Taksi qiymətləri bu səbəbdən BAHALAŞIB
Son dövrlərdə taksi qiymətlərinin bahalaşması əhali arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı İqtisadçı-ekspert Asif İbrahimov Xpress.az-a açıqlama verib.
"Qiymət artımının əsas səbəbi maya dəyərinin yüksəlməsidir.
Yanacaq, texniki xidmət, ehtiyat hissələri və sığorta xərclərinin artması, həmçinin avtomobillərin idxaldan asılılığı və valyuta dəyişiklikləri taksi xidmətlərinin qiymətlərinə birbaşa təsir göstərir,"-deyə o bildirib.
Ekspert qeyd edib ki, yeni tələblər və standartlar (sertifikatlaşdırma, texniki və ekoloji normalar) bazarda sürücü və avtomobillərin sayının azalmasına səbəb olur. Təklifin azalması isə qiymətlərin artımına gətirib çıxarır.
Asif İbrahimov tıxac problemini də əsas amillərdən biri kimi qeyd edib. Onun fikrincə, Bakıda iqtisadi və sosial fəaliyyətin mərkəzləşməsi yolların yüklənməsinə, vaxt itkisinin artmasına və nəticədə xidmətin maya dəyərinin yüksəlməsinə gətirib çıxardır.
İqtisadçı bildirib ki, bahalaşma fonunda taksidən daha çox zəruri hallarla istifadə oluna bilər.
Həmçinin bazarda keyfiyyətli xidmət göstərən operatorların sayının artması da gözlənilir.
"Taksi qiymətlərinin artması xidmət sektorunda inflyasiya təzyiqlərini gücləndirir və əhalinin gündəlik nəqliyyat xərclərini artırır.
Problemin həlli yalnız taksi sektorunda deyil, ümumi nəqliyyat sistemində və regionların inkişafında axtarılmalıdır. Regionlarda iş, təhsil və səhiyyə imkanlarının genişləndirilməsi paytaxta sıxlığı azaldaraq həm tıxaclara, həm də qiymətlərə müsbət təsir göstərə bilər,"-deyə Asif İbrahimov fikirini tamamlayıb.
Afaq Qurbanzadə