Köhnə binalardakı mənzillər niyə yeni tikililərdən bahadır?
Bakıda bəzi köhnə tikililərdə yerləşən mənzillər yeni tikililərlə müqayisədə daha yüksək qiymətə təklif olunur. Bu səbəbdən köhnə tikililərdəki mənzillərin baha olmasının səbəbləri və onların alınmasının nə dərəcədə sərfəli olduğu maraq doğurur.
Köhnə tikililərdəki mənzillərin bəzi hallarda yeni tikililərdən daha baha olmasının əsas səbəbləri nədir?
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Valyuta.az-a bildirib ki, bəzi köhnə tikililərdə yerləşən mənzillərin bir kvadratmetrinin qiyməti yeni tikililərlə müqayisədə daha yüksək olur: "Bu, xüsusilə bir və ikiotaqlı mənzillərdə müşahidə edilir. Lakin ümumi qiymət baxımından köhnə tikililərdəki mənzillər daha ucuz başa gəlir.
Yeni tikililərdə mənzillərin sahəsi daha böyük olduğundan bir kvadratmetrin qiyməti köhnə tikililərlə müqayisədə aşağı ola bilir. Ancaq sahə böyük olduğu üçün mənzilin ümumi satış qiyməti daha yüksək olur".
Əmlak ekspertinin sözlərinə görə, köhnə tikililərdəki mənzillərin baha olmasının əsas səbəblərindən biri onların gələcək üçün sərmayə kimi qiymətləndirilməsidir: "Vətəndaşlar köhnə tikilidən mənzil alarkən gələcəkdə həmin binanın söküləcəyini və əvəzində daha böyük sahəyə malik yeni mənzil əldə edəcəklərini düşünürlər. Bu baxımdan onların gözləntiləri müəyyən qədər əsaslıdır.
Məsələn, Qarayev prospektində yerləşən Xruşşov layihəli binalarda bir otaqlı mənzillərin söküntüsü zamanı tikinti şirkətləri mənzil sahiblərinə minimum 48 kvadratmetr sahəsi olan yeni mənzil vermək məcburiyyətində qalırlar. Bu isə ənənəvi olaraq tətbiq edilən 20 faizlik sahə artımından daha yüksək göstəricidir.
Tutaq ki, vətəndaşın ümumi sahəsi 30 kvadratmetr, yaşayış sahəsi isə 16 kvadratmetr olan mənzili var. Söküntünü həyata keçirən tikinti şirkəti həmin mənzilin əvəzində ona 48 kvadratmetrlik yeni mənzil verməli olur".
O əlavə edib ki, bu, şəhərsalma və memarlıq sahəsində tikinti şirkətləri qarşısında qoyulan tələblərlə əlaqədardır: "Yaşayış otağının, mətbəxin və sanitar qovşağın sahəsi müəyyən edilmiş standartlara uyğun olmalıdır. Bu tələblər nəzərə alındıqda yeni mənzilin minimum sahəsi 48 kvadratmetr təşkil edir. Hətta bəzi hallarda tikinti şirkətləri bir otaqlı köhnə mənzilin əvəzində 50, 55 və ya 58 kvadratmetrlik mənzil vermək məcburiyyətində qalırlar.
Bu səbəbdən vətəndaşlar köhnə tikililərdəki mənzillərə sərmayə qoymağa maraq göstərirlər. Onlar nisbətən aşağı ümumi qiymətə kiçik sahəli mənzil alaraq gələcəkdə söküntü nəticəsində daha böyük sahəyə malik mənzil əldə etməyi hədəfləyirlər".
R.Qasımova görə, ikinci əsas səbəb alıcıların maliyyə imkanları ilə bağlıdır:
"Mənzil bazarında, xüsusilə yeni tikililərdə qiymətlərin artması vətəndaşların seçim imkanlarını məhdudlaşdırır. Nəticədə alıcılar daha münasib ümumi qiymətə təklif olunan mənzillərə üstünlük verirlər. Bu baxımdan köhnə tikililərdə yerləşən bir və ikiotaqlı mənzillərə tələbat daha yüksəkdir.
Üçüncü səbəb isə ipoteka kreditlərindən istifadə imkanlarıdır. Bu, xüsusilə Kiyev və Leninqrad layihəli köhnə tikililərə aiddir. Vətəndaşlar həmin binalarda yerləşən mənzilləri İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı vəsait hesabına ipoteka krediti ilə əldə edə bilirlər. Bu imkan da həmin mənzillərə tələbatı artıran amillərdən biridir”, - deyə ekspert əlavə edib.