Əhalinin qaz limitlərinin artırılması TƏKLİF EDİLDİ
Azərbaycanda əhali üçün təbii qazın illik istehlakına görə üç tarif pilləsi tətbiq olunur. İllik 1200 kubmetrədək istehlakın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığındakı hissəsi 22 qəpik, 2500 kubmetrdən artıq işlədilən hissə isə 30 qəpiklə hesablanır. Bundan əlavə, 2026-cı il yanvarın 1-dən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də tətbiq edilir.
Xüsusilə qış aylarında dağlıq və soyuq iqlimli rayonlarda yaşayan əhalinin istilik ehtiyacları ilə əlaqədar qaz istehlakının artması kommunal xərcləri də yüksəldə bilir. Belə ərazilərdə qaz limitlərinə yenidən baxılması, daha çox istehlak edən abonentlər üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, qaz istehlakına diferensial yanaşma tətbiq edilməli, qazdan daha çox istifadə olunan rayonlarda daha aşağı tariflər nəzərdən keçirilməlidir:
“Bütövlükdə, qaz limitlərinə diferensial yanaşma, qaz istehlakının çox olduğu rayonlarımızda daha ucuz tariflərin tətbiq olunmasını təklif edirik. Çünki bəzi dağlıq bölgələrimiz havalar uzun müddət çox sərt keçir. Həmin ərazilərdə təbii qazdan daha çox istifadə olunur. Buna görə də qış mövsümündə həmin ərazilərdə yaşayan insanların istehlakının və xərclərinin artdığını müşahidə edirik. Bu baxımdan, xüsusilə daha çox mavi qaz istifadə edən və ya hava şəraiti daha sərt olan rayonlarımız üçün güzəştlərin tətbiqi məqsədəuyğundur. Praktiki olaraq, bu, həmin bölgələrdə insanların xərclərinin azalmasına, eyni zamanda, təbii qazdan daha çox istifadəsinə gətirib çıxara bilər”.
Deputat digər kommunal xidmətlər üzrə də gecə və gündüz tariflərinin tətbiqini məqsədəuyğun hesab edir. O bildirib ki, bu təcrübədən inkişaf etmiş ölkələrdə istifadə olunur:
“Təbii qazdan başqa, digər kommunal xidmətlərlə bağlı da gecə və gündüz tariflərinin tətbiqi məqsədəuyğun ola bilər. Xüsusilə bu praktikadan inkişaf etmiş ölkələrdə istifadə olunur. Nəticədə sutkanın müəyyən hissəsində vətəndaşlarımız kommunal xidmətlərdən daha aşağı tariflərlə və daha ucuz qiymətə istifadə edə bilərlər”.