Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Suveren Azərbaycanın
Suveren Azərbaycanın
Ana səhifə

Suveren Azərbaycanın YENİ İNKİŞAF HƏDƏFLƏRİ - FOTO

Xpress.az Redaksiyası 09.10.2026 09:00

Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın siyasi tarixinin mühüm hadisələrindən biridir. Dövlət müstəqilliyinin ilk illərində ölkəmizin üzləşdiyi siyasi böhran, müharibə və sosial-iqtisadi çətinliklər dövlətçiliyi qoruyacaq, cəmiyyəti ümumi məqsədlər ətrafında birləşdirəcək siyasi qüvvəyə ehtiyacı artırmışdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti bu ehtiyacın ifadəsi oldu. Həmin il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi.

YAP-ın yarandığı dövrdə qarşıda duran başlıca məsələ müstəqil dövlətçiliyin qorunması və ölkənin böhrandan çıxarılması idi. Bu gün isə Azərbaycanın qarşısında suverenliyin tam bərpasının yaratdığı imkanlardan səmərəli istifadə etmək, təhlükəsizliyi möhkəmləndirmək və vətəndaş rifahını yüksəltmək vəzifələri dayanır. Partiyanın təsisindən VIII Qurultayına qədər keçilən yol bu dəyişimin siyasi məzmununu aydın göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlətçilik xətti yeni tarixi mərhələdə daha geniş inkişaf məqsədlərini gündəmə gətirir.

2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nitqi əldə edilmiş nəticələrə verilən qiymətlə yanaşı, dövlətimizin və cəmiyyətimizin qarşısında dayanan vəzifələri də aydın ifadə etdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk partiya qurultayı kimi bu toplantı yeni tarixi şəraitin məsuliyyətini önə çıxardı.

Qurultayın başlıca siyasi məzmunu qazanılmış Zəfərin yaratdığı imkanların uzunmüddətli təhlükəsizliyə, davamlı iqtisadi inkişafa və vətəndaş rifahına çevrilməsidir. Prezident İlham Əliyevin çıxışında Ulu öndər Heydər Əliyevin siyasi irsinə münasibət xüsusi yer tutdu. Dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial dəyişməz siyasi xəttin əsasları kimi təqdim edildi. Bu yanaşma siyasi varisliyin mahiyyətini də açır: dövrün tələblərinə uyğun qərarlar qəbul olunur, milli maraqlara söykənən əsas prinsiplər isə qorunur.

Dövlət başçısı qarşıda duran əsas vəzifələr sırasında hərbi gücün artırılmasını önə çəkdi. Nitqdə 2027-ci ilin müzakirə olunan büdcəsində hərbi və təhlükəsizlik məqsədləri üçün təxminən 9 milyard manatın nəzərdə tutulduğu bildirildi. Bu mövqenin arxasında dəyişən beynəlxalq şəraitin, ölkəmizin yerləşdiyi coğrafiyada davam edən qarşıdurmaların və təhlükəsizliyin daim təmin olunması zərurətinin qiymətləndirilməsi dayanır. Qələbənin qorunması davamlı hazırlıq, peşəkarlıq və müasir imkanlar tələb edir. Eyni zamanda, ayrılan vəsaitlərin səmərəliliyi, uzunmüddətli ehtiyacların düzgün qiymətləndirilməsi və dövlət resurslarından məsuliyyətlə istifadə olunması daim diqqətdə saxlanmalıdır. Güclü dövlət həm özünü qoruya bilən, həm də vətəndaşının gələcəyinə sərmayə qoyan dövlətdir.

Cənab Prezidentin çıxışının mühüm istiqamətlərindən biri ideoloji və informasiya təhlükəsizliyi idi. Prezident təhsilin, bilik və savadın, vətənpərvərliyin əhəmiyyətini vurğuladı, partiya üzvlərinin bu sahədə fəal iştirakını vacib saydı. Xüsusilə ideoloji işdə şablon yanaşmalardan və formal tədbirlərdən uzaqlaşmaq barədə çağırış diqqətəlayiqdir.

Qurultayda sosial siyasətə dair konkret göstəriş də səsləndirildi: 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Bununla yanaşı, Prezident rifahın yüksəlməsinin iqtisadi inkişafla bağlılığını vurğuladı. Burada mühüm prinsip ifadə olunur: sosial tədbirlərin davamlılığı güclü iqtisadi imkanlara söykənməlidir. Hər bir sosial qərarın arxasında maliyyə təminatı, düzgün planlaşdırma və vətəndaşın ehtiyaclarının nəzərə alınması dayanmalıdır.

İqtisadi sahədə xarici investisiyaların cəlb olunması və investisiya layihələrinin daha fəal icrası qarşıdakı işlərin əsas istiqamətləri kimi göstərildi. Prezident həm neft-qaz, həm də qeyri-neft-qaz sektoruna sərmayənin vacibliyini qeyd etdi. Bu istiqaməti məşğulluğun genişləndirilməsi, yeni istehsal imkanlarının yaranması və regionların iqtisadi fəallığının yüksəldilməsi baxımından qiymətləndirmək lazımdır.

Prezident İlham Əliyevin çıxışında ölkənin maliyyə imkanları ilə bağlı açıqladığı göstəricilər də xüsusi diqqətə layiqdir. Dövlət başçısı Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara çatdığını və xarici borcdan təxminən 20 dəfə çox olduğunu bildirdi. Hərbi və təhlükəsizlik tədbirlərinə, Qarabağın bərpasına böyük vəsaitlər yönəldildiyi bir şəraitdə ehtiyatların artması iqtisadi və maliyyə dayanıqlığının əhəmiyyətini göstərir. Bu göstərici gələcək inkişaf məqsədlərini həyata keçirmək üçün mühüm maliyyə dayağıdır.

Hesab edirəm ki, toplanmış ehtiyatların əhəmiyyəti dövlətin uzunmüddətli qərarlar qəbul etmək imkanlarında da özünü göstərir. Güclü maliyyə imkanları xarici iqtisadi dəyişikliklərə hazırlığı artırır, sosial siyasətin və quruculuq işlərinin davamlılığına dayaq yaradır.

Nəqliyyat sahəsində müəyyənləşdirilmiş hədəf xüsusilə konkretdir. Çıxışda 2026-cı ildə ölkə ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözləntisi ifadə olundu, orta müddətdə isə 30 milyon ton hədəfi göstərildi. Orta Dəhliz və Şimal–Cənub Dəhlizi üzrə imkanların genişləndirilməsi ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə rolunu gücləndirir. Bu hədəfin sosial mənası da var: logistika, xidmət və əlaqəli sahələrdə yeni iş imkanları insanların gələcək planlarına təsir göstərir.

Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi çıxışda əsas vəzifələrdən biri kimi təqdim edildi. Cənab prezidentin açıqladığı məlumata görə, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Qarabağda və Şərqi Zəngəzurda yaşayan, çalışan və təhsil alan insanların ümumi sayı 96 minə çatıb.

VIII Qurultay Yeni Azərbaycan Partiyasının üzvləri qarşısında bu tarixi vəzifələrin icrasında fəal iştirak etmək məsuliyyəti qoydu. Bu məsuliyyət hər bir fəaliyyət sahəsində konkret işlə ifadə olunmalıdır. Bir sözlə Cənab Prezident İlham Əliyevin qurultayda irəli sürdüyü məqsədlərin həyata keçirilməsi suveren Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və vətəndaşlarımızın rifahının yüksəlməsinə xidmət edir.

Asəf ORUCOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək