Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Siz Reabilitasiya Mərkəzi deyilsiniz -
Siz Reabilitasiya Mərkəzi deyilsiniz -
Cəmiyyət

Siz Reabilitasiya Mərkəzi deyilsiniz - Sosial-psixoloji ESSE

Xpress.az Redaksiyası 07.06.2026 13:31

Həyatınıza heç zaman başqalarının “xəstə” etdiyi, sağlam olmayan və ən əsası sağalmaq istəməyən insanları qəbul etməyin. Çünki, siz reabilitasiya mərkəzi deyilsiniz!

Ədalət tərəzisi heç vaxt sevgi ilə nifrəti ölçmür. O, insanın işığa nə qədər yaxın, qaranlığına nə qədər bağlı olduğunu göstərir. Bəzi insanlar qaranlıq tərəflərinə qalib gəlmirlər. Onlar sadəcə qaranlıqla barışırlar. Hər ruhun içində iki tüstü yüksəlir: biri sağalmaq istəyən tərəfdən, digəri yaralarına sığınan tərəfdən. İnsanı məhv edən qaranlıq deyil, onu məhv edən, qaranlığı evinə çevirməsidir. Bəzən tərəziyə sevgini qoyursan, qarşılığında isə sağalmamış travmalar gəlir. Və heç bir tərəzi bu yükü tarazlaya bilmir. İşıq və qaranlıq arasında savaş getmir. Əsl savaş insanın öz yaralarından əl çəkmək istəyib-istəməməsindədir. Bəzi ruhlar işığa can atır, bəziləri isə qaranlığın onlara verdiyi tanış ağrıdan ayrıla bilmir. İnsan öz kölgəsini qəbul etmədikcə, onu sevməyə çalışan hər kəsi kölgədə qoyur. Qaranlıq insanı məğlub etmir, insan qaranlığını müdafiə etməyə başlayanda məğlub olur. Tərəzinin bir gözündə işıq, digər gözündə qaranlıq vardı. Məsələ hansının ağır gəlməsi deyildi. Məsələ insanın hansını seçməsində idi. Və bu həyatda heç kim qaranlığına görə itirilmir. Qaranlığını qorumağı seçdiyi gün itirilir.

Bəzi insanlar həyatımıza yara kimi girir. Öz travmalarını, keçmişlərinin qaranlığını, sağalmamış tərəflərini gətirib ruhumuza qoyurlar. Sonra bizdən onları anlamağımızı, düzəltməyimizi, hətta xilas etməyimizi gözləyirlər. Çünki çoxumuz “sevmək”lə “xilas etmək” anlayışını qarışdırırıq. Bir insanı sevmək başqa şeydir, özünü məhv edə-edə onu ayaqda saxlamağa çalışmaq başqa. Ən təhlükəlisi isə budur: bəzi insanlar yaralı deyil, zəhərlidir. Və onlar sağalmaq istəmirlər. Onlar yalnız anlayış istəyirlər, amma dəyişmək yox. Qayğı istəyirlər, amma məsuliyyət yox. Sevgi istəyirlər, amma qarşılıq vermək yox. Sən isə düşünürsən ki, bir az daha səbr etsən, bir az daha sevgi göstərsən, o dəyişəcək. Dəyişməyəcək ! Çünki insan yalnız özü istəyəndə sağalar. Kənardan verilən sevgi bir müddət ağrını sakitləşdirə bilər, amma içində qalmaq istəyən qaranlığı yox edə bilməz. Məsələn, Dostoyevskinin “İdiot” romanındakı Parfyon Roqojin obrazı kimi. Roqojin Nastasya Filippovnanı sevirdi. Amma onun sevgisi şəfqət yox, içindəki qaranlıqla qarışmış bir bağlılıq idi. Sevdiyi qadını xoşbəxt etməyi bacarmırdı, çünki özü daxildən sağalmamışdı. O, sevgini qorumaq kimi yox, sahib olmaq kimi yaşayırdı. Və insan daxilindəki qaranlığı müalicə etmədikcə, sevgisi də yaralayır.

