Bakı Slavyan Universitetində “COP29-dan sonra : Gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişafa töhfəsi” mövzusunda tədbir keçirilib
26 noyabr tarixində Bakı Slavyan Universitetində
“COP29-dan sonra: Gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişafa töhfəsi” mövzusunda tədbir keçirilib.

26 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “COP29-dan sonra: Gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişafa töhfəsi” layihəsi əsasında Bakı Slavyan Universitetində tədbir baş tutub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ekspertlər və tələbələr iştirak ediblər.
Tədbir layihə rəhbəri Ülvi Quluzadənin çıxışı ilə başlayıb. O, iştirakçıları salamlayaraq layihənin məqsədi, həyata keçirilən fəaliyyətlər və tədbirin gündəliyi haqqında məlumat verib.
Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, tədbirin əsas məqsədi COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolunu müzakirə etmək, dayanıqlı inkişaf sahəsində gənc təşəbbüslərini təşviq etmək və bu istiqamətdə gənclər, dövlət qurumları və akademik mühit arasında əməkdaşlığı gücləndirməkdir. Rektor universitetlərin gənclərin iqlim məsələləri üzrə maarifləndirilməsindəki rolunu vurğulayıb.

Ardınca Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli salamlama nitqi ilə çıxış edib. O, Fondun gənclərin təşəbbüslərinə göstərdiyi dəstəkdən, qrant müsabiqələri vasitəsilə gənclərin ideyalarının real layihələrə çevrilməsi imkanlarından danışıb. İqlim fəaliyyəti və dayanıqlı inkişaf mövzularında gənc təşəbbüslərinin əhəmiyyəti qeyd olunub.
Tədbirin fəxri qonağı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolu, dayanıqlı inkişaf sahəsindəki gənc təşəbbüsləri üçün imkanlar və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda çıxış edib. O, COP29-un Azərbaycan üçün əhəmiyyətindən, Bakı konfransının irsindən və qəbul edilmiş qərarların icrası mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib. Çıxışda gənclərin iqlim diplomatiyasında, maarifləndirmə fəaliyyətində və yerli təşəbbüslərdə fəal iştirakının vacibliyi vurğulanıb.

Tədbirin ikinci hissəsində “İqlim öhdəliklərinin həyata keçirilməsində gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Layihə rəhbəri Ülvi Quluzadənin moderatorluğu ilə keçirilən paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, İqlim və Meteoroloji Tədqiqatlar Mərkəzinin direktor müavini Aygün Nərimanova, ekoloq Dr. Rəhilə İslamzadə, iqlim diplomatiyası və enerji keçidi üzrə araşdırmaçı jurnalist, aparıcı Aysel Aslanqızı çıxış ediblər.
Panelistlər iqlim və meteoroloji müşahidələrin gənclərin layihələri üçün əhəmiyyəti, iqlim tədqiqatları sahəsində gənc mütəxəssislərə olan ehtiyac və gənclərin ekoloji təşəbbüslərinin davamlılığı barədə fikirlərini bölüşüblər. Həmçinin iqlim mövzularının ictimaiyyətə çatdırılmasında medianın rolu və gənclərin etibarlı məlumat mənbələrini seçməsi məsələləri müzakirə olunub. Panel sual-cavab hissəsi ilə davam edib, tələbələr maraqlandıqları sualları spikerlərə ünvanlayıblar.

Tədbirin sonunda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “COP29-dan sonra: Gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişafa töhfəsi” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi COP29-un Azərbaycanda yaratdığı iqlim gündəliyini gənclər arasında davam etdirmək, onların iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində məlumatlılığını artırmaq və təşəbbüskarlığını dəstəkləməkdir.
