Sara Əzimova: “Ermənistan, odla oynama! İtlə dostuq, amma çomağımız əlimizdədir“
Deyirlər, itlə dostluq et, çomağını yerə qoyma.
Ermənistan yenə öz havasındadır. Baş verənlərə qəsdən, yoxsa bilərəkdən göz yumduğunu demək çətindir. Ancaq fikrimcə, Ermənistanın ağıllı siyasi elitası da fərqindədir ki, biz uzun və çətin bir yol keçərək sülh üçün real imkan yaratmışıq. İndi qarşılıqlı ərazi bütövlüyünün tanınması və gələcəyə yönəlmiş münasibətlərin qurulması üçün bu imkandan istifadə etmək lazımdır.
Lakin Ermənistanda bəzi qüvvələrin yenidən separatçı çağırışlarla çıxış etməsi sülhə yaraşmır və iki ölkə arasındakı münasibətlərə xələl gətirir.
Ermənistanı anlamaq olmur: gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, gah da öz ərazisində separatçı qüvvələrin baş qaldırmasına şərait yaradır. Bir tərəfdən sülhdən danışılır, digər tərəfdən isə İrəvan qondarma strukturların yuvasına çevrilir. Belə ünsürləri qorumaq sülhə xidmət etmir. Əksinə, etimadı sarsıdır və verilən bəyanatlara inamı azaldır.
Gəlin keçmişi bağlayaq, yeni səhifə açaq. Bu səhifədə sülh, müharibəsiz həyat və ölkələrin suverenliyinə hörmət olsun. Münaqişəni başqa ad altında yaşatmağa çalışmaq doğru deyil. Biz Qarabağımıza qovuşmuşuq, torpaqlarımızı azad etmişik və bu məsələni bağlamışıq.
Azərbaycan 2020-ci ildə torpaqlarının böyük hissəsini işğaldan azad etdi, 2023-cü ilin sentyabrında isə bütün ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Ölkəmizin ərazisində qanunsuz silahlı birləşmələrin və separatçı idarəçiliyin mövcudluğuna son qoyuldu.
Biz buna hansısa qondarma sənəd, separatçı rəhbərin “fərmanı” və ya kənar qüvvələrin razılığı ilə nail olmadıq. Azərbaycan öz haqqını özü bərpa etdi — öz Ordusunun gücü, şəhidlərinin qanı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və dəmir iradəsi ilə.
Sentyabrın 28-də separatçı rejimin özünü buraxması barədə yayılan sənəd artıq yaranmış reallığın etirafından başqa bir şey deyildi. Həmin sənəd Azərbaycanın suverenliyini yaratmadı. Azərbaycan sentyabrın 20-də öz gücü və iradəsi ilə suverenliyini tam təmin etmişdi. Separatçı rejimin qarşısında isə məğlubiyyəti qəbul etməkdən başqa yol qalmamışdı.
Bütün dünya bilir ki, Azərbaycanın ərazisində heç vaxt ikinci dövlət olmayıb. Bizim heç kimin torpağında gözümüz yoxdur. Azərbaycan heç vaxt özgə torpaqları uğrunda savaşmayıb. Biz öz torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün mübarizə aparmışıq.
Ona görə də ləğv edilən hansısa “dövlət” deyil, silah gücünə yaradılmış qanunsuz idarəçilik sistemi idi. Bu qurumun rəhbərlərinin özlərinə “prezident”, “nazir” və ya “deputat” deməsi onun mahiyyətini dəyişmirdi. Onlar Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən separatçı rejimin nümayəndələri idilər.
İndi həmin şəxslərin Ermənistanda toplaşaraq keçmiş saxta təsisatları yaşatmağa çalışması siyasi məsuliyyətsizlikdir. İrəvanda imzalanan heç bir kağız Azərbaycan ərazisində yeni hüquq yarada bilməz. Səlahiyyətini, silahlı dayağını və fəaliyyət göstərdiyi ərazini itirmiş bir qurumun keçmiş “rəhbəri” özünə yenidən səlahiyyət verə bilməz.
Əgər Ermənistan həqiqətən Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıyırsa, bu mövqe yalnız bəyanatlarda qalmamalıdır. Rəsmi İrəvan öz ərazisində Azərbaycana qarşı iddialar irəli sürən qondarma strukturların fəaliyyətinə son qoymalıdır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, eyni zamanda həmin ərazilərə iddia edən qüvvələrə meydan vermək açıq ziddiyyətdir.
Ermənistanın qarşısında iki yol var: ya Azərbaycanla sülh və əməkdaşlıq istiqamətində irəliləmək, ya da keçmişin uğursuz separatçı layihələrinin arxasınca getmək. Bu iki yolu eyni anda seçmək mümkün deyil. Sülhdən danışaraq revanşist qüvvələri qorumaq, sərhədlərin tanınmasını bəyan edərək “mühacir hökuməti” oyununa şərait yaratmaq olmaz.
Biz sülh tərəfdarıyıq. Çünki uzun illər işğalın, müharibənin və insan itkilərinin ağrısını yaşamışıq. Hər şəhid itkisi ürəyimizdə sağalmaz yara açıb. Biz bölgədə sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın tərəfdarıyıq. Müharibə və yeni itkilər istəmirik. Ancaq sülh istəmək zəiflik deyil.
Uzun illər Ermənistanla danışıqlar apardıq. Səbrimizi zəiflik hesab etdiniz, haqq səsimizi eşitmədiniz. Sonda torpaqlarımızı qanımız bahasına işğaldan azad etdik. Səbrimiz tükənəndə nələrin baş verdiyini siz də, bütün dünya da gördü. Buna baxmayaraq, bu gün də Ermənistana sülh əli uzadırıq.
İndi Ermənistan bu əli tutmaqla revanşist dairələrin təxribatlarına uymaq arasında seçim etməlidir. Keçmişlə yaşamağı dayandırın. Tarix geri qayıtmır.
Bilin və agah olun: Qarabağda separatçı rejim də, onun silahlı qüvvələri də, qanunsuz idarəçilik aparatı da yoxdur. Azərbaycan dövləti bütün ərazisində öz suveren səlahiyyətlərini həyata keçirir. Bu reallığı qəbul etməmək Ermənistanın öz ziyanınadır. Çünki belə cəhdlər ölkəni yeni faciələrə sürükləyə bilər.
Onilliklər ərzində erməni xalqını əsassız ərazi iddiaları ilə aldadan qüvvələr Ermənistanı inkişafdan, təhlükəsizlikdən və regional əməkdaşlıqdan məhrum etdilər. Eyni siyasəti davam etdirmək bu ölkəni yenidən çıxılmaz vəziyyətə sala bilər.
Azərbaycan öz sözünü həm döyüş meydanında, həm də siyasi müstəvidə deyib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, suverenliyi tam təmin edilib. Qarabağın statusu və ya separatçı rejimin gələcəyi barədə heç bir müzakirə mövzusu yoxdur. Bu səhifə birdəfəlik bağlanıb.
Rəsmi İrəvan sülh istəyirsə, bunu konkret addımlarla göstərməlidir. Revanşist təşkilatlanmaya, Azərbaycan ərazisinə iddia edən saxta strukturlara və separatçı çağırışlara imkan verilməməlidir. Əks halda, Ermənistanın sülh bəyanatlarının səmimiliyi haqlı olaraq şübhə altına düşəcək.
Ermənistan yenə odla oynayır. Ancaq unutmamalıdır ki, qarşısında əvvəlki Azərbaycan yoxdur. Bu gün güclü dövləti, qüdrətli Ordusu, milli birlik nümayiş etdirən xalqı və qətiyyətli rəhbərliyi olan Azərbaycan var.
Biz son sözümüzü demişik: Qarabağ Azərbaycandır və bu məsələ birdəfəlik həll olunub. Azərbaycan sülh naminə səbir və təmkin göstərir. Ancaq heç kim bu təmkini zəiflik, səbrimizi isə tükənməz hesab etməməlidir.
Sara Əzimova
Əməkdar jurnalist