Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Fransanın azərbaycanlı QƏHRƏMANI:
Fransanın azərbaycanlı QƏHRƏMANI:
Ana səhifə

Fransanın azərbaycanlı QƏHRƏMANI: Əfsanəvi partizan "XARQO" - FOTO

Xpress.az Redaksiyası 24.09.2026 11:32

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub. Tale ona çətin, amma şərəfli bir ömür yolu nəsib edib. Həyatını macəra dolu kəskin süjetli film qəhrəmanlarına bənzədənlər də az deyill. Xeyr, bu, bədii obraz deyil! Əhmədiyyə Cəbrayılov həyatın ağrı-acılarını, sevincini, kədərini, inanılmaz sürprizlərini real həyatda yaşayıb.

13 yaşlı yeniyetmə Oxudda məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1935-1938-ci illərdə Şəki Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə təhsil alıb. Sonra ixtisası üzrə Quba-Qusar bölgəsində çalışıb. 1941-ci ildə İkinci Dünya müharibəsi başlananda könüllü cəbhəyə yollanıb. Nevinnomısk şəhərindəki aviasiya məktəbində hazırlıq kursları keçərək kiçik leytenant rütbəsi alıb.

Onu Moskva yaxınlığındakı 35-ci diviziyanın texniki xidmət sahəsinə göndəriblər. 1942-ci ilin aprelində 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunub. Polkun tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum bölgəsi ətrafında gedən ağır döyüşlərdə iştirak edib, göstərdiyi şücaətə görə vaxtından əvvəl baş leytenant rütbəsi verilib. 1942-ci ilin aprelində məşhur Kursk savaşında təyyarəsi vurulub. Ağır yaralanaraq əsir düşüb.

Əhmədiyyə faşistlərin Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilib. Burada əsirlərə olmazın işgəncələr verirdilər. O, bir neçə dəfə əsirlikdən qaçmağa cəhd göstərib, amma hər dəfə cəhdi uğursuz olduğundan, əvvəlkindən daha sərt rejimli hərbi düşərgəyə köçürülüb. Sonuncu dəfə Fransanın cənubundakı Tuluza şəhəri yaxınlığında olduqca ağır şəraitli Montoban həbs düşərgəsinə göndərilib. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada vərəm xəstəliyinə tutulub. 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə əsirlikdən qaçaraq partizanlara qoşulub.

Əhmədiyyə Cəbrayılov “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və b. ləqəblərlə fəaliyyət göstərib. Faşistlər onun başına böyük məbləğdə mükafat təyin ediblər. 1944-cü il mayın 22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsində, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusunda almanlara qarşı vuruşub. Bu dəstələrin tərkibində Tarn və Qaro şəhərlərinin faşistlərdən azad edilməsi uğrunda keçirilən əməliyyatlarda fəal iştirak edib.

1944-cü ilin 19 avqustında Montobanın azad edilməsi əməliyyatında xüsusilə fərqlənib. Avqustun 20-də azad edilmiş Parisdə general Şarl De Qoll Əhmədiyyə Cəbrayılovla görüşüb. General Əhmədiyyəni Müqavimət Hərəkatının ən parlaq nümayəndələrindən və özünün ən yaxın silahdaşlarından bir hesab edirdi. Görüşün sonunda yadigar foto çəkilib. 8 gündən sonra, avqustun 28-də Əhmədiyyə Cəbrayılov Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edib.

1945-ci il martın 1-də isə 3-cü briqadanın 4-cü eskadronuna köçürülüb. Burada bir çox məsuliyyətli hərbi əməliyyatlarda iştirak edib, partizan dostları ilə birlikdə şəhərdəki dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasına mane olub. Əməliyyatların birində həbs düşərgəsinə aparılan 500-ə yaxın fransalı uşağı xilas edən zaman yaralanıb və müalicəsi bitdikdən sonra Albi şəhərinin hərbi komendantı vəzifəsinə təyin olunub.

