Dövlət bankı NİYƏ borc axtarır?
Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC bu il ərzində ikinci dəfə istiqraz yerləşdirilməsi həyata keçirəcək.
Musavat.com Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, bu dəfə də investorlara iki istiqraz təklif olunacaq. Dəyəri 10 milyon manat olan istiqrazlar 2 il müddətinə, 9 faiz gəlirlə yerləşdiriləcək.
Ap1XdlO4K8Q9S3nC9NztgIlSmAfOXhoLYYiSNqXF_1200.jpg (74 KB)
Dəyəri 5 milyon manat olan digər qiymətli kağızları alanlar 1 il müddətinə 8,5 faiz gəlir əldə edəcəklər. İstiqrazların yerləşdirilməsinoyabrın 12-də həyata keçiriləcək.
Qeyd edək ki, bu, ABB-nin cari ildə ikinci istiqraz emissiyasıdır. Birinci emissiya may ayında reallaşdırılıb, hər birinin dəyəri 5 milyon manat olan istiqrazlardan biri 12 ay, ikincisi 24 aylıqdır. Birinci istiqrazlar üzrə 9 faiz, ikinci üzrə isə 10 faiz olub.
Beləliklə, ABB12 ay müddətli istiqrazlar üzrə gəlir dərəcəsini 0,5 faiz bəndi, 24 aylıq üzrə isə 1 faiz azaldıb. Bu azalma bankın daha ucuz vəsait əldə etmək imkanlarının olması ilə bağlıdır. Belə ki, Mərkəzi Bankın rəsmi məlumatına əsasən ölkədə bankların izafi likvid vəsaitlərinin həcmi 6,2 milyard manata, məcburi ehtiyatları və digər normalar üzrə ayırmaları kənara qoyulmaqla, xalis likvidlik 4,6 milyard manata çatıb. Mərkəzi Bankın rəhbəri Taleh Kazımov bankların bu vəsaitləri kredit şəklində yerləşdirməkdə çətinliklərinin olduğunu qeyd edib. Bu izafi likvidliyin yaxınmüddətli dövrdə depozit faizlərini aşağı salacağı gözlənilir. Eyni zamanda bu, bankların kreditləşmədənkənar gəlir mənbələrinə diqqətini artıracaq. Nəticədə, ABB həm daha aşağı faizlə vəsait cəlb etmək, həm də digər bankların timsalında öz istiqrazlarını sərfəli şərtlərlə yerləşdirmək imkanına malik olacaq.
Yuxarıda da qeyd etdik ki, ABB ölkənin ən böyük bankıdır. Bankın 93 faizə yaxını dövlətə məxsusdur. 2015-2016-cı illərdə yaşanan və dövləti 15 milyard manatdan çox xərcə salan problemdən sonra ABB-nin idarəetməsində çox kəskin dəyişikliklər qeydə alınıb. 2017-ci ildən etibarən bank xalis mənfəət göstəriciləri açıqlamağa başlayıb.
2026-cı ilin yanvar–sentyabr aylarında ABB 352,4 milyon manat xalis mənfəət əldə edib. Bankın hesabatına əsasən bu, 2025-ci ilin eyni dövründəki göstəricidən 34,8 faiz çoxdur. Mənfəətdəki bu kəskin dəyişiklik gəlirlərin xərclərdən daha sürətlə artmasından meydana gəlib. Belə ki, 9 ayda Bank 937,2 milyon manat faiz gəliri əldə edib: bu göstərici illik ifadədə 16,3 faiz yüksəlib. Qeyri- faiz gəlirləri isə 30,3 faiz artmaqla 425,4 milyon manata çatıb.
1 milyard 362,6 milyon manata çatan cəmi gəlirlərdə artım 20,4 faiz olub. Gəlirlərlə yanaşı, ABB-nin xərclərində də ciddi artım var. Belə ki, 9 ayda faiz və qeyri-faiz xərcləri, ehtiyat ayırmaları və mənfəət vergisi daxil olmaqla ümumi xərclər 16,0 faiz artaraq 1 milyard 10,2 milyon manata yüksəlib. Gəlirlərin xərclərə nisbəti ötən ilin eyni dövründəki 1,3-dan 1,35-ə qalxıb.
Sentyabrın sonuna bankın cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 18,3 faiz artaraq 16 milyard 117,6 milyon manat olub. Müştərilərə verilmiş kreditlərin ümumi həcmi ilin əvvəlindən 10,9 faiz artaraq 7 milyard 854,1 milyon manat, ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 10,3 faiz artaraq 7 milyard 183,7 milyon manat təşkil edib. Buna baxmayaraq, xalis kreditlərin aktivlərdə payı ilin əvvəlindəki 47,8 faizdən 44,6 faizə enib.