Dostoyevski Roqojin vasitəsilə çox ağır bir həqiqəti göstərirdi: Bəzən insan qarşısındakı qadını yox, öz daxilindəki boşluğu sevir. O boşluğu doldura bilməyəndə isə sevgini dağıtmağa başlayır. Sən onun yollarını güllərlə örtsən belə, o yenə tikanlar üzərində yeriyər. Çünki bəzi insanlar xoşbəxt olmaqdan çox, öz ağrılarına sadiq qalırlar. Və ya Emili Brontenin “Uğultulu təpələr” romanındakı Hitklif obrazı da belə idi. O, Ketrini sevirdi, bəlkə də həyatında ən çox onu sevmişdi. Amma içindəki illərlə yığılmış yaralar, alçaldılmışlıq hissi və qaranlıq sevgisini xəstəliyə çevirmişdi. Hitklifin sevgisi sağaltmırdı, yandırırdı. O, sevildiyi halda belə daxilindəki qəzəbdən imtina edə bilmədi. Çünki bəzi insanlar sevgini qəbul etməkdənsə, ağrılarını qorumağı seçirlər. Brontenin romanı bir həqiqəti göstərirdi: İnsan daxilindəki fırtınanı sakitləşdirməyi bacarmırsa, ən böyük sevgini belə dağıda bilər. Və bəzən qadın illərlə bir kişinin içindəki “yaralı uşağı” sağaltmağa çalışır. Halbuki qarşısındakı insan yarasını bağlamaq yox, o yara ilə kimlik qurmaq istəyir. Belə insanları sevərkən qadın yavaş-yavaş özünü itirməyə başlayır. Çünki bir müddətdən sonra münasibətdə iki sağlam düşüncəli insan olmur — biri xilas etməyə çalışır, digəri isə xilas olmaqdan qaçır.

Həyatdan alıntılar olan bu əsərlər belə onu göstərir ki, bəzi insanların problemi travmaları deyil. Problemləri odur ki, o travmaları başqalarına yaşatmağı seçirlər. Və sən onların xilaskarı olmaq, hər kəsi başa düşmək, yaralı insana qucaq açmaq məcburiyyətində deyilsən. Çünki bəzən ən böyük özünə sevgi — uzaqlaşmaqdır.

Unutma: Sən bir insanın həyatına sevgi qata bilərsən, amma onun xarakterini dəyişə bilməzsən. Və heç kim öz ruh sağlamlığını, başqa birinin sağalmaq istəməyən qaranlığına qurban verməməlidir. İnsanlar sizdə müvəqqəti sığınacaq tapıb sonra sizi dağıdaraq getməməlidir. Bəzən qapını bağlamaq qəddarlıq deyil, özünü qorumaqdır.

Bəzən də problem sevgisizlik olmur. Problem insanın sevgini təhlükə kimi qəbul etməsi olur. Psixologiyada buna “travma bağı” deyirlər. İnsan tanış olduğu ağrını, sağlam sevgidən daha yaxın hiss edir. Çünki beyin, xoşbəxtlikdən çox öyrəşdiyi hissi “təhlükəsiz” sayır. Ona görə bəzi insanlar sakit münasibətdə darıxır, amma problemli münasibətdə qalmağa davam edir. Çünki xaos onların normalıdır. Sağalmaq istəməyən insanın ən böyük xüsusiyyəti isə budur: O, hər kəsi öz yarasının içində yaşatmağa başlayır. Sən onu sevdikcə o uzaqlaşır. Sən anlayış göstərdikcə daha çox sərhəd aşır. Çünki daxilindəki boşluğu başqasının sevgisi ilə doldurmağa çalışır, amma heç nə kifayət etmir. Bəzən ən gözəl üzlərin arxasında insanı içindən yaralayan qaranlıq gizlənir. Bir qadın bir kişinin üzünə yox, yanında necə hiss etdiyinə aşiq olur əslində. Səsini eşidəndə sakitləşirsə, baxışlarında təhlükə yox hüzur görürsə, dünyanın ən yaralı adamını belə sevə bilər. Amma sağalmaq istəməyən insan sevgini də yaralayır. Sən onun həyatında yollarına düzülən bütün tikanları yığsan belə, o yenə qanayan tərəfini seçib, ayaqyalın tikanlı yolların üzərində yeriməyə davam edir. Çünki bəzi insanlar ağrılarını buraxmaq istəmir. Onlar yaralarını şəxsiyyətə çevirirlər. Və bir yerdən sonra anlayırsan ki, sən bir insanın həyatına işıq ola bilərsən, amma gözlərini qaranlığa yummaqda israr edən birinə günəş olsan da fayda etməz.

