İnsanın sevgidə yol verdiyi ƏN BÖYÜK ƏXLAQSIZLIQ: BIÇAĞI GİZLƏDİN! - FOTO
Heyvan heç olmasa onu kəsən əlin sahibinə aşiq olmur. İnsanın faciəsi isə ondadır ki, boğazına bıçaq çəkən əli ömrü boyu öpmək istəyir...
Vicdanında qanım qalsa, incimə
Uşaq vaxtı kənddə heyvan kəsən kişilərin qəribə bir davranışına şahid olardım. Köhnə kişilər bıçağı heyvana göstərməzdilər. Əvvəlcə başını, boynunu sığallayar, onu sakitləşdirərdilər. Heyvanın gözlərindəki təşviş çəkilib gedər, özünü ona toxunan əllərin mərhəmətinə təslim edərdi. Elə o məqamda da gizlədilmiş bıçaq üzə çıxardı.
Köhnə kişilərin inancına görə, heyvanı qabaqcadan qorxutmazdılar ki, qanı canında qalmasın. Uşaq ağlımla heç cür anlaya bilmirdim: bu qədər nəvazişdən sonra həmin heyvanı necə kəsə bilirdilər? Bəlkə də mənim mərhəmət hesab etdiyim o nəvaziş elə ölüm mərasiminin bir hissəsi idi.
İllər keçdi və mən başda özüm olmaqla insanları tanıdım. Sevgilər, ayrılıqlar, xəyanətlər haqqında xeyli oxudum, xeyli eşitdim, yaşadım. Anladım ki, bəşər övladı da ruhən elə həmin heyvanın aqibətini yaşayır. Üstəlik, insanın faciəsi bir qədər ağırdır. Heyvan heç olmasa onu sığallayan əlin sahibinə aşiq olmayıb.
Bu günlərdə Vahid Əzizin çoxdan bildiyim, sevdiyim “İncimə” şeirini öz səsilə Youtube-da dinlədim,təsadüfən.
Heç bildinmi, sənnən nələr çəkdi can?
Dərdlərinnən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
İlahi, bu bapbalaca misraların içində bütöv bir insan faciəsi var. Xüsusən də üçüncü misrada: “Bir dənəydi, elə bildin çoxdu can?”
Yəqin ki, insanın sevgidə yol verdiyi ən böyük əxlaqsızlıq onu sevən adamın dözümünü tükənməz hesab etməsidir. Düşünür ki, bu adam yenə bağışlayacaq, yenə qayıdacaq, yenə darıxacaq, yenə bir bəhanə tapıb danışacaq. Hər dəfə bağışlandıqca özünü daha haqlı, qarşısındakını isə daha gücsüz hesab edəcək. Halbuki o adamın hər dəfə qayıtması gücsüzlüyündən deyil, içindəki sevgiyə xəyanət edə bilməməyindəndir. Adam bəzən öz qüruruna, öz ləyaqətinə, hətta öz ağlına xəyanət edir, amma sevgisinə xəyanət edə bilmir.
Faciə də elə buradan başlayır.
İnsan düşmənindən gələcək zərbəyə hazır olur. Onun qarşısında özünü müdafiə edir, ehtiyatını əldən vermir. Sevdiyinin yanında isə bütün müdafiə vasitələrindən könüllü şəkildə imtina edir. Çünki sevginin mahiyyətində bir növ müdafiəsizlik var. Birini sevmək həm də ona səni incitmək imkanını vermək, amma bu imkandan istifadə etməyəcəyinə inanmaqdır.
İndi təsəvvür edin, insan ən böyük yarasını özünü ən təhlükəsiz hiss etdiyi yerdə alır. Həmin yaranı ona dünyadakı bütün yaralarını sağaldacağını düşündüyü adam vurur.
Belə yaraların ağrısı bir qədər başqadır.
Türk şairi Attila İlhan “Ayrılık sevdaya dahil” şeirində yazırdı:
Ayrılık da sevdaya dahil,
çünkü ayrılanlar hala sevgili.
Attila İlhan ayrılığı belə sevginin hüdudlarından kənara çıxarmır. Onun düşüncəsində iki insanın bir-birindən ayrılması onların mütləq bir-birinə yadlaşması demək deyil. İnsan gedə bilər, amma gedərkən bir zamanlar sevdiyi adamın ruhunu dağıtmaya da bilər.
