kitablarına ehtiyac yoxdur. Sadəcə avtomobilin şüşəsinə baxmaq kifayətdir. Çünki bəzən unudulmuş qadınların izi bir kitab səhifəsində yox, qarşımızdakı yolda görünür.
Növbəti dəfə yağışlı bir havada şüşə silənlərin çıxardığı o ritmik səsi eşidəndə, şüşənin arxasındakı təmiz yola baxın və Meri və Şarlottanı xatırlayın. Çünki bəzən dünyanı dəyişmək üçün sadəcə hamının baxdığı, lakin görmədiyi bir detala diqqətlə baxmaq kifayət edir.
Məhluqə Nuraliyeva
Xpress.az