Fransa işğaldan azad olunduqdan sonra Əhmədiyyə Cəbrayılov bir müddət bu ölkədə qalıb. 1946-cı ildə vətənə qayıtmağa qərar verib. Fransa hökuməti onun hərbi şücaətlərini layiqincə qiymətləndirib, medal və ordenlərlə, o cümlədən şəxsi igidliyə görə “hərbi medal”la təltif edilib (Bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir).

1946-cı il noyabrın 25-də Əhmədiyyə Cəbrayılov general Şarl de Qollun (general artıq Fransada Müvəqqəti Hökumətə rəhbərlik edirdi) köməyi ilə SSRİ-yə qayıdır. Əfsuslar olsun ki, onu burada xeyli incidir, hətta mükafatlarının bir hissəsini əlindən alırlar. Nəhayət, uzun sürən yoxlamalardan sonra ona Şəkiyə qayıtmağa icazə verirlər. 1947-ci ildə Oxudda Sürəyya xanımla ailə qurur və bu nikahdan 7 övladı dünyaya gəlir.

...1966-cı ilin yazında Fransa Prezidenti Şarl De Qollun SSRİ-yə səfəri nəzərdə tutulur. Səfərə az bir müddət qalmış isə Fransa dövlət başçısının protokol xidmətindən Kremlə teleqram göndərilir. Teleqramda bildirilir ki, Şarl de Qoll səfər zamanı SSRİ vətəndaşı, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır. İstəyir ki, qarşılanma mərasimində bu şəxs də iştirak etsin. Bu haqda SSRİ lideri Leonid Brejnevə məlumat verilir. Leonid Brejnev həmin şəxsin dərhal tapılmasına göstəriş verir. Lakin Armed Mişeli (Əhmədiyyə Cəbrayılov) böyük çətinliklə tapırlar. Beləliklə, həmin dövrdə Oxudda aqronom vəzifəsində çalışan həmyerlimiz təcili Moskvaya dəvət edilir.

O, “Moskva” mehmanxanasında ikiotaqlı “lüks” nömrədə yerləşdirilir. Səhər tezdən isə onu SSRİ paytaxtında o dövrdə ən iri ticarət mərkəzi sayılan “QUM”un 200-cü bölməsinə aparırlar. Bu bölmə SSRİ-nin ən yüksək vəzifəli şəxslərinə xidmət edirdi. Burada onun üçün bir neçə kostyum, köynək, qalstuk və digər paltarlar seçilir. Bundan sonra Əhmədiyyə Cəbrayılovun Kremldə Leonid Brejnevlə görüşü təşkil olunur. Leonid İliç onu doğma adamı kimi qarşılayır.

Nəhayət, Fransa Prezidentinin səfər günü gəlib çatır. SSRİ rəhbərləri “Vnukovo 2” hava limanında ali qonağı qarşılamaq üçün sıraya düzülürlər. Fransa Prezidenti Brejnevlə görüşdükdən sonra ətrafa göz gəzdirir və köhnə dostu “Armed Mişel”i görən kimi ona tərəf iri addımlarla irəliləyir. Əhmədiyyə Cəbrayılov da həyəcanla dostuna sarı bir neçə addım atır və cəbhə dostları hərarətlə qucaqlaşırlar.

Protokol qaydalarına zidd olan bu mənzərə SSRİ rəhbərlərinin təəccübünə səbəb olur. Fransa Prezidenti SSRİ-də səfərdə olduğu müddətdə Əhmədiyyə Cəbrayılovla birgə nahar edir. Köhnə dostlar ürəkdolusu keçmiş xatirələrini bölüşürlər. Görüşdən sonra Moskva və respublika qəzetləri partizan Armed Mişel barəsində çox sayda yazılar dərc edirlər, haqqında sənədli və bədii kitablar yazılır.

