Ünal Üsteldən Azərbaycana QARDAŞLIQ MESAJI
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel COP31 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi mesajları yüksək qiymətləndirib.
Xpress.az xəbər verir ki, o, COP31-dəki çıxışı zamanı bildirib ki, Ərdoğan xüsusilə İsrail və Qəzzada baş verən hadisələrin ətraf mühitə vurduğu zərərə diqqət çəkib.
Ünal Üstelin sözlərinə görə, Türkiyə Prezidenti ətraf mühitin qorunması, su ehtiyatlarının dəyərinin bilinməsi, ətraf mühiti çirkləndirən yanacaqlardan tədricən imtina edilməsi və yaşıl enerjiyə keçidin sürətləndirilməsi ilə bağlı mühüm mesajlar verib.
ŞKTC Baş naziri qeyd edib ki, dünyaya birlik və bərabərlik mesajı verilməsi xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, ölkələr birgə fəaliyyət göstərməklə daha sağlam və təhlükəsiz dünya yarada, insanların xoşbəxt və firavan yaşamasına nail ola bilərlər.
Azərbaycan pavilyonunda da fikirlərini bölüşən Ünal Üstel ölkəmizə xüsusi münasibətini ifadə edib.
O bildirib ki, Azərbaycan Şimali Kipr üçün qardaş ölkədir və Azərbaycana səfər edərkən özlərini ikinci ünvanlarına gəlmiş kimi hiss edirlər.
“Can Azərbaycan bizim qardaş ölkəmizdir. Biz Azərbaycana gələndə ikinci ünvanımıza gəlirik. Biz orada yaşayanları da, bizdə yaşayanları da ortaq qəbul edirik. Onların bayramı bizim bayramımız, bizim bayramımız da Can Azərbaycanlı qardaşlarımızın bayramıdır”, – deyə Ünal Üstel vurğulayıb.
ŞKTC Baş naziri COP31 çərçivəsində Azərbaycan pavilyonunda olmaqdan böyük məmnunluq və qürur duyduğunu da bildirib.
Xpress.az