Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm “Ermənilər azərbaycanlılarla yenidən dost ola bilə...
“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –
Gündəm

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” – Erməni jurnalistlə ÖZƏL MÜSAHİBƏ - VİDEO

Xpress.az Redaksiyası 12.11.2026 15:30

Alanyada keçirilən VI Qlobal Media Toplantısı çərçivəsində Xpress.az olaraq Ermənistan və Gürcüstan mediasının nümayəndəsi, “Georgia Press”in direktoru və “Argumenti Faktı” nəşrinin baş redaktoru Miranda Oqanezova ilə söhbətləşdik.

Müsahibədə Ermənistan və Gürcüstanda medianın vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, Qarabağ münaqişəsinin erməni cəmiyyətində yaratdığı izlər və xalqlar arasında barışığın mümkünlüyü barədə danışdıq.

Ermənistan əsilli jurnalist hesab edir ki, regionda sülhün bərqərar olması üçün siyasi rəhbərliklə yanaşı, medianın da üzərinə böyük məsuliyyət düşür. O, yaşanan ağrıların qısa müddətdə unudulmasının mümkün olmadığını desə də, xalqların gələcəkdə yenidən ortaq dil tapacağına ümid etdiyini bildirib.

– Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz.

– Mən Miranda Oqanezovayam. Gürcüstanda fəaliyyət göstərirəm. “Georgia Press”in direktoru və “Argumenti Faktı” nəşrinin baş redaktoruyam. Ermənistan əsilliyəm, amma hazırda Gürcüstanda yaşayıram və çalışıram.

– Ermənistan və Gürcüstan mediasının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, son illərdə həm Gürcüstanda, həm də Ermənistanda media daha müstəqil olub. Əlbəttə, jurnalistlər müxtəlif problemlərlə üzləşirlər. Amma əvvəlki dövrlə müqayisədə jurnalistlərin öz fikirlərini ifadə etmək imkanları daha genişdir. Medianın rolu çox vacibdir. Xüsusilə münaqişələrin həllində medianın üzərinə böyük məsuliyyət düşür.

– Azərbaycan və Ermənistan münasibətləri beynəlxalq arenada necə görünür?

– Tbilisidə fəaliyyət göstərən media nümayəndəsi kimi deyə bilərəm ki, son hadisələr kifayət qədər müsbət nəticələr göstərir. Ermənistan və Gürcüstan rəhbərlərinin fəal ünsiyyətini görürük. Bu, xalqların da bir-birinə yaxınlaşacağına ümid yaradır. Düşünürəm ki, münasibətlərin yaxşılaşması sadə insanların, adi vətəndaşların da maddi vəziyyətinə müsbət təsir göstərə bilər.

Biz başa düşməliyik ki, istənilən münaqişə gec-tez başa çatır. Bu münaqişələrin nəticələrini isə ilk növbədə sadə insanlar yaşayırlar. Düşünürəm ki, Ermənistan, Gürcüstan və Azərbaycan rəhbərləri regionda sülhün təmin olunması üçün əllərindən gələni edəcəklər.

– Sizcə, Ermənistanın gələcək nəsli Azərbaycanı düşmən kimi tanımağa davam edəcək, yoxsa bu münasibəti dəyişmək mümkündür?

– Hesab edirəm ki, bu, ən çətin suallardan biridir. Təbii ki, bu proses ağrısız keçməyəcək. Burada Ermənistan və Azərbaycan rəhbərliyinin, eləcə də Gürcüstanın üzərinə müəyyən məsuliyyət düşür. Yaxınlaşma prosesinin necə baş verəcəyi və qeyd etdiyiniz məsələlərin necə həll olunacağı çox vacibdir.

Biz anlamalıyıq ki, Ermənistan əhalisinin yaşadığı bir ağrı var. Xüsusilə itkilərlə bağlı hisslər bir gündə, bir saatda yoxa çıxmayacaq. Buna görə də məsələlərə çox ölçülü-biçili yanaşmaq, yüksək etik davranış nümayiş etdirmək lazımdır.

Bu məsələdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Ağrılı hadisələr necə işıqlandırılacaq, cəmiyyətə necə təqdim olunacaq – bunlar çox vacib məqamlardır. Təkcə Ermənistanda deyil, Tbilisidə yaşayan ermənilər də bu məsələlərə ağrılı yanaşırlar.

– Ermənistan cəmiyyətində Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşması istiqamətindəki siyasətinə münasibət necədir?

– İnsanların bu məsələyə münasibəti birmənalı deyil. Müxtəlif fikirlər var. Ermənistan əhalisinin bir hissəsi Paşinyanı tənqid edir, digər hissəsi isə dəstəkləyir. Amma nəzərə almalıyıq ki, Paşinyan bu gün Ermənistanın rəhbəridir. Deməli, əhalinin müəyyən hissəsi ona etibar edir. Bu prosesdə rəhbərliyin mövqeyi və atacağı addımlar mühüm əhəmiyyət daşıyır.

– Qarabağda yaşamış insanların gələcəyini necə görürsünüz?

– Mən çox arzulayıram ki, xalqlar əvvəlki kimi dostluq şəraitində yaşasınlar. Çünki bizim atalarımız, babalarımız da bu bölgədə yaşanan hadisələrdən, faciələrdən çox danışıb. Biz uzun illər həmin ağrıları dinləmişik və inanmıram ki, xalqlar yaşadıqlarını asanlıqla unutsunlar.

Həll olunmamış problemlər, insanların yaddaşında qalan ağır hadisələr var. Bütün bunlar zaman tələb edir. Ancaq mən düşünürəm ki, xalqlarımız qədimdən bəri birlikdə yaşayıblar və gələcəkdə də yenidən yaxınlaşa bilərlər.

İnsanların çox böyük itkiləri olub, faciələr yaşanıb. Bunların unudulması uzun müddət çəkəcək. Bununla belə, inanıram ki, xalqlarımız uzun müddət keçmədən ümumi dil tapa biləcəklər.

– Son olaraq, regionda sülhün gələcəyinə inanırsınızmı?

– Bəli, mən xalqların yenidən yaxınlaşacağına və ortaq dil tapacağına ümid edirəm. Əsas məsələ bu prosesə düzgün yanaşmaq, insanların ağrılarını nəzərə almaq və gələcək nəsillər üçün sülh şəraiti yaratmaqdır.

Xəyalə RƏİS
Xpres.az-ın baş redaktoru

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək