Bir ovuc payız - ESSE
"Payız — hər yarpağın bir çiçəyə çevrildiyi ikinci bir bahardır"
Fransız yazıçısı Albert Kamyu öz məşhur “Anlaşılmazlıq” pyesində payızı "hər yarpağın bir çiçəyə çevrildiyi ikinci bir bahar" kimi təsvir edirdi. İlk baxışda ölümdən, solmaqdan ibarət görünən bu fəsil, əslində təbiətin bizlərə təqdim etdiyi möhtəşəm bir vizual rəqsdir. Yarpaqlar budaqlarından ayrılarkən ağlamır, əksinə, ən parlaq, ən gözəl rənglərini geyinib vidalaşırlar. Bəlkə də həyatın qaçılmaz çətinlikləri və "payızları" qarşısında Kamyunun digər düsturunu xatırlamağın vaxtıdır: "Qışın tən ortasında daxilindəki məğlubedilməz yayı kəşf etmək". Bu köşə yazım payızın soyuğunda öz daxili günəşini axtaranlar üçündür...
Küçələri bürüyən sarı yarpaqlar təkcə fəslin dəyişdiyini yox, zamanın amansız axınını da xatırladır. Belə günlərdə adamın ağlına yazarın o dərin fikri gəlir: “Dünyanı anlamaq üçün bəzən ondan üz döndərmək lazımdır”. Payız məhz həmin o “üz döndərmə”, səs-küylü dünyadan qaçıb öz daxili səssizliyinə sığınma fəslidir. Təbiət öz yarpaqlarını töküb qışa hazırlaşdığı kimi, insan ruhu da bu fəsildə artıq yüklərdən, lazımsız xatirələrdən təmizlənmək istəyir.
"Dünya soyuyur ki, biz bir-birimizə daha sıx sığınaq"
Bəlkə də ona görə payızı küskün fəsil adlandırırıq ki, payız bizə günəşin istiliyinin yox, bir insanın istiliyinin qiymətini xatırladır. Ağaclar yarpaqlarını tökür, küçələr boşalır, axşamlar uzanır. İnsan isə bütün bu səssizliyin içində bir səs axtarır. Bəzən bir qadının “çatdın?” mesajında, bir kişinin “üşümə” deməsində, iki nəfərin eyni çətirin altında susmasında gizlənir payız. Payız bəlkə də küsməyib. Sadəcə sevgini görmək üçün dünyanı bir az səssizləşdirib.
Payızın gəlişi ilə şəhərin ritmi də, rəngləri də dəyişir. Belə günlərdə mən pəncərə kənarı bəhanələrini deyil, kafe və restoranların açıq teraslarını daha çox sevirəm. Elə bu gün də payızın o sərin, amma ruhu oxşayan havasını duymaq üçün terasda özümə bir yer seçmişəm. Qarşımda isti çay, yanında şirniyyat, masanın üstündə kiçik bir notebook... Bəzən yazmaqdan əvvəl bir az baxmaq lazımdır.

Qarşıdakı park bu gün qəribə bir film kimidir. İnsanlar sanki səhnədən keçirmiş kimi harasa gedirlər. Bir qadın skamyaların yanından keçir, telefonla danışır. Üzündə gülümsəmə var. Qarşı tərəfdəki adamı görmürəm, amma qadının səsindəki yumşaqlıqdan anlayıram ki, danışdığı adam onun üçün yad deyil.
Bir kişi qulağında qulaqcıqla addımlayır. Dünyanın səsini özündən uzaqlaşdırıb öz daxili simfoniyasının içində gedir. Üzərindəki sərbəst biçimli, düymələri yarıya qədər açılmış kətan köynəyi və çiyinindən asdığı köhnə dəri çantası onun qaydalardan uzaq, bohem ruhunu əks etdirir. Geyimlərinin solğun, torpaq tonları sanki onun bu rəngli və səs-küylü real dünyadan imtina edib, öz xəyallarının rənginə büründüyünü pıçıldayır. O, addımlayır və hər addımda bu boz şəhərin reallığından bir az da uzaqlaşır.
Küçədəki xaosun ritminə ayaq uydurub qaçan bir başqa insan daha... Çiyinindən asdığı idman çantası addımladıqca kürəyinə çırpılır. Əynindəki tələsik çiyinlərinə keçirdiyi yüngül gödəkçəsinin qolları dirsəklərinə qədər qatlanıb. O, hər dəfə telefonunu qulağına aparanda və ya qolundakı rəqəmsal saata baxanda, sanki bu qaçhaqaçın içində boğulduğunu hiss edir. Dağınıq tökülmüş saçları, alnından süzülən bir damla tər və təngnəfəs halı müasir insanın zaman tərəfindən necə təqib olunduğunun canlı rəsmidir.
Və sonra onları görürəm. Bir gənc oğlan və qızı. Yan-yana gedirlər. Qızın saçlarına külək toxunur. Oğlan bir az ona tərəf əyilir, nə deyirsə qız xəfifcə gülümsəyir. Nə danışdıqlarını eşitmirəm. Bəlkə çox vacib bir şeydən danışırlar, bəlkə də heç nədən.
