Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI
Azərbaycanda fərdi sahibkarların iqtisadi rayonlar üzrə bölgüsündə ciddi fərqlər müşahidə olunur. Statistik məlumatlara əsasən, ölkədə fərdi sahibkarların ümumi sayı 1 milyon 499 min 33 nəfər təşkil edir. Onlardan 1 milyon 137 min 671 nəfəri kişi, 361 min 362 nəfəri isə qadındır.
Fərdi sahibkarların sayına görə Bakı şəhəri digər iqtisadi rayonları əhəmiyyətli dərəcədə qabaqlayır.
Paytaxtda 287 min 215 kişi və 101 min 847 qadın olmaqla, ümumilikdə 389 min 62 fərdi sahibkar qeydə alınıb.
Paytaxtdan sonra ən yüksək göstərici Lənkəran-Astara iqtisadi rayonunda müşahidə olunur. Burada 117 min 541 kişi və 35 min 671 qadın fərdi sahibkar fəaliyyət göstərir. Növbəti yerlərdə isə Qazax-Tovuz, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi rayonları qərarlaşıb.
Ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda 6 min 628 kişi və 2 min 320 qadın fərdi sahibkar var.
Statistik göstəricilər bütün iqtisadi rayonlarda kişi sahibkarların sayının qadın sahibkarların sayından çox olduğunu göstərir. (Valyuta.az)