Noyabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Rəqəmsal Gələcəyin Kodları: İnnovasiya və Gənclik” layihəsi çərçivəsində tədbir təşkil olunub. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Tədbirin rəsmi hissəsində ilk olaraq layihənin rəhbəri Eldar Qurbanov çıxış edərək qonaqları salamlayıb və layihənin məqsədləri barədə məlumat verib. Daha sonra Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Bənövşə Qasımova, layihənin tərəfdaşı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Baş Katibi Fidan Mirələmli və sonda AzMİU Tələbə Gənclər Təşkilatının sədri Yusif Quliyev çıxış edərək layihənin gənclərin rəqəmsal bacarıqlarının inkişafındakı əhəmiyyətindən danışıblar.
Tədbirin əsas hissəsində “Cavan” Gənclər Hərəkatının İcraçı Direktoru Ənvər İsmayılzadə “Rəqəmsal transformasiyada gənclərin rolu” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra “Yeni Nəsil Rəqəmsal Ekosistem: İnnovasiya, Startaplar və Kibertəhlükəsizlik Çağırışları” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin aparıcı mütəxəssisi və “4you” startapının təsisçisi Vüqar Əliyev, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin innovasiya üzrə mütəxəssisi Tunar Gözəlov və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının mütəxəssisi Nicat Cahangirov iştirak ediblər. Spikerlər startapların ideyadan bazara çıxış yolunu, mədəni və yaradıcı sənayelərdəki imkanları, “başlanğıcdan təhlükəsizlik” (security by design) yanaşmasını və süni intellekt dövründə kibertəhlükəsizlik sahəsində tələb olunan bacarıqları müzakirə ediblər. Müzakirə zamanı gənclərə praktik tövsiyələr verilib.
Sual-cavab hissəsində tələbələr spikerlərə maraq doğuran sualları ünvanlayıblar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sonra qonaqlar və iştirakçılar üçün çay-qəhvə fasiləsi təşkil edilib, bu fasilə spikerlər və gənclər arasında ünsiyyət üçün də imkan yaradıb.
Layihənin məqsədi gənclərin sürətlə dəyişən texnoloji proseslərdə yalnız izləyici deyil, yeniliklərə liderlik edən qüvvə olmasını təşviq etməkdir.