Cəmi öhdəliklər ilin əvvəlindən 20,8 faiz artaraq 13 milyard 794,9 milyon manata, cəmi kapital isə 5,4 faiz artaraq 2 milyard 322,7 milyon manata yüksəlib. Hesabat dövründə bölüşdürülməmiş mənfəət 24,5 faiz çoxalaraq 773,7 milyon manat təşkil edib.
Kredit portfelindəki artım problemli kreditlərdə də artımla müşayiət olunur. Belə ki, üçüncü rübün sonuna bankın vaxtı keçmiş kreditlərində ilin əvvəli ilə müqayisədə 12 faiz, yaxud 41,3 milyon manat artım qeydə alınıb. Ümumi kredit portfelinin artım sürətini qabaqlayan problemli kreditlərin həcmi 386,7 milyon manata çatıb.
Porblemli kreditlərdəki artım əsasən istehlak kreditlərinin hesabınadır. Belə ki, biznes kreditlərində vaxtı keçən hissə bu dövrdə 14,3 faiz azalaraq 116,3 milyon manatdan 99,7 milyon manata enib.
İstehlak kreditləri üzrə problemli kreditlər isə 45,7 milyon manat və ya 24,9 faiz artaraq 183,2 milyon manatdan 228,9 milyon manata çatıb.
Daşınmaz əmlak kreditləri üzrə vaxtı keçmiş borcların həcmi isə ilin əvvəli ilə müqayisədə 12,2 milyon manat və ya 26,6 faiz artaraq 58,1 milyon manata çatıb.
Nəticədə vaxtı keçmiş kreditlərin portfeldə payı 2025-ci ilin sonundakı 4,83 faizdən 4,92 faizə yüksəlib ki, bu da kifayət qədər təhlükəli hədd hesab olunur.
Onu da bildirək ki, ABB son illərdə mənfəəti artırdıqca, səhmdarlara dividend ödənişlərini də artırıb. 2024 və 2025-ci maliyyə illərinin yekununda səhmdarlara hər dəfə 200 milyon manat dvident ödənilib. Bunun 184 milyon manatı dövlətə, 16 milyon manatı digər çoxsaylı səhmdarlarına ödənilib. Cari ildə bankın daha yüksək xalis mənfəət əldə etməsi gələn il səhmdarlara daha çox dvident ödənməsinə gətirib çıxara bilər.
Göründüyü kimi, ABB-nin maliyyə vəziyyəti yaxşıdır, mənfəəti yüksəkdir. Lakin bank bu il Özbəkistanda Davr Bank-ın 51 faiz səhmini əldə edib. Sentyabrda ABB Maliyyə Qrupu ilə Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi tamamlanıb. Əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasında qeydiyyata alınıb.
Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140 milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, ABB Davr Bankın 51 milyon adi səhmini əldə etməklə Bankın kapital strukturunda 51 faiz paya sahib olub.
Bank Özbəkistan bazarında “ABB Davr” brendi altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ qurumlara geniş çeşiddə bank xidmətləri göstərir.
ABB-nin bu yatırımı uğurlu hesab olunur. Belə ki, Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir, ötən ili 56,3 milyard som, yaxud 80 milyon manatdan yuxarı xalis mənfəətlə başa vurub.
Maliyyə göstəriciləri yüksək olan, mənfəəti sürətlə artan ABB-nin buna baxmayaraq, istiqraz emissiya etməsi bankın xarici investisiya layihəsi üçün sabit vəsait ehtiyacından qaynaqlana bilər. 2027-ci ilin dövlət büdcəsi layihəsindən aydın olur ki, ABB-nin dövlət büdcəsinə dvident ödənişi proqnozu 25 milyon manat artırılıb. Bu göstərici cari ilin büdcəsində nəzərdə tutulan 150 milyon manatdan 175 milyon manata qaldırılıb. Belə görünür ki, ABB bu proqnoza əməl etmək üçün digər xərclərini, o cümlədən xarici layihənin maliyyələşməsi ilə bağlı xərclərinin bir hissəsini əlavə vəsait cəlb etməklə qarşılamaq istəyir.
İstiqraz yerləşdirmə həm də biznes çevrəsinə bir mesajdır: Maliyyə vəziyyətimiz o qədər yaxşıdır ki, investorlar bizim qiymətli kağızlarımıza tərəddüd etmədən pul yatırır.
Dünya,
Musavat.com