 Əslində isə insanlar sonradan dəyişmir. Sadəcə əvvəl göstərdikləri insan olmurlar. Çünki bəzi münasibətlərdə sevgi yox, təqdimat olur. İnsan öz xarakterini deyil, satmaq istədiyi obrazı göstərir. Qadın isə çox vaxt görünüşə yox, davranışa aşiq olur. Bəlkə də buna görə “Gözəl və Bədheybət” nağılı əsrlərlə yaşayır.

Çünki qadın üçün bir kişinin üzü yox, ruhu təhlükəsiz olmalıdır. Bir qadın qozbel, çirkin, kasıb bir kişini sevə bilər; əgər yanında özünü dəyərli hiss edirsə, əgər o kişi qadının ruhunu yaralamırsa, əgər sevgisi qadını azaltmırsa. Amma ən yaraşıqlı üz belə içindən yalan, diqqətsizlik, qəddarlıq çıxanda çirkinləşir. Çünki qadın bir kişinin sifətinə yox, davranışının içindəki insana bağlanır. Və zamanla ən çirkin görünən ruhların içindən belə incə bir sevgi çıxa bilir. Və insanın ən qorxulu tərəfi budur: Bəzən biz yad birinə aşiq olmuruq. Sadəcə bizə göstərilən obraza inanırıq.

Bəzən Bədheybət Qozbel olmur

Bəzən onun çiyinlərində görünən qozbel yoxdur. Üzü də gözəldir, danışığı da, gülüşü də... Amma insanın əsl siması həmişə güzgüdə görünmür. Bəzən bədheybət insanın qəlbində yaşayır. Vaxtilə sevdiyi bir qadının ona yaşatdığı xəyanətlər, alçaldılma və ya tərk edilmə hissi illərlə onun içində qalır. İllərlə özünü, sevgisini qarşısındakı bu şəxsə sübut etməyə çalışan şəxsin ağrıları sağalmadıqda xarakterinə çevrilir. Və bir gün qarşısına onu həqiqətən sevən bir qadın çıxdıqda belə kişi onu olduğu kimi görmür. O, keçmişinin kölgələri ilə danışır, keçmişinin yaraları ilə sevir, keçmişinin qəzəbi ilə davranır. Bəzən bir qadının vurduğu yara, başqa bir qadının taleyinə çevrilir. Sağalmamış insanlar çox vaxt sevgiyə tutunmurlar. Onlar sevgidən sarğı kimi istifadə edirlər. Və ən böyük haqsızlıq budur: Səni yaralayan insanla hesablaşa bilmədiyin üçün, səni sevən insanı cəzalandırmaq. Çünki heç kim, bir başqasının günahının cəzasını çəkmək üçün bu həyata gəlməyib. İnsan keçmişinin qurbanı ola bilər. Amma keçmişini bəhanə edib başqalarının həyatını zindana çevirdiyi anda, artıq qurban olmaqdan çıxır.

Bəzən Bədheybət sağaltmadığı yaralarını başqalarının qəlbində qanatmağa davam edən insandır. Uşaq olanda bizə Bədheybətin çirkin olduğu üçün tənha qaldığını öyrətdilər. Böyüyəndə isə anladıq ki, insanı tənha qoyan hər zaman görünüşü olmur. Bəzən insanın qəlbi üzündən daha çirkin olur. O, keçmişinin dağıntılarını başqalarının həyatına daşıyan, hər sevgini bir savaş meydanına çevirən, ona uzanan əli tutmaq əvəzinə yaralayan insandır. Və heç bir sevgi, sağalmaq istəməyən bir insanı xilas edə bilməz.

Məhluqə Nuraliyeva
Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək