Aydan Aslan: Baxış naminə yanlış xəbər yaymaq jurnalistikaya ciddi zərər vurur
Şimali Kiprin Bayraq Radio Televiziya Qurumunun (BRT) İskele bölgəsi üzrə müxbiri Aydan Aslan Türkiyənin Alanya şəhərində keçirilən VI Qlobal Media Görüşündə etibarlı jurnalistikanın əhəmiyyətini vurğulayıb.
Aydan Aslan Xpress.az-a açıqlamasında bildirib ki, müasir dövrdə dezinformasiyanın yayılmasının qarşısını almaq üçün xəbər mənbələrinin dəqiqliklə yoxlanılması olduqca vacibdir.
O qeyd edib ki, sosial şəbəkələrdə daha çox izlənmə və baxış sayı qazanmaq naminə yanlış məlumatların yayılması jurnalistika peşəsinə ciddi zərər vurur.
“Əsas məqsədimiz doğru, obyektiv və etibarlı xəbərlərin cəmiyyətə çatdırılması olmalıdır”, – deyə Aydan Aslan vurğulayıb.
Qeyd edək ki, 32 ölkədən 350-yə yaxın jurnalistin qatıldığı VI Qlobal Media Görüşündə rəqəmsal transformasiya, mətbuat azadlığı və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim də tədbirdə mətbuat azadlığının, sülhün və doğru jurnalistikanın müdafiəsinin vacibliyini diqqətə çatdırıb.
