Şəkildəki duruşunuz münasibətinizin aynasıdırmı?
Bir müddət əvvəl geniş müzakirə olunan "yaşıl xətt nəzəriyyəsi" sosial şəbəkələrdə yenidən trendə çevrilib. Bu yanaşmaya görə, birlikdə çəkilən şəkillərdəki duruş tərzi cütlüyün münasibəti haqqında mühüm ipucları verir. Budur, həmin iddianın detalları...
Həyat yoldaşınız və ya sevgilinizlə çəkdirdiyiniz fotolara diqqətlə baxın: Kim daha dik dayanır? Kim qarşı tərəfə doğru əyilir? Sosial mediada məşhurlaşan "Yaşıl xətt nəzəriyyəsi"nə əsasən, məhz bu duruş münasibətdəki dinamikanın və kimin daha dominant olduğunun əsas göstəricisidir. Üstəlik, nəzəriyyənin tərəfdarları şəkildə partnyoruna söykənən şəxs kişidirsə, bunu münasibətlərdə nələrisə yolunda getməməsinin, kişinin özünü asılı və özünəinamsız hiss etməsinin sübutu kimi yozurlar.
Ancaq hər şəkil bu çərçivəyə salınmır. Nəzəriyyəni müdafiə edənlərin fikrincə, qaydanın işləməsi üçün kadr təsadüfi yox, xüsusi poz verilərək çəkilməlidir. Şahzadə Harri və Meqan Markl, Bruklin Bekhem və Nikola Pelts, eləcə də Vill və Ceyda Smit cütlükləri bu iddianın ən çox hallandırılan nümunələri sırasındadır. Həmin cütlüklərin ortaq cəhəti fotolarda qadınların dik durması, kişilərin isə partnyorlarına tərəf əyilməsi idi. Bu yanaşmaya görə, həmin cütlüklər "güc sınağından" keçə bilməyiblər.
Cinsiyyətçi stereotiplərin davamıdırmı?
İlk dəfə 2020-ci illərdə gündəmə gələn bu fikir dəstəkləndiyi qədər tənqid də olunub. Çünki kişinin partnyoruna söykənməsinin "özünəinamsızlıq" və ya "asılılıq" kimi təqdim olunması kişiyə yüklənən "hər zaman güclü, sarsılmaz və hakim olma" rolunu təkrarlayan cinsiyyətçi yanaşma hesab edilir.
Bədən dili mütəxəssisləri nə deyir?
Bədən dili üzrə mütəxəssislər bu iddianın kəskin hökmlərini qəbul etmir. Onlar fotodakı duruşa boy fərqinin, çəkiliş bucağının və ya həmin anki fiziki rahatlığın da təsir etdiyini bildirirlər. Bununla belə, mütəxəssislər bəzi bədən dili jestlərinin münasibətlərdəki ab-havanı əks etdirdiyini təsdiqləyirlər. Bəs hansı hərəkətlər əslində daha real mesajlar ötürür?
Əl-ələ tutma tərzi: Fiziki təmas münasibətdə səmimiyyətin, emosional yaxınlığın və xoşbəxtliyin göstəricisidir. Çiyinləriniz bir-birinə toxunacaq qədər yaxın yeriyərkən əlləri tam kenetləmək, arada məsafə saxlayaraq boş-boşuna və ya yalnız bir neçə barmaqla tutmaqdan daha güclü yaxınlıq və bağlılıq əlamətidir.
Əlin çiyində olması: İstər oturarkən, istərsə də yeriyərkən partnyorun əlini çiyninizə qoyması mehriban və isti jestdir. Qarşı tərəf bu yolla sizi özünə çəkərək fiziki yaxınlıq axtarır və özünü sizə emosional cəhətdən daha yaxın hiss etdiyini göstərir.
Birinin öndə getməsi: Adətən yanaşı addımlamaq münasibətdə hörmətin və komanda ruhunun əlamətidir. Cütlükdən birinin daim qabaqda getməsi isə həmrəyliyin zəiflədiyinə və narazılığa işarə edə bilər. Təbii ki, şərait nəzərə alınmalıdır: bəzən kişilər nəzakət və diqqət əlaməti olaraq qadınların otağa, növbəyə və ya dar keçidə əvvəl daxil olmasına şərait yaradır. Əgər ümumilikdə bərabər addımlayırsınızsa, səbəb başqa amillər ola bilər. Lakin kimsə hər zaman qarşıdakının önündə yeriyirsə, bu, partnyorunu özü ilə bərabər görmədiyini göstərə bilər.
Sizə doğru əyilməsi: Başı həyat yoldaşının çiyninə və ya sinəsinə söykəmək xoş və səmimi davranışdır. Bu jest "Sənə yaxın hiss edirəm, sənə güvənirəm, yanında olmaq istəyirəm" mesajını verir. Valideyn-uşaq münasibətlərində də müşahidə olunan bu hərəkətdə dəstək hissi var. Ümumilikdə qarşılıqlı yaxınlaşma və bir-birinə doğru əyilmə müsbət haldır; bu, tərəflərin bir-birinə maraq göstərdiyini və daha yaxın, səmimi olmaq istədiyini ifadə edir.
Xpress.az