Yaxud da Özdemir Asafın məşhur “Lavinia” şeirini xatırlayıram və bir xeyli susub yenidən davam edirəm:
Sana gitme demeyeceğim,
üşüyorsun, ceketimi al.
Bu necə mərhəmətdir, ilahi?! Adam onu tərk edən sevgilisinin üşüməsindən narahatdır. Öz içində qopan qiyaməti bir kənara qoyub gedəcək adamın soyuqdan qorunmasını düşünür. Bəlkə də bu, sevginin ən çılpaq, ən müdafiəsiz halıdır.
Vahid Əzizin aşiqi isə artıq həmin mərhələni də keçib. Onun sevgilisindən nə sədaqət, nə mərhəmət, nə də qayıtmaq kimi bir təmənnası var. Sonuncu dəfə müraciət edir: incimə.
İnsan nə qədər sevərmiş ki, öz faciəsinə görə də qarşısındakı adamdan üzr istəməyə bənzər bir söz deyərmiş?!
“Vicdanında qanım qalsa, incimə”.
Bu, qarğış deyil. Bu, özünə edilən haqsızlığa belə nifrətlə cavab verə bilməyən adamın son müraciətidir.
Bizdə hamımızın yaxşı bildiyi qəribə bir adət var. İnsan öləndən sonra onunla halallaşmağa gedirlər. Sağlığında könlünü qırdığımız, sözümüzlə incitdiyimiz, haqqını tapdaladığımız adamın tabutu qarşısında dayanıb halallıq istəyirik. Halbuki insanın ruhunu sağlığında da öldürmək mümkündür. Və ruhu öldürülmüş adamın nə yas mərasimi olur, nə də halallığını almağa gələnlər. O, səhər yuxudan durur, üzünü qırxır, köynəyini ütüləyir, işə gedir. Tanışları ilə salamlaşır, zarafat edir, süfrə arxasında əyləşir. Heç kim də fərqinə varmır ki, bu adamın içində çoxdan bir yas məclisi qurulub. Ölümün bu növü haqqında heç bir ölüm şəhadətnaməsində məlumat verilmir.
Ona görə də bütün aşiqlərin adından sevilənlərə bir xahişim var.
Bıçağı gizlədin!
Əgər bir gün sizi bu dünyada hamıdan başqa cür sevən bir adamın sevgisinə son qoyacaqsınızsa, heç olmasa onunla bir qədər mərhəmətli davranın. Onu özünüzə yalvartmayın. Hər gün bir az ümid verib, hər axşam o ümidi əlindən almayın. Bir zamanlar sevilmək üçün açdığınız qapının qarşısında onu dilənçiyə çevirməyin. Bıçağı gizlədin, xanımlar və cənablar. Amma ayrılığı gizlətməyin. Gedəcəksinizsə, gedin. Bir insanın sizə olan sevgisini onun cəzaçəkmə müddətinə çevirməyin. Çünki insanı ayrılığın özü deyil, ayrılığa qədər yaşadılanlar məhv edir. Və bir gün hər şey arxada qalanda, illər ötəndə, saçlarınıza dən düşəndə, təsadüfən köhnə bir mahnı eşidəndə, unutduğunuzu zənn etdiyiniz bir adam yadınıza düşə bilər. Onun sizə necə baxdığını, səsinizi eşidəndə necə dəyişdiyini, ən kiçik nəvazişinizdən necə xoşbəxt olduğunu xatırlaya bilərsiniz. Əminəm ki onda anlayacaqsınız ki, dünyada hər şeyin yenisini tapmaq mümkün imiş, bir insanın sizə bəslədiyi o bənzərsiz hissdən başqa. Vahid Əzizin aşiqinin nə demək istədiyini anlayacaqsınız.
Köhnə kişilər bıçağı gizlədərdilər ki, heyvanın qanı canında qalmasın. Amma insanın ruhuna çəkilən bıçağın qəribə bir xüsusiyyəti var: onun qanı bəzən yaralananın deyil, yaralayanın içində qalır.
Vicdanında qanım qalsa, incimə...
Nicat ABDULLAYEV
25.11.2026, Bakı