Parkda səkilərin üstü ilə gedən bir yaşlı qadın, qolları yorulduğu üçün əlindəki ağır torbanı o biri əlinə keçirir. Eyni anda, sanki illərin yorğunluğunu gizlətmək istəyirmiş kimi, meh əsdikcə yaylığından boylanan bəyaz saçlarını yenidən örtüyünün altına gizlədir. Əynindəki qədim naxışlı, rəngi solmuş donu və çiyinlərinə saldığı, düymələri bir-birinə bənzəməyən toxuma jaketi onun keçdiyi çətin, amma məğrur yolların hekayəsini pıçıldayır.
Və birdən küçənin o donuq ritmini qaçan məktəblilər canlandırır. Əyinlərindəki modern, kapüşonlu məktəbli sviterləri və ciblərindən asılan rəngli breloklar onların uşaqlıq coşqusundan xəbər verir. Ayaqlarının altında xışıldayan yarpaqların səsi uşaqların bir-birini çağıran sədalarına qarışır. Onlar nə telefondakı səslərə möhtacdırlar, nə də qulaqlıqların arxasında gizlənirlər; onların musiqisi elə ayaqlarının altındakı payızın xışıltısı və ürəkdən qopub gələn gülüşləridir. Onların nə torbanın ağırlığından, nə də saatın əqrəblərindən xəbəri var; bu uşaqlar şəhərin boz səkini öz gülüşləri ilə rəngləyən ən saf enerjidir.
Bir neçə müddətdir skamyada bir qız oturub. Səhərin narın sazağı bədənini üşütsə də, o, yerindən tərpənmir. Gözləri durmadan bir nöqtəyə – parkın girişinə dikilib. Müasir dünyanın o tələsik ritmində belə səbirlə, ürəklə yol gözləmək elə unudulmuş bir hissə bənzəyir ki... Qızın hər addım səsinə tərəf boylanması, payızın soyuğuna rəğmən içindəki o isti intizar terasdan belə aydınca hiss olunur. Əynindəki payızlıq bej rəngli paltonun yaxalığını soyuq küləkdən qorunmaq üçün yuxarı qaldırıb, uzun şabalıdı saçları isə küləyin ritmi ilə qeyri-nizamlı şəkildə üzünə dağılır. Amma onu gözəl edən təkcə zahiri deyil, bədənindən ətrafa yayılan o sonsuz həyəcandır.
O, aşkarca kimisə gözləyir, bir yerdə dayana bilmir. Gah ayağa qalxıb o tərəf-bu tərəfə boylanır, parkın girişinə tərəf həsrətlə baxır, gah da təlaşla saatına nəzər salır. Zaman onun üçün dayanıb sanki. Əllərini paltonun ciblərində gizlədib qızdırmağa çalışır, çünki soyuq hava artıq özünü göstərir. Bir az irəli-geri yeriyir, dikdaban çəkmələrinin səsi terasdan belə eşidilir. Sonra sanki özünü sakitləşdirmək istəyirmiş kimi, yenidən o bumbuz skamyada əyləşir.
Mən isə burada, masamda əyləşib maraqla izləyirəm: "Görəsən nə olub? Gözlədiyi adam gecikir, yoxsa gəlməyəcək?" deyə daxili bir gərginlik keçirirəm. Tam o sırada qız çantasını açır, sanki bu təlaşlı dəqiqələrdə özünə bir məşğuliyyət tapmaq, həm də ən gözəl halında görünmək istəyir. Çantasından kiçik bir ənlik çıxarır, soyuqdan və həyəcandan onsuz da qızarmış yanaqlarına zərifcə çəkir. Güzgüdə özünə baxarkən saçlarını əli ilə düzəldir, tökülən telləri qulağının ardına keçirir. Bu xırda hərəkətlərdə o qədər saf bir qadın səmimiyyəti var ki... O, sadəcə birini gözləmir, o, həyatının bəlkə də ən mühüm görüşünə hazırlaşır. Qızın həyəcanı pik həddə çatanda, parkın döngəsindən sürətli addımlarla bir oğlan görünür. Əynindəki tələsik çiyinlərinə keçirdiyi tünd rəngli idman gödəkçəsinin yaxası küləkdən geriyə yatıb, qaçmaqdan dağınıq düşən saçları isə alnına tökülüb. Görünür, o da zamana qarşı yarışırmış kimi qaçıb, çünki ayağındakı ağ idman ayaqqabıları palçıqlı payız yarpaqları ilə ləkələnib. Bu boz şəhərin tələsik ritmində, o, təkcə özünü deyil, sevgisinin rəngini də çatdırıb bura. Oğlan parkın döngəsindən görünəndə, əlində payız xrizantemalarından ibarət bir dəstə gül var idi. O, sanki yolda zamanla deyil, bu incə ləçəkləri qorumaq üçün küləklə yarışmışdı. Amma qızı görən an dayanır, sanki dünya onun üçün o nöqtədə durur. Qızın simasındakı o narahatlıq birdən-birə işıqlı bir təbəssümlə əvəz olunur. Oğlan təngnəfəs yaxınlaşır, heç bir söz demədən qızın ciblərindən çıxardığı o bumbuz əllərini öz isti ovclarına alır. Onlar artıq fəslin də, yağışın da fərqində deyillər. Parkın saralmış yarpaqlarla döşənmiş cığırları ilə əl-ələ addımlayırlar. Yağış dənələri saçlarına qonur, addımlarının altında yarpaqlar xışıldayır. Narahatlıqla başlayan bu payız hekayəsi, gözlərimin önündə dünyanın en gözəl sevgi tablosuna çevrilir.
