KGK təmsilçisi: Azərbaycanlı jurnalistlərlə bir arada olmaq qürurvericidir
Türkiyənin Alanya şəhərində keçirilən VI Qlobal Media Görüşü müxtəlif ölkələrdən olan jurnalistləri bir araya gətirib.
Qlobal Jurnalistlər Şurasının (KGK) Bingöl vilayəti üzrə təmsilçisi Mahfuz Demir Xpress-ə açıqlamasında beynəlxalq tədbirin əhəmiyyətindən və Azərbaycan–Türkiyə media əməkdaşlığından danışıb.
O bildirib ki, Türkiyənin 81 vilayətindən və dünyanın 34 ölkəsindən jurnalistlərin Alanyada bir araya gəlməsi media dünyası üçün mühüm hadisədir.
“Belə əhəmiyyətli bir tədbirdə iştirak etməkdən böyük məmnunluq duyuram. Bu görüş yalnız jurnalistlərin tanış olduğu tədbir deyil, həm də bilik və təcrübələrin paylaşıldığı, dostluqların möhkəmləndiyi beynəlxalq həmrəylik platformasıdır”, – deyə Mahfuz Demir vurğulayıb.
KGK təmsilçisi xüsusilə Azərbaycandan gələn jurnalistlərlə görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Qardaş ölkəmiz Azərbaycandan gələn həmkarlarımızla bir arada olmaq bizim üçün ayrıca qürur mənbəyidir. İnanıram ki, bu cür görüşlər ölkələrimiz arasındakı qardaşlıq bağlarını və media sahəsində əməkdaşlığı daha da gücləndirəcək”.
Mahfuz Demir beynəlxalq media görüşünün təşkilinə görə Qlobal Jurnalistlər Şurasının rəhbərliyinə və tədbirə töhfə verən hər kəsə təşəkkürünü bildirib.
