Elgün Mənsimov: “Həmin adamlar zatən öncədən də Azərbaycanı sevməyənlərdir”
“Bu gün Türkiyədəki bəzi siyasətçi, jurnalist və aktivistlərin Azərbaycana qarşı ədalətsiz, yersiz və həyasız şəkildə kampaniya aparmaları o deməkdir ki, həmin adamlar zatən öncədən də Azərbaycanı sevməyənlərdir”.
Xpress.az xəbər verir ki, bu fikirləri jurnalist Elgün Mənsimov bildirib.
O qeyd edib ki, içində Türkiyə sevgisi olan bir azərbaycanlı qardaş ölkənin daxilində baş verən hansısa məsələyə görə onu sərt şəkildə hədəfə almaz:
“Özümüzdən götürək. İçində türk sevdası, Türkiyə sevgisi olan bir azərbaycanlı Türkiyənin daxili məsələsinə görə onu asıb-kəsərmi? Xeyr! Ən yaxşı halda susar, heç nə deməz. Xatırlayıram, tək bir dəfə — FETÖ planı baş tutmayanda gülənçilərin Bakıdakı tör-töküntüləri Ərdoğana, Türkiyəyə qarşı hədyanlar yağdırdılar. Bu da anlaşılan idi”.
Jurnalistin fikrincə, hazırda Azərbaycana qarşı kampaniya aparan həmin şəxslərin düşüncələri əvvəlcədən yad ideologiyaların təsirinə məruz qalıb:
“Çünki gülənçilər kimi, onların da kafaları zamanında yad ideologiya ilə zəhərlənib. İndi də fürsət düşmüşkən iç üzlərini göstərirlər”.
Elgün Mənsimov Azərbaycan vətəndaşlarının Türkiyəyə münasibətinə diqqət çəkərək bildirib ki, onun liderlərini təhqir etmək, hökumətinin qərarlarına görə səfirlik qarşısında etiraz keçirmək Azərbaycan türklərinin davranışı olmayıb:
“Düşünün ki, Bakıdakı Türkiyə səfirliyinin önündə bir qrup Prezident Ərdoğana qarşı şüarlar səsləndirir, yaxud plakat qaldırır... Bunu əsla görməzsiniz. Əksinə, 15 iyul gecəsi Türkiyə səfirliyinin önündə daha çox Azərbaycan vətəndaşları vardı və Türkiyə demokratiyasına dəstək üçün səhərə qədər Ərdoğanın posterlərini daşıdılar”.
O vurğulayıb ki, Azərbaycan türkləri Türkiyə hökumətinin hansısa qərarına görə “din əldən gedir”, “belə qardaşlıq batsın” deyərək etiraz etməyib, qardaş ölkənin daxili işlərinə qarışmayıblar.
Jurnalist məktəbli geyimi, xüsusilə hicabla bağlı Şimali Kipr, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da vaxtilə oxşar qərarların qəbul edildiyini xatırladıb. Onun sözlərinə görə, həmin hallarda Türkiyə vətəndaşları küçələrə çıxaraq etiraz etməyib, sosial şəbəkələrdə də indiki kimi reaksiya göstərməyiblər.
Elgün Mənsimov YAP-ın məsələyə münasibət bildirməsini müsbət qiymətləndirib. O, MHP lideri Dövlət Baxçalının iki ölkənin qardaşlığına xələl gətirəcək hərəkətlərin dayandırılmasına dair mövqeyinə də diqqət çəkib:
“Dövlət Baxçalı yaralara su səpdi. İki ölkənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin dayandırılmalı olduğunu dedi. ‘Ege'den Hazar'a kadar’ ifadəsini işlətdi. Bu məşhur ifadənin ardı ‘Beşik'ten mezara kadar’dır. Yəni bizim birliyimiz məzara qədərdir”.
Jurnalist həmin ifadəni Egey dənizindən Xəzər dənizinədək uzanan coğrafiyada türk dünyasının mədəni, tarixi və siyasi birliyinin ifadəsi kimi dəyərləndirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfərinə də toxunan Elgün Mənsimovun qənaətincə, baş verənlər dövlətlər və hökumətlər arasında problemin olması anlamına gəlmir:
“Demək ki, dövlətlər və hökumətlərarası bir problem yoxdur. O zaman baş verənlər nə idi? Bir az düşünsəniz, özünüz Azərbaycanın atdığı addımları, onun mənbəyini, səbəb və məqsədlərini biləcəksiniz”.
O, Vətən müharibəsindən sonra Azərbaycana qarşı yönələn planların və din adı altında yayılan yad təsirlərin nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Azərbaycana qarşı istər bir sıra antitürk dövlətlərin, istər onların birbaşa dəstəklədiyi qrupların məkrli planlarını bilirikmi? Din pərdəsi altında hansı yad təsirlərin, ideologiyanın aparıldığını aşkar görürükmü? Xeyr! Deməli, bilmədən danışmaq, ehkam kəsmək də doğru deyil. Hər halda dövlət baba nəyi nə zaman etdiyini yaxşı bilir”.