Oğlan qızın əlindən tutub yağışın altında uzaqlaşarkən, kafenin köhnə dinamiklərindən bəstəkar bənzərsiz bir retro caz melodiyası – bəlkə də Louis Armstrong-un o boğuq, amma adamı qucaqlayan səsi yayılmağa başlayır. Musiqi elə bil parkdakı o son səhnəni tamamlayan vizual bir xalça kimi terasın havasına süzülür. Çayımdan son qurtumu alıb arxaya söykənirəm və gözlərim hələ də o gənclərin indicə keçdiyi boş cığırlarda qalır.

Bir oktyabr axşamı... Qulaqcıqlar... Yağış... Susan şəhər və bir az da sən!
Rey Bredberi fəlsəfəsinin girişində payız adamlarını təsvir edərək, “onlar payız düşüncələri ilə yaşayırlar və gecələr onların ruhu yağışın xışıltısında gizlənir” demişdir. Biz niyə payızı həmişə kədərli hesab edirik? Niyə saralmış yarpaqları ayrılıqla, yağışı darıxmaqla, erkən qaralan axşamları tənhalıqla bağlayırıq? Bəlkə də payızın günahı yoxdur. Bəlkə payız sadəcə bizi bir az yavaşladır. Yay fəsli insanı küçəyə çağırır. Günəş, dəniz, uzun axşamlar, səs-küy... İnsan tək qalmaq istəmir. Payız isə başqa cürdür. Axşamlar tez düşür. Hava soyuyur, küçələrdəki səslər azalır. İnsan evə daha tez qayıtmaq istəyir. Və məhz onda anlayırsan ki, evin istiliyi bəzən radiatorun verdiyi istilik deyil. Bəzən bir insanın “üşüdün?” sualıdır. Bəzən çiyinlərinə atılan pencəkdir. Bəzən yağışın altında başının üstündə tutulan çətirdir. Bəzən də heç nə demədən qarşına qoyulan isti çaydır. Bəlkə də payız sevginin ən səssiz fəslidir. Çünki yayda sevgi bir az nümayişkaranə görünür. Gəzintilər, dəniz kənarı görüşlər, gecə küçələri, uzun söhbətlər... Payızda isə sevgi xırda şeylərə çəkilir. “Çatanda mənə yaz.” , “Soyuqdur, qalın geyin.” , “Çətirini götür.”, “İstəsən, səni mən aparım.”, “Çay içəkmi?”
Payız bəzən “səni sevirəm” sözünün əvəzinə, “üşümə” deməkdir. Bəlkə də payızın küskün görünməsinin səbəbi onun kədərli olması deyil. Payız sadəcə insanı öz içindəki səssizliyə yaxınlaşdırır. Yayda hər şey gözümüzü məşğul edir. Payızda isə bir nəfərin yoxluğu daha çox görünür. Bir nəfərin gəlişi də. Ona görə bəlkə payız ayrılıq fəsli deyil. Payız insanın kimə ehtiyacı olduğunu anladığı fəsildir. Kiminsə addımlarını gözlədiyin, kiminsə səsini eşitmək istədiyin, kiminsə yanında susmağın belə yetdiyi fəsil.
Mənə görə, payız sevginin ən dürüst, ən saf halıdır. Yay fəslinin o rəngarəng, yandırıcı və bir az da nümayişkaranə coşğusu getdikdən sonra, geridə yalnız bir-birinin ruhunu isitməyə çalışan iki insanın həqiqi sevgisi qalır. Odur ki, payızı günahlandırmaqdan əl çəkək. Yarpaqlar ağaclardan ayrılırsa, bu növbəti baharda daha yaşıl açmaq üçündür. Əgər ürəyinizdə sevgi varsa, çöldəki xəzan sizə qəm gətirə bilməz. Çünki həqiqi sevgi elə bir fəsildir ki, onun qışı və payızı olmur, o həmişə insanın daxilində baharı yaşadır.
Yağış damlaları indi terasın tavanına daha bərkdən döyəcləyir, retro mahnı isə yavaş-yavaş son notlarına yaxınlaşır. Parkda insanlar hələ də gəlib-keçirlər. Biri tələsir, biri telefonla danışır, biri təkdir. Biri kiminsə əlindən tutur. Hər kəs öz hekayəsini aparır. Mən isə çayımın son qurtumunu içib notebooka bir cümlə yazıram:
Payız küsməyib. Sadəcə dünyanı bir az səssizləşdirib ki, biz bir-birimizi daha yaxşı eşidək.
Məhluqə Nuraliyeva
Xpress.az