Rusiya Ermənistana qarşı hərəkətə keçir
Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvana qarşı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsini müzakirəyə çıxara bilər.
Musavat.com xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında bildirib.
Baş katibin sözlərinə görə, Rusiya artıq Ermənistanla bağlı Nizamnamənin 25-ci maddəsinin tətbiqini nəzərdə tutan qərar layihəsini təqdim edib.
“Əgər bu ayın 10-da müvafiq gündəlik təsdiqlənərsə, məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. Fəaliyyətini dayandırmaq Ermənistanın öz qərarıdır. Lakin üzv dövlətlərin rəhbərlərindən ibarət Kollektiv Təhlükəsizlik Şurasının hansı qərarı qəbul edəcəyi iclasdan sonra məlum olacaq”, – deyə Masadıkov TASS-ın sualını cavablandırarkən bildirib.
O, Rusiyanın təqdim etdiyi layihənin mahiyyətinə də aydınlıq gətirib.
“Bu, üzvlük haqları, eləcə də Ermənistanın artıq üçüncü ildir təşkilatda formal olaraq qalmasına baxmayaraq, onun fəaliyyətində iştirak etməməsi ilə bağlıdır”, – deyə baş katib vurğulayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bundan əvvəl İrəvanın KTMT-də fəaliyyətini bərpa etmək imkanını görmədiyini bəyan etmişdi.
Ermənistan təşkilatdakı iştirakını faktiki olaraq dondursa da, üzvlükdən rəsmən çıxmayıb.
Beləliklə, Moskvanın təşəbbüsü ilə KTMT çərçivəsində Ermənistanın üzvlük öhdəlikləri və təşkilatın fəaliyyətindən kənarda qalması məsələsi ilk dəfə konkret qərar layihəsi əsasında müzakirəyə çıxarıla bilər.