Ərdoğan Bayraq Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.
Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
"Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün 5-ci ildönümü çərçivəsində Bakıda təşkil olunan hərbi keçid mərasiminə də qatılmışdıq. İndi də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirmiş olduq. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı Soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu inşallah şad elədik", - Ərdoğan qeyd edib.
Dövlət başçısı bildirib ki Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar:
"Bu vəhdətin müəyyən dairələrdə narahatlıq doğurduğu hamıya bəllidir. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir".
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tale birliyi və qardaşlıq əlaqələrinin mövcud olduğunu da qeyd edib:
"Türkiyə və Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və rifahın bərqərar edilməsi yolunda çiyin-çiyinə birgə irəliləməyə davam edəcək".