Milli Qurtuluş Günü: Müstəqil Azərbaycan Dövlətçiliyinin Xilas və İnkişaf Mərhələsi
XX əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyi istəməyən daxili və xarici qüvvələrin təzyiqləri ilə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı, eyni zamanda ölkə daxilində hakimiyyət uğrunda gedən siyasi çəkişmələr dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu.
1992-ci ildə AXC-Müsavat hakimiyyətinin formalaşması dövründə ölkədə siyasi və iqtisadi böhran daha da dərinləşdi. Dövlət idarəçiliyindəki zəiflik, qanunçuluğun pozulması və idarəetmə sisteminin yetərincə formalaşmaması nəticəsində qanunsuz silahlı dəstələr yarandı, regionlarda separatçılıq meyilləri gücləndi. Respublikada hərc-mərclik hökm sürür, vətəndaş qarşıdurması və qardaş qırğını təhlükəsi artırdı. Hakimiyyət isə baş verən hadisələrin qarşısını almaqda acizlik nümayiş etdirirdi.
Bu dövrdə xarici siyasətdə də ciddi uğursuzluqlar müşahidə olunurdu. Azərbaycan beynəlxalq aləmdə təcrid vəziyyətinə düşmüş, bir sıra dövlətlərlə siyasi və iqtisadi əlaqələr zəifləmışdi. Ölkədə hökm sürən anarxiya və özbaşınalıq iqtisadiyyatın iflic olmasına, Ermənistanın işğalçılıq siyasətinin daha da genişlənməsinə şərait yaratmışdı.
Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək, dövlət müstəqilliyini qoruyacaq güclü liderə ehtiyac duyurdu. Xalqın böyük əksəriyyəti bu missiyanı yerinə yetirə biləcək yeganə şəxsiyyət kimi Heydər Əliyevə inanırdı. Azərbaycan xalqının çağırışına cavab verən Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ona həvalə edildi. Bu tarix Azərbaycan xalqının taleyində dönüş nöqtəsinə çevrildi və sonradan Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. 1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyun rəsmi bayram elan edildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpasına, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə və dövlət institutlarının gücləndirilməsinə başlanıldı. Qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. İlk parlament seçkiləri keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, çoxpartiyalı siyasi sistem formalaşdırıldı.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, ölkənin dünya birliyinə inteqrasiyası sürətləndi. Qarabağ müharibəsində atəşkəsə nail olunması iqtisadi inkişaf üçün əlverişli şərait yaratdı. Neft strategiyasının uğurla həyata keçirilməsi və beynəlxalq enerji müqavilələrinin imzalanması ölkənin davamlı iqtisadi inkişafının əsasını qoydu.
Heydər Əliyev güclü dövlətin əsas dayaqlarından biri olan milli ordunun formalaşdırılmasına xüsusi diqqət yetirirdi. Onun müəyyən etdiyi strateji inkişaf xətti sonrakı illərdə Azərbaycan Ordusunun güclənməsinə və müasir hərbi potensialının formalaşmasına imkan verdi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazandı və ərazi bütövlüyümüzün bərpasına nail oldu.
Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin siyasəti uğurla davam etdirərək ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə və milli maraqlarımızın təmin olunmasına xidmət edən mühüm nailiyyətlərə imza atmışdır.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və müasir inkişaf yolunun başlanğıcı kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor