Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya “Kipr türklərinin bərabər hüquq və mənafelərini nə...
“Kipr türklərinin bərabər hüquq və mənafelərini nəzərə almayan yanaşma qəbuledilməzdir”
Dünya

“Kipr türklərinin bərabər hüquq və mənafelərini nəzərə almayan yanaşma qəbuledilməzdir”

Xpress.az Redaksiyası 06.11.2025 15:55

Şimali Kipr Türk Respublikasının (ŞKTR - KKTC) Prezident Administrasiyası bəyan edib ki, Kipr türklərinin bərabər hüquq və mənafelərini nəzərə almayan bir yanaşmanın müəyyənləşdirilməsi qəbuledilməzdir.

Administrasiyanın bununla bağlı yaydığı yazılı açıqlamada bildirilir ki, Avropa Komissiyasının 2025-ci il 4 noyabr tarixində dərc etdiyi Türkiyə üzrə ölkə hesabatında digər məsələlərlə yanaşı, Kıbrıs məsələsinə dair dəyərləndirmələrə də yer verilib.

Açıqlamada deyilir: “Hesabatda bu mövzuda sərgilənən yanaşmanın, BMT Baş katibinin Kıbrısda ədalətli və davamlı həll üçün səylərini gücləndirməsinin gözlənildiyi bu yeni dövrlə uyğun gəlmədiyi açıq şəkildə görünür. Hesabatda Kıbrısla bağlı ümumi tutum, Kıbrıs türk xalqının qanuni hüquq və mənafelərinin, həmçinin adanın iki bərabər təsisçi tərəfdaşından biri olması həqiqətinin görməzlikdən gəldiyini göstərir. Bununla yanaşı, dünyada bütün sülhməramlı əməliyyatların əsas prinsipi olan ‘bütün tərəflərin razılığının alınması’ məsələsində belə tənqidi dilin işlədilməsi diqqətçəkicidir. Bu çatışmazlıqların əsas səbəbi Avropa İttifaqının uzun müddətdir Kıbrıs məsələsində Kıbrıs türk tərəfi ilə dialoqdan qaçmasıdır”.

Prezident Administrasiyasının açıqlaması belə davam edir: “Eyni zamanda, Kıbrıs türklərinin təcridinin aradan qaldırılması və iqtisadi-sosial inkişafının təmin olunması istiqamətində qərarlar qəbul etmiş, lakin ‘Birbaşa Ticarət Tüzüyü’nü həyata keçirməmiş Avropa İttifaqının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyümüzü mənfi şəkildə qiymətləndirməsi də təəssüf doğurur. Hesabatda bir tərəfdən BMT-yə dəfələrlə istinad edildiyi halda, digər tərəfdən 2004-cü ildə BMT Baş katibi tərəfindən Kıbrıs türklərinə qarşı tətbiq edilən təcridin aradan qaldırılmasına dair edilən güclü çağırışın görməzlikdən gəlinməsi diqqət çəkir. Hesabatda qapalı Maraş məsələsində faktiki səhvlərə yol verilməsi və Kıbrıs türklərinin adanın ətrafındakı dəniz səlahiyyət zonaları və təbii sərvətlər üzərindəki bərabər hüquq və mənafelərinin nəzərə alınmaması qəbuledilməzdir. Digər tərəfdən, hesabatda Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşmasına vurğu edilməsini müsbət qiymətləndiririk. Beynəlxalq ictimaiyyət Kıbrıs məsələsində daha ədalətli, obyektiv və konstruktiv mövqe tutarsa, bu, Kıbrısda da oxşar müsbət inkişafların yolunu aça bilər”.

Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu: “KKTC-nin tanınması zaman alacaq, amma qaçılmazdır”

KKTC Xarici İşlər naziri Tahsin Ertuğruloğlu bəyan edib ki, dünya dəyişiklik mərhələsindədir və yeni düzəndə Şimali Kipr Türk Cümhuriyyəti layiq olduğu yeri mütləq alacaq.

Nazir deyib: “KKTC-nin tanınması zaman alacaq, amma bu, qaçılmazdır. Bəlkə mən bunu görməyəcəyəm, amma bu dövlət mütləq tanınacaq. Türk dövləti səbirli dövlətdir”.

Ertuğruloğlu, Hamburq Türk Mətbuat Birliyinin (HTBB) nümayəndə heyətini qəbul edərkən Kıbrıs məsələsi barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Avropa İttifaqının Kıbrıs siyasətində dəyişiklik ehtimalı yoxdur: "Çünki  Aİ qərarlarını yekdilliklə qəbul edən bir birlikdir. Bu səbəbdən, Kıbrısda etdiyi səhvi düzəltmə imkanını itirib. Çünki düzəliş üçün bütün üzv dövlətlərin razılığı lazımdır, bu isə Rum-Yunan vetosuna görə mümkün deyil. Bu baxımdan bizim üçün Aİ artıq bir ‘Rum təşkilatı’ndan fərqli deyil.”

İki dövlətli həll məsələsinə toxunan nazir qeyd edib ki, hazırkı vəziyyət artıq bir həlldir. Onun sözlərinə görə, Kıbrısda iki dövlət, iki millət, iki xalq, iki demokratiya və iki suverenlik var: “Dünya dəyişir. Prezident Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" ifadəsi çox mənalıdır. Yeni dünya nizamında KKTC mütləq öz yerini alacaq”.

Xarici İşlər Nazirliyi: “Aİ, Kıbrıs məsələsində tərəfli və ikili standartlı mövqeyini davam etdirir”

Türkiyə Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Avropa İttifaqı Kıbrıs məsələsində tərəfli və ikili standartlı siyasətini davam etdirir.

Nazirliyin 2025-ci il Türkiyə Genişlənmə Hesabatı ilə bağlı açıqlamasında qeyd olunub ki, Avropa Komissiyasının 4 noyabr 2025-ci ildə dərc etdiyi hesabat Aİ-nin Kıbrıs məsələsindəki qərəzli və ədalətsiz yanaşmasını bir daha ortaya qoyur: "Aİ 2004-cü ildə Kıbrıs Rum tərəfini birtərəfli qaydada üzv qəbul etməklə, tərəfsizliyini itirmiş və adadakı balansı pozmuşdur.
Bu yanlış mövqe, Kıbrısda ədalətli razılaşma üçün əsas maneələrdən birinə çevrilmişdir. Bu gün adada iki ayrı xalq, iki ayrı iradə və iki ayrı dövlət mövcuddur. Bu reallıq artıq inkar edilə bilməz. Egemen bərabərlik və bərabər beynəlxalq status əsasında bir həll modeli zəruridir. Aİ-nin qərarlarının yekdillik prinsipi ilə qəbul olunması səbəbindən, Kıbrıs məsələsində mövqeyini dəyişməsi mümkün görünmür. İllərdir Türkiyə ilə münasibətlərini Kıbrıs məsələsinə endeks edən Aİ-nin, Kıbrıs türk xalqına qarşı ədalətli və qərəzsiz davranması da mümkün deyil”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək