İşıq kəsildi, 2 min toyuq tələf oldu - “Azərişıq”la MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
“Murad Aqro” MMC elektrik təchizatının dayandırılması nəticəsində quşların tələf olduğunu və maddi zərərə məruz qaldığını iddia edərək “Azərişıq” ASC-ni məhkəməyə verib.
Şirkətin iddiası ilə bağlı məhkəmə çəkişmələri yekunlaşıb.
Belə ki, “Murad Aqro” MMC elektrik enerjisinin verilişində yaranmış fasilə nəticəsində quşçuluq təsərrüfatına ziyan dəydiyini iddia edərək “Azərişıq” ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Şirkət cavabdehdən maddi zərər, əldən çıxmış fayda, vəkil xidmətləri, müstəqil audit və dövlət rüsumu ilə bağlı xərclər daxil olmaqla, ümumilikdə 72 864,08 manat pulun tutulmasını istəyib.
İş materiallarına əsasən, “Murad Aqro” MMC ilə “Azərişıq” ASC arasında 2023-cü ildə elektrik enerjisinin istehlakı və alqı-satqısı barədə müqavilə bağlanıb. 2025-ci ildə “Azərişıq” ASC tərəfindən şirkətə elektrik enerjisinə görə borcun yaranması ilə bağlı məktublar göndərilib. İlk xəbərdarlıqda borcun 17 736,83 manat, sonrakı məktubda isə 21 368,48 manat olduğu göstərilib.
Məktublarda borcun müəyyən edilmiş tarixədək ödənilməsi, əks halda elektrik enerjisinin verilişinin dayandırılacağı bildirilib.
Şirkət isə sonradan məhkəmədə elektrik enerjisinin verilişinin qanunsuz dayandırıldığını iddia edib.
İş materiallarında göstərilib ki, elektrik enerjisinin verilişində fasilə yaranmasından sonrakı günlərdə MMC-nin təsərrüfatında quşların kütləvi tələf olması qeydə alınıb.
Təqdim edilmiş aktlara əsasən, ayrı-ayrı tarixlərdə 1 000, 650 və 300 baş quşun öldüyü göstərilib. Beləliklə, aktlarda ümumilikdə 1 950 baş quşun tələf olması barədə məlumat əksini tapıb.
Yarma protokollarında ölmüş toyuqların daxili orqanlarında böyümə və rəng dəyişikliyi müşahidə olunduğu, ölüm səbəbinin isə istilik nəticəsində tənəffüsün pozulması, oksigen çatışmazlığı və asfiksiya olduğu qeyd edilib.
Şirkət hesab edib ki, elektrik enerjisinin verilişində fasilə quşçuluq təsərrüfatında temperatur rejiminin pozulmasına, nəticədə quşların tələf olmasına və sağ qalan quşların çəkisinin azalmasına səbəb olub.
“Murad Aqro” MMC bu hesablamalara əsaslanaraq “Azərişıq” ASC-yə pretenziya göndərib və dəymiş zərərin ödənilməsini tələb edib
Cavabdeh şirkət iddiaya etiraz edərək elektrik enerjisinin verilişinin borca görə dayandırılması halının olmadığını bildirib.
“Azərişıq” ASC-nin mövqeyinə görə, ərazidə elektrik enerjisi iki xətt vasitəsilə təmin olunub. Xətlərdən birində həddindən artıq yüklənmə baş verdiyindən avtomatik sistem xətti açıb və bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Azərişıq” ASC qeyd edib ki, borcun ödənilməməsinə görə elektrik enerjisi həqiqətən dayandırılsaydı, hər iki xətt üzrə təchizat kəsilərdi. Şirkət baş vermiş hadisənin borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktublarından deyil, texniki səbəbdən qaynaqlandığını iddia edib.
Bundan başqa, cavabdeh belə istehlakçılarda alternativ enerji mənbəyinin, o cümlədən generatorun olmasının vacibliyini vurğulayıb və ehtiyat enerji mənbəyinin olmamasına görə məsuliyyət daşımadığını vurğulayıb.
Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt filialının məktubunda isə müraciətdən sonra “Azərişıq” ASC-nin məsul əməkdaşları ilə danışıqlar aparıldığı və görülmüş tədbirlər nəticəsində elektrik enerjisinin verilişinin bərpa olunduğu göstərilib.
Bakı Kommersiya Məhkəməsi araşdırması zamanı elektrik enerjisinin verilişinin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində dayandırılması halı müəyyən edilməyib. Bu əsasla məhkəmə “Murad Aqro” MMC-nin iddiasını rədd edib və ödənilmiş dövlət rüsumunu iddiaçının özünə aid edib.
Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan “Murad Aqro” MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra şirkət kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, “Murad Aqro” MMC-nin kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılıb.
Beləliklə, elektrik enerjisinin verilişində yaranmış fasilə nəticəsində quşların tələf olması və təsərrüfata maddi zərər dəyməsi barədə iddia irəli sürən şirkətin “Azərişıq” ASC-dən 72 864,08 manat tutulması tələbi təmin edilməyib.
Qeyd edək ki, quşçuluq müəssisəsi olan “Murad Aqro” MMC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 772 960 manat olan şirkətin qanuni təmsilçisi Maqsud Əlizadə Əli oğludur.