Kartla ödəniş edənlərə şad xəbər – Yeni qərar gündəmdə
POS-terminal tariflərinin azaldılması təklif olunur. Bu barədə çıxış edən deputat Vüqar Bayramov deyib ki, POS-terminallardan istifadəyə görə yüksək tariflər sahibkarların xərclərini artırır və nağdsız hesablaşmaların genişlənməsinə mane olur.
Sitat: “Ölkədə POS-terminalların ərazi üzrə bölgüsündə qeyri-bərabərlik var. Hazırda istifadədə olan POS-terminalların 62 faizdən çoxu Bakının payına düşür. Azərbaycanda bir POS-terminala orta hesabla 60 nəfər düşdüyü halda, Sumqayıtda bu göstərici 119 nəfərdir. POS-terminallardan istifadəyə görə ödənilən haqq bəzi hallarda həmin vergi dərəcəsindən də yüksək olur. Bu, iqtisadiyyatın şəffaflaşmasına maneə yaradan amillərdən biridir”.
POS-terminal tariflərinin azaldılması mümkündür? Qərar qəbul edilə bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov bildirib ki, hazırda POS-terminal tariflərinin azaldılması aktual məsələdir:
“Çünki POS-terminal vasitəsilə aparılan əməliyyatlara görə sahibkarlardan tutulan komissiyalar, xüsusilə kiçik sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaradır. Komissiya faizinin aşağı salınması sahibkarların xərclərinin azalmasına, biznes fəaliyyətinin stimullaşdırılmasına və nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir göstərə bilər”.
Deputat qeyd edib ki, tariflərin azaldılması iqtisadi cəhətdən əsaslandırılmış yanaşmadır:
“Qərar qəbul edilərkən bankların xərcləri və sahibkarların maraqları nəzərə alınmalıdır. Eyni zamanda,bu istiqamətdə real qənaəti təmin edən şəffaf mexanizm formalaşdırılmalıdır”.
Qeyd edək ki, ekspertlərin fikrincə, POS-terminal tariflərinin azaldılması sahibkarların xərclərini azaldaraq nağdsız ödənişlərin yayılmasına kömək edə bilər. Bu halda daha çox mağaza və xidmət obyektində kartla ödəniş imkanının yaranması mümkündür. Nəticədə vətəndaşların alış-veriş zamanı nağd pula ehtiyacı azalar. Bildirilir ki, sahibkarların xərclərinin azalması məhsul və xidmətlərin qiymətlərinə də müsbət təsir göstərə bilər. Bundan başqa, kartla ödənişlərin artması pul dövriyyəsinin daha şəffaf olmasına şərait yaradar. Bununla belə, qiymətlərin ucuzlaşması tariflərin azaldılmasından sonra avtomatik baş verməyəcək.