Ayı məktəbə girərək uşağa hücum etdi
Radio 1-in The Star qəzetinə istinadən verdiyi məlumata görə, Hindistanda ayı məktəb binasına daxil olaraq sinif otağında bir uşağa hücum edib.
Hadisə Uttarxand ştatında yerləşən Harişankar məktəbində baş verib. Medianın məlumatına görə, ayı dərs vaxtı məktəbin binasına girib və şagirdlərlə müəllimlərin sığındığı qapalı sinif otaqlarına daxil olmağa çalışıb. Nəticədə qapılardan birini sındıraraq Aarav adlı altıncı sinif şagirdinə hücum edib.
Yırtıcı uşağı meşə istiqamətinə sürükləməyə cəhd göstərib. Lakin müəllimlərin və digər şagirdlərin müdaxiləsi nəticəsində ayının qarşısı alınıb. Daha sonra heyvan uşağı yaxınlıqdakı kolluğa buraxaraq ərazidən uzaqlaşıb. Hücum nəticəsində oğlan ağır xəsarətlər alıb.
Bu, son günlərdə eyni ştatda ayının məktəb ərazisinə daxil olması ilə bağlı qeydə alınan ikinci hadisədir. Çamoli rayonunun rəhbərliyi məktəbə gedən bütün uşaqlar üçün müşayiətçi təmin olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, daha əvvəl Yaponiyada da dişi ayının insanlara hücumu ilə bağlı hadisə baş vermişdi. Həmin hücum zamanı 38 yaşlı kişi həyatını itirmiş, onun 65 yaşlı atası və 70 yaşlarında olan bir cütlük isə baş və üz nahiyəsindən ciddi xəsarətlər almışdı. Zərərçəkənlərin hamısı sonradan avtomobilin yaxınlığında tapılmışdı.