...1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda qiyabi təhsilini başa vuran Əhmədiyyə Cəbrayılov Şəki rayonundakı Nəriman Nərimanov adına kolxozda baş aqronom vəzifəsinə irəli çəkilir. 1971-ci ildə əmək fəaliyyətindəki nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

Əhmədiyyə Cəbrayılova 1972, 1975 və 1982-ci illərdə Fransada faşistlərə qarşı döyüşlərdə iştirak etdiyi tarixi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo onu qəbul edilir və bu görüşdən xatirə medalı təqdim edir. İkinci Dünya müharibəsindəki iştirakına görə 1976-cı ildə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1990-cı ildə Əhmədiyyə Cəbrayılov Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. Həmin təntənəli toplantıda 10 dəqiqəlik çıxış edir. 1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova Fransanın ali mükafatı – “Fəxri Legion” ordeni verilir.

...Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl hələ uşaq vaxtlarından atası kimi qəhrəman olmağı arzulayırdı. 1980-ci illərin sonlarınadan etibarən erməni separatçıları Dağlıq Qarabağda baş qaldırmışdılar. Erməni quldur dəstələri vilayətdəki Azərbaycan kəndlərinə basqınlar edir, ağır təxribatlar törədir, zorakılıqlara əl atırdılar. Şəki şəhər polis şöbəsinin zabiti Mikayıl Cəbrayılov Qarabağda asayişin qorunmasında iştirak etmək üçün öz təşəbbüsü ilə Qarabağa ezam olunmuşdu.

1990-cı il dekabrın 12-də Cəmilli kəndi yaxınlığında erməni silahlı dəstələrinin hücumuna məruz qalaraq mayor Mikayıl Cəbrayılov ağır yaralanır və onun həyatını xilas etmək mümkün olmur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Mikayıl Əhmədiyyə oğlu Cəbrayılova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.

Bu hadisə Əhmədiyyə Cəbrayılovu bərk sarsıtsa da, od-alovun içindən keçmiş əfsanəvi partizan oğlunun Vətəninin bütövlüyü uğrunda döyüşdə qəhrəmancasına həlak olması ilə fəxarət duyduğunu gizlətmirdi. Acı təəssüf ki, 1994-cü il oktyabrın 10-da Əhmədiyyə Cəbrayılov Şəkidə təsadüfi yol qəzası zamanı həlak olur. Şəkinin Oxud kəndindəki qəbiristanlıqda ata və oğul Cəbrayılovların məzarları yanaşı dayanıb. Hər iki məzarın üzərini çox vaxt tər çiçəklər bəzəyir.

Əhmədiyyə Cəbrayılovun xidmətləri dövlətimiz tərəfindən xüsusi diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ildə Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilib. Bu məqsədlə çox sayda toplantılar, anım mərasimləri keçirilib. Antifaşist Müqavimət Hərəkatının azərbaycanlı “Xarqo”su haqqında yeni sənədli film çəkilib.

Azərbaycan xalqının mərd oğlu Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərərək rəşadətli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların əziz xatirəsi heç vaxt unudulmur.

Məsaim ABDULLAYEV

"Xalq qəzeti"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin

24.09.2026 22:00 Təhsil

Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək?

24.09.2026 21:10 Cəmiyyət

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

24.09.2026 20:23 Cəmiyyət

“20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq

24.09.2026 19:03 Cəmiyyət

Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub

24.09.2026 17:41 Cəmiyyət

2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

24.09.2026 17:28 Cəmiyyət

Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma

24.09.2026 17:06 Mədəniyyət

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək -

24.09.2026 16:53 Cəmiyyət

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

24.09.2026 16:12 Cəmiyyət

Prezident bu icra başçısını vəzifədən azad etdi

24.09.2026 16:01 Cəmiyyət

“Trendyol” sifarişləri gecikir -

24.09.2026 15:33 Cəmiyyət

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

24.09.2026 15:12 Cəmiyyət

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş

24.09.2026 13:52 Formula-1

ŞAD XƏBƏR:

24.09.2026 13:51 Cəmiyyət

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24.09.2026 13:42 İqtisadiyyat

Bakıya yağış yağacaq - Tarix

24.09.2026 13:34 Cəmiyyət

Qətl törətməkdə təqsirləndirilən 6 qohuma hökm oxundu

24.09.2026 13:31 Hadisə

Xəzərdə təlim zamanı 19 qazax hərbçini axın aparıb,

24.09.2026 13:11 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək