Sumqayıt-Bakı xəttində AVTOBUS MƏŞƏQQƏTİ: AYNA nə dedi? - FOTO
Sumqayıt-Bakı marşrutu üzrə 1 manata sərnişin daşıyan "Hyundai" markalı avtobus və mikroavtobusların ötən gündən xətdən çıxarılması vətəndaşların ictimai nəqliyyat problemini daha da artırıb.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, sözügedən nəqliyyat vasitələri qeyd olunan istiqamətdə sərnişinlərin böyük bir hissəsinə xidmət göstərdiyi üçün onların yığışdırılmasından sonra yüzlərlə insanın səhər Bakıya doğru, axşam isə Sumqayıta, Ceyranbatana getməsi məşəqqətə çevrilib.
Sakinlər qeyd ediblər ki, onsuz da bu marşrut üzrə vəziyyət illədir dramatikdir. Qanuni reyslərin sayı və intervalı mövcud sərnişin tələbatını qarşılamaq üçün qətiyyən kifayət etmir. Bu səbəbdən hər gün minlərlə insan "Hyundai" tipli avtobusların, mikroavtobusların ümidinə qalırdılar. İki gündür problem daha da böyüyüb.
Ceyranbatan sakinləri bu istiqamət üzrə ən çox onların əziyyət çəkdiklərini bildirirlər.
Sakinlərdən biri qeyd edib:
"30 sentyabrda səhər saat 06:58-dən 07:37-dək insanların Ceyranbatanda dayanacaqda gözləmələrə baxmayaraq, nə 500 nömrəli marşrut avtobusu gəlib, nə də 594 və 595 nömrəli ekspres avtobusları dayanacaqda saxlayıb".

Ceyranbatan sakinləri deyirlər ki, onlar nəqliyyat problemlərinin həlli üçün müvafiq qurumlara dəfələrlə rəsmi müraciət ediblər:
"20 mindən çox sakini olan qəsəbənin sakinlərinin bir çoxu Bakıda işləyir. Hər gün də yüzlərlə tələbə paytaxta gəlməlidir. Onlar hər gün işə, dərsə gecikilər. Hazırkı vəziyyətdə qəsəbənin özünün paytaxta doğru ayrıca marşrut xətti yoxdur. Biz Sumqayıt-Ceyranbatan-Bakı marşrutu üzrə işləyən 594 və 595 saylı ekspreslərin və 500 saylı avtobusların ümidinə qalmışıq. Çox təəssüf ki, 594 və 595 saylı avtobuslardan lazım olan saatlarda istifadə edə bilmirik. Çünki onlar Sumqayıtdan dolu gəlir və Ceyranbatanda saxlamırlar. 500 saylı avtobus isə xeyli dayanacaqda saxlayır, azı 1 saat yol gəlir və onunla ayaqüstə gəlmək məcburiyyətindəyik. Bəzən də 40 dəqiqə gəlib çıxmırlar.
Optimal və sürətli həll yolu kimi, təklif vermişik ki, səhər pik saatlarda - 06:40, 07:00, 07:15-də və s. Bakubus MMC-yə aid Sumqayıt-Ceyranbatan-Bakı xətti üzrə işləyən 594, 595 saylı ekspres avtobusların bir neçəsinin ilk sərnişin mindirmə məntəqəsi Sumqayıt yox, Ceyranbatan olsun. Bununla problem xeyli həll olunacaq. Yəni bir neçə avtobus qeyd edilən saatlarda burada dolsun və yola düşsün. Lakin əhəmiyyət vermirlər, sanki insanların aylarla, illərlə zülm çəkməsi normal bir haldır. Yağışda, soyuqda insanlar böyük əziyyətlər çəkirlər.

Həmçinin, apardığımız müşahidələrə əsaslanaraq AYNA-ya bildirmişik, Sumqayıt-Bakı istiqamətində səhərlər tıxac Abşeron gənclər şəhərciyinin qarşısından başlayır, ona görə də avtobuslar tıxacda azı 40-45 dəqiqə qalmalı olurlar. Avtobus zolağının xeyli irəlidən başlaması səbəbindən hər gün saatyarım tıxac əzabı yaşayırıq. Əgər avtobus zolağı Abşeron gənclər şəhərciyinin qarşısından başlayarsa, bu, minlərlə insanın vaxtında işə çatmasına, avtobusların tıxacda ilişib qalmamasına səbəb olacaq. Həm də əhalinin ictimai nəqliyyata ən səmərəli təşviqi olar. Vətəndaşlar olaraq təşəbbüs qaldırmışıq. Lakin nəticəsi yoxdur".

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma ilə məşğul olmaq üçün mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır:

"Yalnız bundan sonra sifarişli daşıma həyata keçirilə bilər.
İcazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən, həmçinin elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. İcazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır".
O qeyd edib ki, müntəzəm marşrutlara gəlincə isə Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 500, 502, 509, 594 və 595 nömrəli avtobuslar fəaliyyət göstərir:
"Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və metronun "Xocasən" stansiyasından keçən 505 nömrəli avtobuslar da sərnişindaşıma xidməti təqdim edir. Hacı Zeynəlabdin qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut xəttində 6, Sumqayıt şəhəri - "Binə" ticarət mərkəzi marşrutu üzrə fəaliyyət göstərən 509 nömrəli marşrut xəttində 10 avtobus sərnişinlərə xidmət göstərir.
Eyni zamanda, Sumqayıt şəhərini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən 500 nömrəli, Sumqayıt Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirən 594 nömrəli ekspres marşrut xətlərinin də aralıq dayanacaqları arasında Ceyranbatan qəsəbəsi var. Qeyd edilən 3 marşrut xətti üzrə ümumilikdə 64 avtobus fəaliyyət göstərir.
Qeyd edək ki, avtobusların təyin olunan dayanacaqlarda saxlamaları təmin olunur".